Qubad İbadoğlu ABŞ-dan hansı xüsusi missiya ilə qayıdıb?
Bizi izləyin

Nida Təhlil

Qubad İbadoğlu ABŞ-dan hansı xüsusi missiya ilə qayıdıb?

Son günlər ABŞ-dan Azərbaycana qayıdan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlunun siyasi dairələrdə keçirdiyi görüşlər barədə KİV-də məlumatlar getməkdədir. İbadoğlu iyulun 20-də REAL sədri İlqar Məmmədovla görüşüb və yayılan məlumatda bu kimi təmasların davam edəcəyinin anonsu verilib. Dünən AXCP sədri Əli Kərimli ilə görüşən Qubad bəy belə bir məlumat yayıb ki, “AXCP sədri ilə hazırkı ictimai-siyasi və sosial-iqtisadi durumu dəyərləndirib, gözlənilən ssenarilər ətrafında fikir mübadiləsi apardıq”. Bu gün isə ADR sədri keçmiş səhiyyə naziri Əli İnsanovla bir araya gəlib. Yayılan xəbərdə bildilib ki, “Əli müəllimlə görüş maraqlı oldu, onunla keçmişdən deyil, bu günün gerçəkliklərdən, sabahın perspektivlərindən doyunca söhbətləşdik”.

Təbii ki, Q.İbadoğlunun keçirdiyi görüşlərlə bağlı müxtəlif mülahizələr irəli sürmək olar. Məsələn, məlumdur ki, Müsavat partiyasından ayrıldıqdan sonra ADR siyasi güc olmaq yolunda o qədər də uğur əldə etmədi və mümkündür ki, hərəkatın rəhbəri müxalifətdəki siyasi qüvvələrdən bu və ya digər formada dəstək axtarışına çıxıb. Hərçənd, proseslərin inkişafı və diqqətçəkən nüanslar ortada “siyasi güc” toplamaq yox, daha dərin nəsnələrin olduğuna işarə edir.

ADR sədri Müsavatla “siyasi müharibə”ni başa çatdırmamış ABŞ-a köçdü. Hazırda Rutgers Universitetində çalışır və ilin çox hissəsini okeanın o tayında keçirir. Bu universitet təhsillə yanaşı, ABŞ dövlətinin tədqiqat mərkəzlərindən biri sayılır və dünya ölkələri ilə bağlı araşdırmalar aparır. Müşahidələrimizə əsasən deyə bilərik ki, son bir ildə Q.İbadoğlunun Azərbaycanda iqtidara qarşı əvvəlki “loyal” münasibətindən əsər-əlamət qalmayıb. ADR sədri bütün gücünü Azərbaycandakı sosial-iqtisadi durumu “təhlil” etməyə və vəziyyəti mümkün qədər neqativ fonda təqdim etməyə yönəldib. Prezident İlham Əliyevin imzaladığı əhəmiyyətli fərman və sərəncamlar, dövlət orqanlarının verdiyi məlumatlar, sosial və iqtisadi sferaya aid istənilən məsələ barədə qısa şərhlər verir və durumun “bərbad” olduğunu, Azərbaycanı sosial-iqtisadi “kollaps” gözlədiyini isbat etməyə çalışır. Sübut etmək istəyir ki, ölkədə həyata keçirilən siyasət imitasiya xarakteri daşıyır və bu gedişlə Azərbaycanı yaxşı heç nə gözləmir. Maraqlı məqam da ondan ibarətdir ki, Q.İbadoğlunun ortaya atdığı iddialar sonrakı mərhələdə hakimiyyətə qarşı radikal mövqedə dayanan siyasi qruplar və şəxslər tərəfindən tirajlanır və şərh edilir. Görünən odur ki, ortada yaxşı təşkil olunmuş bir mexanizm mövcuddur: ölkədə az-çox tanınan iqtisadçılardan olan Q.İbadoğlu radikalllara hakimiyyətin üzərinə getmək üçün əsas yaradır və həmin qruplar da bundan yararlanırlar. Təbii, onun bir çox iddiaları ilə bağlı ölkə mətubatında açıqlamalar verilib və ortaya atılan stasistikanın yalan olduğu, irəli sürülən proqnozların isə manipulyasiya xarakteri daşıdığı dəfələrlə isbat edilib.

Çox böyük ehtimal ki, Q.İbadoğlunun ABŞ-da belə asanlıqla yerləşməsinin əsas səbəbi də məhz bu amillə bağlıdır. Onun Azərbaycanı daim hədəfdə saxlayan qüvvələrlə işbirliyində olduğu, xaricdəki yaşayışının, işinin məhz bu dairələr tərəfindən təmin edildiyi, əvəzində isə sosial-iqtisadi sahədə Azərbaycana qarşı təxribatçı fəaliyyət göstərdiyini demək olar. Bu isə bizə Q.İbadoğlunun Azərbaycana gəldikdən sonra keçirdiyi görüşlərin başlıca məqsədi barədə müəyyən fikir irəli sürməyə əsas yaradır. AXCP və REAL iqtidara qarşı barışmaz mövqedə dayanıblar və hakimiyyətə iddialarını ortaya qoyublar. Əli İnsanov isə regionçuluq faktoruna əsaslanan siyasi xətt yürütməyə çalışır və yaxşı maliyyə imkanlarına malikdir. Qubad İbadoğlu onlarla görüşərək bu siyasi qruplar arasında təmas nöqtəsi axtarır və onları yaxınlaşdırmağın, bir cəbhədə birləşdirməyin və hakimiyyətə qarşı vahid mövqedən çıxışının mümkünlüyünü araşdırır.

Söz yox ki, bu, İbadoğlunun öz təşəbbüsü deyil, Azərbaycanda ictimai-siyasi vəziyyətə təsir mexanizmi formalaşdırmaq istəyən xarici anti-Azərbaycan dairələrin tapşırığı ilə həyata keçirilən missiyadır.

Beləliklə, Q.İbadoğlu bu görüşlərdən sonra hansı nəticəni hasil edəcək və öz rəhbərliyinə nəyi məruzə edəcək?

Hər kəsə bəllidir ki, REAL, AXCP və Əli İnsanov bir-birinə tamamilə zidd mövqedə dayanan siyasi qruplardır. REAL seçkiyə getməyi təklif edir, AXCP isə daha radikal mövqe nümayiş etdirir, sözdə dinc mübarizə tərəfdarı olduğunu bəyan etsə də faktiki olaraq ölkədə “inqilabi” şərait hazırlamaq yolunu tutub. Üstəlik, bu iki siyasi qrup arasında xarici dairələrin gözündə “ana müxalifət” imici uğrunma mübarizə gedir. Bir müddət əvvəl REAL-çılarla cəbhəçilər arasında sosial şəbəkələrdə gedən və təhqirə kimi yüksələn polemikanın əsas səbəbi də budur. Əli İnsanov isə həbsdən çıxandan sonra “təkbaşına güc” olmaq ambisiyalarını ortaya qoydu və bildirdi ki, digər siyasi qrupların onun “çətiri” altında birləşməsi də mümkündür.

Ciddi siyasi dairələrin dəstəyi və güclü maliyyə axını bu qrupları müvəqqəti də olsa bir araya gətirə bilər. Lakin müstəqillik tariximizdə müxalifəti vahid cəbhədə birləşdirmək cəhdləri dəfələrlə sınaqdan çıxarılıb və sonda parçalanma, orada təmsil olunanların ciddi qarşıdurması ilə nəticələnib. Söz yox ki, Əli Kərimli, İlqar Məmmədov və Əli İnsanov kimi ambisioz şəxsləri bir çətir altında birləşdirmək ideyası da reallıqdan uzaq bir layihədir.

Bütün bunlara əsaslanaraq demək olar ki, İbadoğlu ABŞ-a əli ətəyindən gödək qayıdacaq və “xozeynlərini” başa salacaq ki, Azərbaycanda rəngli inqilabların sınaqdan çıxarıldığı poliqonların aqibətini təkrarlatmaq ehtimalı yoxdur. Amma bizim müxalifətin xarakterini və xislətini, pula hərisliyini nəzərə alsaq, o da mümkündür ki, İbadoğlu və onun təmasda olduğu şəxslər yeni görüntü yaradıb yaxşıca para qazansınlar.

Bu missiya, olsa, yaxşı biznes layihəsidir və Sorosun mənsub olduğu, ya da onun kimi digər maraqlı dairələrin yaxşı tərləməsi, lakin əliboş qalması ilə nəticələnə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm