Nida Təhlil
Sizinlə vidalaşan tapılacaqmı?!
24 sentyabr, dəfn mərasimi: Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) ilk sədri olmuş, Azərbaycanda test sistemini tətbiq etməklə gənclərin yolunu açan, ölümü ilə hətta siyasi opponentlərini belə üzən, hər kəsin hörmətlə xatırlayacağı Vurğun Əyyub son mənzilə yola salınır.
AXCP sədri Əli Kərimli, Müsavatın keçmiş başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, partiyanın icra aparatının rəhbəri, hazırkı başqanın sağ qolu hesab olunan Gülağa Aslanlı kədərli gözlərlə cənazəyə baxır və sanki son mənzilə yola salınan fərqli mövqeyinə görə partiyadan qovduqları, haqqında hər cür iddialar səsləndirdikləri, xəstə olduğunu bilə-bilə bundan siyasi hücum üçün istifadə etdikləri Vurğun Əyyub deyildi.
... 2014-cü il, Müsavat Partiyasının 8-ci qurultayı: Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə başqan seçildi, lakin partiya daxilində Qubad İbadoğlunun tərəfdarları seçkidə saxtakarlıq edildiyini əsas gətirərək, etiraz etdilər. Etiraz edənlər arasında Vurğun Əyyub da var idi. Bildirirdi ki, “Mən qurultay seçkilərinin ədalətsiz keçirildiyinin qənaətindəyəm. İlk günlər legitimlik mənim üçün şübhəliydi, sonra əldə etdiyim informasiyalar şübhəni aradan qaldırdı. Və mən qurultayın səsverməsinin nəticələrini legitim hesab etmirəm”.
Onu bu mövqeyinə görə Arif Hacılının göstərişi ilə Müsavatda linç etdilər. “Vurğun Əyyub partiyanı dağıtmaq istəyir”, “Vurğun Əyyub mübarizədə heç vaxt öndə olmayıb” və s. İttihamların ardı-arası kəsilmirdi.
Yeni başqan və komandası köhnə başqanın təklifi ilə Vurğun Əyyubu Məclis üzvlüyündən çıxardı. İsa Qəmbər ümumiyyətlə, bu məsələni səsverməyə belə ehtiyac görmədi. 2015-ci ilin may ayında isə bu hücumun məntiqi sonluğu olaraq, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının A özəyi Vurğun Əyyubun üzvlük haqqı ödəməməsi və iclaslara qatılmamasını əsas gətirərək onun partiya sıralarından xaric olunması barədə qərar qəbul etdi. Müsavatda rəhbərliyi ələ alan Arif Hacılı və komandası həmin vaxt Vurğun Əyyubla bağlı linç kampaniyasına start vermişdi: onu intizamsızlıqda, bölücülükdə, partiyaya hörmətsizlikdə ittiham edirdilər.
Arif Hacılının müavini Osman Kazımov V.Əyyubun partiyadan çıxarılmasına haqq qazandırmaq üçün deyirdi: “İclasa dəvət edirlər, həmin adam saymazyanalıq nümayiş etdirir, mesaj yazır, deyir ki, xəstəydim. Dəfələrlə Divana çağırılıb. Divanda iştirak etməyib və müxtəlif bəhanələr gətirib. Partiyanın nizamnaməsinə əməl etmək lazımdır. Qurultay keçirilib, artıq hər şey bitib. Nizamnaməyə uyğun hərəkət etmək lazımdır, sayğısızlıq nümayiş etdirmək, özünü hamıdan yuxarı tutmaq lazım deyil”.
Vurğun Əyyub uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və ölümünə səbəb də məhz bu xəstəlik oldu. Bunu Müsavat Partiyasında da bilirdilər, lakin partiyadan çıxarılmasına haqq qazandırmaq üçün onun xəstəliyi “bəhanə” kimi təqdim etdilər.
Bütün bu linç kampaniyasına Müsavatın keçmiş başqanı, cənazənin başında kədərlə dayanan İsa Qəmbərin göstərişləri ilə aparıldığı da məlum idi. Arxada qərarları verən keçmiş başqan üzdə susurdu. Onun susqunluğu yalnız Vurğun Əyyubun ölümündən sonra pozuldu.
“Azərbaycanımızın görkəmli ictimai-siyasi xadimi, dəyərli ziyalımız Vurğun Əyyubu bu gün torpağa tapşırdıq. Vurğun bəyi 1988-ci ildən tanıyırdım. Ötən 31 ilin 26-sını bir yerdə olmuşuq - xalq hərəkatında, AXC-də, Elçibəy hakimiyyətində və Müsavatda. Bir yerdə olmuşduq və bir-birimizə dost demişdik. Son beş ili bir yerdə ola bilmədik...”, - İsa Qəmbər dəfn mərasimində üzünə qondurduğu kədərlə yazır.
Görünür, İsa Qəmbərin susqunluğunu pozması və ona qarşı kininin soyuması üçün Vurğun Əyyubun ölməsi lazım imiş...
Eyni kədəri üzünə geyinən Əli Kərimli də “böyük itki” deyə yazır, halbuki, AXCP-nin Vurğun Əyyubu sevmədiyi, zaman-zaman ona qarşı sosial şəbəkələrdə hücumlar edildiyi ictimai-siyasi cameədə sirr deyil.
O da sirr deyil ki, dəfn mərasimində nitq söylənən bu adamlar Vurğun Əyyubun qarasınca çox danışıblar, təkcə ona görə yox ki, o, doğru bildiyi mövqeyini sona qədər müdafiə edirdi və bu prinsipiallıq İsa Qəmbər, Arif Hacılı, Gülağa Aslanlı kimilərin kiçik bir partiyada hökmdarlıq ambisiyalarını zədələyirdi, Vurğun Əyyubun həm də cəmiyyətdə bir ziyalı kimi sevilməsini özləri üçün təhlükə hesab edirdilər.
Və budur, üzlərində kədərdən geyindikləri donla özlərini Vurğun Əyyubu son mənzilə yola salan insanların önünə pərçimləməyə çalışırlar. Sanki heç nə olmamış, sanki son mənzilə yola saldıqları insana qarşı xəstə olduğunu bilə-bilə linç kampaniyasını aparmamış kimi...
Heç düşündünüzmü, bu qədər riyakarlıqdan sonra sizinlə vidalaşan tapılacaqmı?!
Asif Nərimanlı
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO