Hüseynzadənin şəxsi qisas planı: Gəncə terroru haqda yeni faktlar
Bizi izləyin

Nida Təhlil

Hüseynzadənin şəxsi qisas planı: Gəncə terroru haqda yeni faktlar

Ötən ilin iyulunda Gəncədə İranın radikal dini dairələrinə bağlı olan “Hüseyniyyun” qruplaşmasının həyata keçirdiyi terror aktı Azərbaycan dövlətinə qarşı sui-qəsd planı idi və hədəfdə “Gəncə keçidi”nin qarşısını almaqdan tutmuş, ölkənin stabilliyinin pozulmasına, hətta parçalanmasına qədər gedib çıxacaq oyunların gerçəkləşdirilməsi var idi. Ortaya çıxan yeni faktlar isə “Gəncə hücumu”nun həm də şəxsi qisas zəminində törədildiyini, “nur-az.com” saytının və eyniadlı Feysbuk səhifəsinin rəhbəri İsgəndər Hüseynzadənin bununla Azərbaycandan öz kürəkənin intiqamını almaq istədiyini göstərir.

İsgəndər Hüseynzadə 1966-cı ilin 27 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1996-cı ildə ailəsi ilə birlikdə İranın Qum şəhərinə köçüb. 2008-ci ildə onun haqqında “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi açılıb. Həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. O, Qumda fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin rəhbəridir. “Nur-az.com” saytı da bu müəssisənin media orqanı olaraq fəaliyyət göstərir. Bu saytda və eyni adlı Feysbuk səhifəsində mütəmadi olaraq Azərbaycan dövlətinin əleyhinə informasiyalar tirajlanır.

İ.Hüseynzadə keçmiş Azərbaycan vətəndaşı Tohid İbrahimbəyli tərəfindən yaradılan və Qumda təhsil alan azərbaycanlı tələbələrin təmsil olunduğu “Hüseyniyyun” (Hüseyniçilər) qruplaşmasının əsas rəhbərlərindən və Gəncə terrorunun təşkilatçılarındandır. Cəlilabad rayonundan olan kürəkəni Şamxal Eyvazov da Qumda təhsil alıb, İranın dini dairələrinə bağlı olan “sizinyol” saytında çalışıb, əsas işi Azərbaycanda qayınatasının istəyinə uyğun dini təbliğat aparmaq olub. 2018-ci ilin martında Qumdan Azərbaycana qayıdıb, apreldə həbs olunub.

İ.Hüseynzadə məhz kürəkəninin həbsinin qisasını almaq üçün Gəncə hücumunu planlaşdırmağa başlayıb. Əvvəlcə bütün əlaqələrini işə salaraq, İranda bağlı olduğu dairələrdən Gəncə terroru üçün icazə alıb. Sonra Tohid İbrahimbəyli ilə plan üzərində işləyiblər. Əslində “Gəncə terroru” planı İ.Hüseynzadənin bağlı olduğu dairələr tərəfindən əvvəldən mövcud olub, bunun üçün Yunis Səfərov və digər azərbaycanlıları Suriyaya göndərilib. Məqsəd həm Suriyada İran qruplarına dəstək vermək, həm də təcrübə keçmək, zamanı gələndə, bu təcrübəni Azərbaycanda tətbiq etmək, onların vasitəsilə Azərbaycandakı radikalları silahalandırmaq idi. Kürəkəni həbs ediləndən sonra isə İ.Hüseynzadə planın tətbiqi üçün tələsik şəkildə bağlı olduğu dairələrdən icazə alıb və hücuma hazırlıq başlanıb.

Plan iki mərhələdən ibarət olub:

Birinci mərhələ: Yunis Səfərov Gəncə icra hakimiyyətinin başçısını güllələyəcək, lakin qaçmayacaq və bununla sonradan onun həm “qəhrəmanlaşdırılması”, həm də “etiraz aksiyası” adı altında təxribatlar yaradılmasına zəmin yaranacaq.

İkinci mərhələ: Həbsdə olan Y.Səfərovun azad olunması üçün kampaniya başlanacaq və kütləvi etirazlar təşkil olunacaq, “Hüseyniyyun” qruplaşmasının digər üzvləri isə yaranacaq xaosdan istifadə edərək, ölkəni “qan gölünə” çevrilməsinə hesablanmış təxribatlarını həyata keçirəcəklər.

2018-ci ilin 3 iyulunda birinci mərhələ həyata keçirildi. Yunis Səfərov Gəncə merinə hücum etdi və hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. İkinci mərhələdə isə İ.Hüseynzadə Y.Səfərovun həyat yoldaşının səs yazısını “nur-az.com” səhifəsində paylaşdı, hücumu həyata keçirən terrorçunun “din uğrunda döyüşdüyü” təbliğatı aparıldı, qarşıdurmanı qızışdırmaq üçün “Hüseyniyyun” qruplaşmasının üzvü Orxan Məmmədov, həmçinin, “Baba Pünhan”, “Bermeki mutteqi” kimi səhifələr hərəkətə keçdi və iyulun 10-da Səfərovun müdafiəsi üçün aksiya keçirildi, kütlənin arasına qarışmış “Hüseyniyyun” qruplaşmasının üzvləri isə polis zabitlərini qətlə yetirdi. Məqsəd qarşıdurmanı daha da şiddətləndirmək, silahlı toqquşmaların başlanmasını təmin etmək idi.

Lakin bu təxribatlar baş tutmadı və dövlət milli təhlükəsizliyə qarşı sui-qəsd planlarının qarşısını aldı. Vaxtilə Y.Səfərovla birgə Suriyada döyüşən “Hüseyniyyun” qruplaşmasının digər üzvləri həbs olundu və zərərsizləşdirildi.

Məlumatlara görə, planın baş tutmaması üçün İ.Hüseynzadə İranda ciddi narazılıqla qarşılanıb. Buna səbəb onun məsələyə qisas zəminində yanaşması və kürəkəninin həbsindən dərhal sonra tələsik hərəkətə keçməsidir. Hadisədən sonra İranın dini dairələrinə bağlı qruplar, o cümlədən, “Ocaq Nejat” tərəfdarları tərəfindən hücumun dəstəklənməməsinin səbəbi də məhz İ.Hüseynzadənin “qisas planı” olub. Hazırda “Ocaq Nejat” dəstəsi ilə “Hüseyniyyun” arasında qarşıdurma davam edir və İ.Hüseynzadənin uğursuz “qisas planı”na görə “Hüseyniyyun” qruplaşmasının mövqeləri zəifləyib. Gəncə hadisələrinin ildönümü ərəfəsində “Hüseyniyyun”un aktivləşməsi, “nur-az.com” səhifəsində anti-Azərbaycan kampaniyasının daha da güclənməsinin səbəbi də qruplaşmanın əvvəlki mövqelərini bərpa etmək istəklərindən irəli gəlir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm