Siyasi teatrda söyüşlü dava, yaxud dəyişməyən mahiyyət
Bizi izləyin

Nida Təhlil

Siyasi teatrda söyüşlü dava, yaxud dəyişməyən mahiyyət

- Tərbiyən olsun, a gədə
- Tərbiyəsiz sənsən, a biqeyrət, bu saat durub səni əzəcəm
- .......... (söyüş)
- .......... (söyüş)

Mərəkə qopur, dava düşür, xeyr, bu, hansısa dram teatrında aktyorların oynadığı səhnə deyil, heç sosial şəbəkələrdə “18+” xəbərdarlığı ilə paylaşılan videoçarxlar da deyil. Bu, illərdir müxalifət cameəsində kürsüləri zəbt edənlərin siyasi teatrda oynadığı real səhnələrdir.

Azərbaycan Xalq Hərəkatının aprelin 1-də keçirilən iclasında yaşananlar 1990-cı illərdə AXC-Müsavat hakimiyyəti vaxtı ölkəni idarə edənlərin parlamentə qədər sıçrayan davalarının 25 il sonra yenidən təkrarlandığını və iki onillikdən artıq vaxtın keçməsinə baxmayaraq, mahiyyətlərinin dəyişmədiyini göstərdi.

İclasda sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qaldırır, AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə səs verirlər. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılır. Ardınca Həmidov Tural Abbaslının da idarə heyətindən çıxarılmasını təklif edir, onun bu təklifi qəbul olunmasa da, ciddi qarşıdurma ilə nəticələnib.

Doğrudan da əsl tamaşa idi.

İ.Həmidov: Tural çıxarılsın.
T. Abbaslı: Sizə töhmət veriləcək, təşkilatlanma adına bir sənəd belə ortada yoxdur.
İ.Həmidov: Dedim ki, Tural çıxarılsın.
T.Abbasov: Çıxarın, görüm necə çıxarırsınız.

Bu vaxt kənardan bir nəfər T.Abbaslıya hücum çəkir.

T.Abbaslı: İsgəndər bəy, sizə bu lazım idi. Siz qeyri-səmimi adamsınız.
İ.Həmidov: Sən qeyri-səmimi adamsan.

Kənarda özünü Qarabağ veteranlarının nümayəndəsi kimi təqdim edən adam mübahisəyə müdaxilə edir və iddia edir ki, veteranlar İsgəndər Həmidovu dəstəkləyir. Yerdən alqış səsləsi eşidilir. Daha sonra o, qışqıraraq, T.Abbaslıya “danışığına fikir ver, sən “cənab generalla” (İ.Həmidovu nəzərdə tutur-red) necə danışırsan”.

Onu zaldan çıxarmaq istəyəndə “Yaşasın Azərbaycan Xalq Hərəkatı”, “Yaşasın İsgəndər Həmidov” şüarları səsləndirir.

Ara qarışıq, T.Abbaslı İ.Həmidova bildirir ki, “Pozuculuq edirsiniz”, daha sonra qeyd edir ki, “İsgəndər Həmidov bir həftədir bu bazara hazırlaşır”.

İ.Həmidov da “Yaxşı eləyirəm” deyə cavab verir.

İ.Həmidov: Dedim, gənclər təşkilatının sədri ol, olmadın.
T.Abbaslı: Niyə olmalıyam, sizin tapşırığınızla oturub-durmalıyıq?

T.Abbaslı sənədləri Həmidovun önünə qoyur və ondan hesabat tələb e dir, bu vaxt Həmidov Abbasova hücum çəkərək, onu vurmağa cəhd edir, araya girənlər olur, iclas qarışır.

Və pərdə enmir, əksinə iclasda sözün əsl mənasında söyüşlü, qışqırıqlı dava başlayır. Daha sonra İ.Həmidovu tərifləməyə başlayanda kənarda əyləşənlərdən birinin “bəy, biz də onu deyirik də” sözləri Qazıyevi özündən çıxarır.

- Otur yerinə, məni məcbur etməyin.
- Sizi vaxtilə müdafiə etmişəm, amma səhv etmişəm.
- Tərbiyən olsun, a gədə.
- Tərbiyəsiz də özünsən, səviyyəsiz də. A biqeyrət, bu saat durub əzəcəm səni.
- Əzməyənin ......... (Söyüş)
- ................. (Söyüş)


Qazıyevi söyəni iclasdan çıxarırlar, amma birinci də onun ardınca çıxır və mübahisə bayırda davam edir. İclasın davam etdirilməsi haqqında fikirlər səsləndirilsə də, “zalda ağız deyəni qulaq eşitmir”.

Hamı danışır, hamı məsləhət verir, hamı qışqırır, hamı.... Və bu, müxalifət cameəsindəki mənzərəni açıq şəkildə ortaya qoyur: “küçə söyüşləri” ilə mübahisə, bir-birinin üzərinə hücum etmək, kənardan “əzərəm səni” kimi hədələr, havada uçuşan təhqirlər... İllər keçsə də, mahiyyət dəyişməyib.

Bu iclas həm də hər bir vətəndaşın fərdi şüurunda dəhşətlə qarşıladığı bir sualı gündəmə gətirdi: 25 il öncəki mahiyyətlərini dəyişməyən bu qüvvələr Azərbaycanı idarə edərsə, nələr olar? Cavab aydındır: Azərbaycan boyda teatr...

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm