Uşaq pulu bərpa oluna bilməz - Mir Şahin
Bizi izləyin

Nida Təhlil

Uşaq pulu bərpa oluna bilməz - Mir Şahin

Uşaqlar üçün verilən müavinətin bərpası mövzusunda danışmaq istəyirəm. Bu müavinət bərpa oluna bilməz.

Publika.az xəbər verir ki, bunu tanınmış jurnalist Mir Şahin “Mir Şahin vaxtı” analitik proqramındakı şərhində deyib. Mir Şahin qeyd edib ki, bunun səbəbləri var:

“Əvvəla gəlin xatırlayaq ki, bu gün “uşaq pulu” kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırıldı. Bu baş verdi 2006-ci il iyun ayının 1-də. Müavinatın ləğvi ünvanlı sosial yardımın tətbiq olunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlıydı. Uşaq pulunun bərpasını tələb edənlər sosial yardımın da bərpa olunmasına hazır olarlarmı? Yox əlbəttə.

İkincisi, uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlı olsunlar. Bu gün o problem də yoxdur. Bu günlərdə biz 10 mlyonuncu insanımızı qarşıladıq və ondan sonra doğulanlar da valideynlərinin əlində-ovcunda qalsınlar. Təbriklər! Bir başqa tərəfdən, dövlət vətəndaşının qayğısına yəqin ki, uşaq, yeniyetmə, ahıl, qoca, daha qoca və lap qoca kimi qeyri-rəsmi prinsiplərə əsaslanaraq qalmamalıdır. Dövlət ünvanlılıq prinsipilə münasibət qurur. Məsələn, bu il ərzində minimum əmək haqqı və minimum pensiya məbləği kəskin artırılıb. Yəqin ki, bu məbləğ daxil olduğu mənzildə uşaq bezinə də, yaşlı protezinə də eyni dərəcədə şamil edilməlidir. Burada isə məsələ pulu alan şəxsin əlində öz həllini tapmalıdır. Yoxsa belə çıxır ki, bir ailədə müəllim öz maaşını özünə, onun həkim xanımı özünə sərf etdiyi kimi, ayrıca uşaq maaşı da uşağa sərf edilməlidir. Absurd və iqtisadi diversantların zəhərli təfəkkürünə uyğun məntiq!”

Jurnalist qeyd edib ki, onsuz da dövlət əhalinin maddi rifahının yüksəlməsi üçün üzərinə böyük sosial yük götürüb və hər bir məsələni köklü şəkildə həll etmək niyyəti nümayiş etdirir. Dövlət əlavə resursları təhsilə, elmə, əhalinin sağlamlığının qorunmasına yönəltməlidir. Dövlət üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritetdir:

“Bu formada təkliflər verilərkən maliyyə yükü bir ciddi amil kimi nəzərə alınmalıdır. Hökumət bütövlükdə ailələrin sosial müdafiəsində ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları kimi tədbirlərə üstünlük verir ki, bu da yekunda məsələnin köklü həllinə gətirib çıxarır”.

Mir Şahin qeyd edib ki, bir az da dərinə getsək, bizdə uşaq pulunun verildiyini müşahidə edərik:

“Bayaq dedik ki, uşaq pulu dediyimiz o uşaqlar üçün müavinətlər 2006-cı ildə dayandırılıb və elə həmin ildən də ölkədə ünvanlı dövlət sosial yardım sistemi tətbiq olunur.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə aztəminatlı ailələrə qanunla müəyyən olunmuş müddətə aylıq sosial yardımların ödənilməsinə başlanıldı.

Bununla da aztəminatlı ailələrdəki uşaqlar daha effektiv sosial müdafiə ilə əhatə olundular. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir.

Bundan başqa, bu gün Azərbaycanda sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var. Bunların sırasında yer alan bəzi müavinət növlərini sadalamaq yerinə düşər:

* sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aylıq sosial müavinət;

* şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət;

* beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət;

* müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət,

* Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət;

* valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət;

* aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət;

Qeyd olunanlarla yanaşı birdəfəlik müavinət də ödənilir ki, bura:

- yeni doğulan uşaqlara görə;

- Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə)

daxildir.

Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini isbatlayan digər faktlar da var:

Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır.

Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər.

Sığorta olunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.

Bu il Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial paketin içərisində uşaqlara yönələn müavinətlərin artımı da yer alıb.

Belə ki, aprelin 1-dən:

* Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb;

* Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib;

* Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 * manatdan 55 manata çatdırılıb;

* Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata çatdırılıb;

* Uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 * manatdan 100 manata çatdırılıb;

* Ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata çatdırılıb;

* Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm