“Şimal-Cənub” dəhlizi: Azərbaycanın qlobal layihələrə növbəti töhfəsi
Bizi izləyin

Nida Təhlil

“Şimal-Cənub” dəhlizi: Azərbaycanın qlobal layihələrə növbəti töhfəsi

ABŞ-İran, ABŞ-Rusiya, o cümlədən, Rusiya və Çinin timsalında Şərq cəbhəsinin Qərb cəbhəsi ilə mübarizəsi və bütün bu qarmaqarışıq situasiyada baş verənlər Azərbaycanın iştirakçısı olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin keçəcəyi regionda da rəqabəti kəskinləşdirib. Bu mənzərə layihənin həyata vəsiqə almasını ləngitsə də, həm ABŞ, həm Avropanın aparıcı dövlətləri, həm Rusiya və regionun digər ölkələri ilə eyni məsafədən münasibət quran və uğurlu xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etmək istiqamətində inamla addımlayır.

Azərbaycan bir sıra qlobal layihənin həyata vəsiqə almasında lokomotiv olduğu kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin də reallaşmasında öz missiyasını həyata keçirir. Bu siyasətin əsas məqsədi Azərbaycanın milli maraqları çərçivəsində siyasi və iqtisadi dividendlər əldə etmək və qlobal sülhə töhfə verməkdir. “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsinin həyata keçirilməsində Azərbaycanın oynadığı rol da bunun daha bir nümunəsidir.

Bu layihə 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradıldı. Dəhliz vasitəsilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.

Dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir və Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacağı proqnozlaşdırılır.

2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib: İran sərhədinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib; İran prezidenti Həsən Ruhaninin 2018-ci ilin martında Azərbaycana səfəri zamanı Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb; Azərbaycan Qəzvin-Rəşt-Astara(İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır və yolun Rəşt-Astara hissəsinin tikintisinə 500 milyon dollar güzəştli kreditin ayrılması ilə bağlı qərar qəbul olunub;

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisinə düşən hissəsi istismara hazırdır. Bu layihə təkcə Azərbaycan və İranın deyil, eləcə də ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutunun yaradılması planlaşdırılır.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi “Latviya Dəmir Yolları” QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir. Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə “Şimal-Cənub” dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır.

“Şimal-Cənub” dəhlizi ilə yanaşı, Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi də ölkəmizi qlobal nəqliyyat şəbəkəsinin mərkəzinə çevirir. Bu, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivlərinin olduğunu göstərir. İranla dəmir yolu xəttinin inkişafı “Şimal-Cənub” dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək.

“Şimal-Cənub” layihəsi Avrasiyada 3 milyard əhalini əhatə edən, dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyənləşdirəcəyini hesab olunan “Bir kəmər, bir yol” layihəsində xüsusi paya sahibdir. Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması, ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb. Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirəcək.

Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan lazımi infrastruktur layihəsini həyata keçirib və bunun siyasi-iqtisadi dividendləri əldə olunacaq.

Azərbaycan yükdaşımalardan iqtisadi qazanc əldə edəcək. Belə ki, həm Rusiya və İran bazarlarına asan çıxış əldə olunacaq, həm bu ölkələrin mallarının Avropaya daşınmasından gəlirlər əldə olunacaq, həm də Uzaq Şərqlə Avropanın arasında əsas nəqliyyat “hub”u olacaq. Bununla yanaşı, “Şimal-Cənub” dəhlizi “Bir kəmər – bir yol” layihəsinin “Orta Dəhliz” adlandırılan hissəsinə daxildir. Proqnozlara görə, “Orta Dəhliz”ə 8 trilyon dollara qədər investisiya yatırılacaq. Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bu ilkin proqnozlaşdırılan rəqəmlərdir. Gələcəkdə Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasında da Azərbaycan əsas tranzit xətt rolunu oynaya bilər. Bu layihədə əsas açar ölkələrdən biri olması Azərbaycanla dünya iqtisadiyyatının nəhənglərindən olan Çin arasında ticarət əlaqələrini da genişləndirəcək.

Uzaq Şərqlə Qərbi Avropanı birləşdirən nəqliyyat şəbəkəsində açar rolu oynaması Azərbaycanın qlobal əhəmiyyətini artırır. Bu gün Azərbaycan bir tərəfdə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, digər tərəfdən, Asiyanın Avropaya çıxışında əsas tranzit xətti hesab olunur. Bu, faktiki olaraq, Azərbaycanın qlobal arenada siyasi və iqtisadi yerini müəyyənləşdirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm