Azərbaycan mediasına dövlət tərəfindən çox ciddi qayğı var - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Azərbaycan mediasına dövlət tərəfindən çox ciddi qayğı var - DEPUTAT

“Arzum budur ki, Azərbaycan mediası hər zaman sağlam cəmiyyətin formalaşmasına, müstəqil Azərbaycanın iqtidarına, cənab Prezident İlham Əliyevə öz sədaqətini qorusun”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları, Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva Azərbaycan Milli Mətbuatının 144 yaşı münasibətilə jurnalistləri təbrik edərkən səsləndirib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan mediası cəmiyyətimizdə xüsusi rola malikdir: “Birmənalı şəkildə deyə bilərəm ki, mediamız ölkədə ictimai-siyasi proseslərin istiqamətləndirilməsinə, ümumilikdə, proseslərə, sosial hadisələrə rəy bildirmək, müzakirəyə çıxarmaq, onları həll etmək iqtidarındadır. Arzum budur ki, Azərbaycan mediası hər zaman sağlam cəmiyyətin formalaşmasına, müstəqil Azərbaycanın iqtidarına, cənab Prezident İlham Əliyevə öz sədaqətini qorusun. Ona görə ki, məhz Azərbaycan Prezidentinin səyləri nəticəsində ölkəmiz müstəqil şəkildə yaşayır, öz yolunu davam etdirir. İnanıram ki, hər bir vətəndaşımız kimi jurnalistlərimiz də ölkəmizin böyüməsində, çiçəklənməsində maraqlıdırlar. Diləyirəm ki, mediamız hər zaman doğru, səhih informasiya ötürmək üçün çalışsın”.

Millət vəkili qeyd edib ki, Azərbaycan mediası kifayət qədər peşəkardır və kifayət qədər inkişaf edib: “Bununla da cəmiyyətdə özünəməxsus yer alıb. Çox istərdim ki, bu peşəkarlıq artan xətt üzrə davam etsin. Çox istərdim ki, Azərbaycanın media orqanları CNN, BBC kimi dünyaca məşhur agentliklər səviyyəsinə qalxsın. Dünyada istinad edilən informasiya mənbəyinə çevrilsin. Ona görə ki, informasiya müharibəsindəki taleyimiz bizim mediamızdan asılıdır. Jurnalistlərimizin peşəkarlığı nə qədər yüksəkdirsə, bu müharibədə uğur qazanmaq şanslarımız da o qədər çoxdur. Çünki bu gün bütün cəmiyyətlər ənənəvi müharibələrdən informasiya mübarizəsinə keçid edib. Bu mübarizənin də məğzində o durur ki, ölkədə baş verən hadisələr şübhə altına salınsın, ordu ilə xalq arasında nizamsızlıq yaradılsın. Ümidsizlik baş qaldırsın. Ölkənin sağlam düşüncəsinə zərbə vurulsun. Əlbəttə ki, bu, digər maraqlı dairələr tərəfindən həyata keçirilir. Bu cəhdlərin öhdəsindən gəlmək üçün medianın dəstəyinə ehtiyacımız var. Buna görə də jurnalistlərimizə həm mənəvi, həm də fiziki baxımdan sağlam, güclü, peşəkar olmağı arzu edirəm. Biz onlara arxalanırıq. Çünki bizim də səsimiz, gücümüz, fikirlərimiz onlara bağlıdır”.

Sona Əliyeva vurğulayıb ki, Azərbaycan mediasına dövlət tərəfindən çox ciddi qayğı var: “Biz buna hər il jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər çərçivəsində şahid oluruq. Lakin bu qayğını ölkədə fəaliyyət göstərən digər sturkturlardan və sektorlardan da görmək istəyirik. İş adamları, biznesmenlər mediaya diqqətlərini yüksəltməlidirlər. Media işçiləri yaxşı yaşamalıdır. Çünki bu amil onların vəzifələrini layiqincə yerinə yetirməsinə birbaşa təsir edir. Sonda Milli Mətbuatın 144 illiyi münasibətilə bütün media mənsublarını təbrik edir, onlara can sağlığı, uğurlu peşə fəaliyyəti arzu edirəm”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm