"Prezident məhz bu dövrü ona görə qara ləkə kimi qiymətləndirdi ki..." - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

"Prezident məhz bu dövrü ona görə qara ləkə kimi qiymətləndirdi ki..." - DEPUTAT

“Azərbaycan paytaxtından dünyaya təkcə neft və qaz ixrac olunmur, eyni zamanda birgə yaşayış mədəniyyəti, tolerantlıq, dözümlülük və barışıq mesajları ixrac olunur”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

AZƏRBAYCAN DİNLƏRARASI DİALOQUN MƏRKƏZİDİR

“Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi böyük siyasi əhəmiyyəti olan bir hadisədir. Əvvəla bu onu göstərir ki, Azərbaycan dinlər arasında dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Azərbaycanda müxtəlif dinlərin, konsepsiyaların daşıyıcıları bir ailə kimi yaşayır, harmonik yaşayır. Azərbaycan bütövlükdə multikultural dəyərlərin çox geniş təbliğ olunduğu və yayıldığı bir məkandır. Bu nöqteyi-nəzərdən Azərbaycan prezidenti cənab İlham Əliyevin də bu Sammitdə çıxışı və səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Azərbaycan bu gün çox mürəkkəb dünyada, dinlərarası, mədəniyyətlərarası ziddiyətlərin genişləndiyi bir reallıqda sözün əsl mənasında müxtəlif dinlərin və konsepsiyaların harmonik şəkildə yaşadığı bir məkana çevrilib. Azərbaycan paytaxtından dünyaya təkcə neft və qaz ixrac olunmur, eyni zamanda birgə yaşayış mədəniyyəti, tolerantlıq, dözümlülük və barışıq mesajları ixrac olunur. Bu Sammit bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycanda multikulturalizm bir həyat tərzidir, dövlət siyasətidir, ictimai-siyasi sifarişdir və həm də müxtəlif dinlərin təmsilçilərinin Azərbaycanda bir ailə kimi yaşaması bizi zəngin edir. Eyni zamanda bu, bizim böyük bir sərvətimizdir və Azərbaycan çoxkonsepsiyalı, çoxmillətli və çoxlu dinlərin daşıyıcılarının vətəni olmaqla həm də bizim böyük məsuliyyətimizi müəyyən edir. Azərbaycan dövlətinin bu məsuliyyəti hiss edərək dünya dini liderlərinin belə yüksək səviyyəli Sammitinə ev sahibliyi edir. Cənab prezident bu Sammit çərçivəsində Azərbaycanın İslam dininin mərkəzlərinin ən qədim sakinlərindən biri olduğunu göstərdi. Azərbaycanın tarixi kökündə atəşpərəstliyə sitayişin də olduğunu qeyd etdi. Eyni zamanda bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsi, katolik kilsəsinin mövcud olduğunu, sinaqoqların fəaliyyət göstərdiyini, onlar üçün hər bir şərait yaradıldığını, onların təmir edildiyini, yenidən tikildiyini vurğuladı. Yəni bütün bunlar onu göstərir ki, Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin, etnosların daşıyıcıları üçün olduqca əhəmiyyətli, dəyərli bir məmləkətdir və bunu dünyanın dini liderləri də öz gözləri ilə görürlər. Cənab prezident ona da diqqəti cəlb etdi ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın ciddi iqtisadi nailiyyətləri var və son 16 il ərzində ümumi daxili məhsul 3.2 dəfə artıb, yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib. Azərbaycanda bu gün iqtisadiyyatın şaxələndirilməsi siyasəti həyata keçirilir və Azərbaycan sözün həqiqi mənasında öz iqtisadi inkişaf tempi ilə dünyanın diqqət mərkəzindədir. Həm də cənab prezident öz çıxışında vurğuladı ki, ənənəvi dəyərlər çox ciddi şəkildə müdafiə olunur. Dini abidələrin qorunması ilə bağlı məsələlər çox ciddi müzakirə məsələsi olacaq. Hər zaman dövlətimizin başçısı yaranmış şəraitdən istifadə edir və Azərbaycanın üzləşdiyi ən ağır problem olan Ermənistanın təcavüzkarlıq siyasəti ilə bağlı məsələlərə diqqəti cəlb edir. Bu dəfə də dünyanın dini liderlərinə çatdırdı ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal altındakı ərazidən çıxarılması ilə bağlı məlum qətnamələri var, amma onlar icra olunmur, məhəl qoyulmur, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Cənab prezident bu kontekstdə qeyd elədi ki, bəzən münaqişələrə dini rəng qatmaq istəyirlər, onu dinlə bağlamaq istəyirlər ki, bu da qətiyyən qəbuledilməzdir. Dindən siyasətin əlində alət kimi istifadə olunması yolverilməzdir. Ksenofobiyaya, islamafobiyaya qarşı çox ciddi mübarizə aparılmalıdır və biz bu prosesdə bir yerdə olmalıyıq. Azərbaycan bu prosesə çox ciddi töhfələr verib. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan yeganə ölkələrdən biridir. Bu da bizim üçün unikal imkanlar verir ki, bu təşkilatlar çərçivəsində əməkdaşlığa töhfə verək. Bu baxımdan cənab prezident “Bakı prosesi”nə diqqəti cəlb etdi. Bakı prosesinin artıq BMT çərçivəsində də çox yüksək bir platforma kimi qəbul olunduğuna diqqəti cəlb etdi”.

HEYDƏR ƏLİYEV DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASINDA MÜHÜM ROL OYNAYIB

Cənab prezident çıxışında vurğuladı ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir, Azərbaycan dünyəvi dövlətdir, din və dövlət ayrıdır, amma dövlət-din münasibətləri ən yüksək səviyyədə həyata keçirilir. Bu, həm dövlətimizin siyasəti, həm də ictimai sifarişdir. Bu siyasətin xüsusi olaraq formalaşmasında və həyata keçirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var və bu sahədə onun atdığı addımlar misilsizdir. Xüsusilə də müxtəlif dinlərin və etnosların daşıyıcılarının Azərbaycanda özlərini bir ailənin üzvü kimi hiss etmələri ulu öndər Heydər Əliyevin yeritdiyi milli siyasətin ən mühüm tərkib hissəsi idi. Cənab prezident ona da diqqəti cəlb etdi ki, Şeyx həzrətləri ilə ulu öndərin dostluq münasibətləri nəticə etibarı ilə bu siyasətin formalaşmasında müstəsna rol oynayıb. Şeyx həzrətlərinin Azərbaycanda multikultural dəyərlərin təbliğində, təşviqində, Azərbaycanda din-dövlət münasibətlərinin daha da inkişafında, Azərbaycanda tolerantlıq mühitin formalaşmasında, müxtəlif dinlərin daşıyıcılarının bir ailə kimi yaşamasında çox böyük rol oynadığını vurğuladı.

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANDAKI TOLERANT MÜHİTİ NÜMUNƏ GÖSTƏRİR

Beynəlxalq təşkilatlar Azərbaycandakı tolerantlıq mühitini çox yüksək qiymətləndirirlər. Məsələ ondadır ki, Azərbaycan paytaxtında artıq ənənəvi olaraq Bakı Beynəlxalq Humanitar Forumu keçirilir, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilir, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilir və çoxsaylı bu qəbildən tədbirlər keçirilir. Bu tədbirlər bir daha onu göstərir ki, Azərbaycanın multikultural dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımlar çox yüksək səviyyədə dəyərləndirilir. Bu səpkidə olan bir çox tədbirlərdə BMT, UNESCO, ISESCO və digər mühüm təşkilatlar da bir çox hallarda təşkilatçı qismində iştirak edir və bu prosesə yüksək dəyər verirlər. Eyni zamanda 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” BMT çərçivəsində ən yüksək diqqətə, qiymətə layiq görülüb. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan dövləti dünyanı narahat edən ən mürəkkəb çağırışlara qarşı mübarizə prosesində: yəni islamafobiyaya qarşı, ksenofobiyaya qarşı ayrıseçkiliyin götürülməsində çox ciddi mübarizə aparır. Azərbaycan paytaxtında keçirilən bu mühüm beynəlxalq tədbirlərdə Azərbaycan öz sözünü deyir və sülhə, əminamanlığa çağırışlar edir. Bu sözlər həm də əməli öz təsdiqini tapır və Azərbaycan nümunəvi bir ölkəyə çevrilir. Bunu da beynəlxalq təşkilatlar görür və qiymətləndirir.

AXCP-NİN HAKİMİYYƏTDƏ OLDUĞU İLLƏR RÜSVAYÇILIQ DÖVRÜ İDİ

1992-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cəbhəsi və Müsavat cütlüyünün yeritdiyi antimilli siyasət, səriştəsiz, bacarıqsız siyasət ona gətirib çıxardı ki, Azərbaycan çox böyük problemlərlə üz-üzə qaldı və xaosa sürükləndi. Cənab prezident məhz bu dövrü qara ləkə kimi qiymətləndirdi və rüsvayçılıq dövrü adlandırdı. O dövrdə Azərbaycanda sözün həqiqi mənasında dəyərlər itmiş, millətlər və dinlər arasında çox ciddi konfrontasiyanın, qarşıdurma mühitinin əsası qoyulmuşdu. Bütün bunlar həqiqətdir, reallıqdır və cənab prezident bu sözləri söyləməklə diqqəti ona cəlb etdi ki, yəni bu tolerant mühit, əməkdaş mühit, barışıq və multikulturalist mühit elə-belə rahatlıqla yaranmayıb, çox mürəkkəb bir dövr keçmişik. Xalqımız isə bütün bunlara əks olan siyasətə cəmi 1 il dözdü və onu tarixin səhnəsindən uzaqlaşdırdı, ulu öndəri hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın gələcək taleyi müəyyən edildi və inkişafının əsası qoyuldu.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm