Nida Təhlil
Supergüclərin növbəti BAKI GÖRÜŞÜ: Azərbaycan qlobal toqquşmanın qarşısını alır
Dünyanın iki qütbü – NATO və Rusiya danışıqlar məkanı kimi yenə Bakını seçdi. Dünən – noyabrın 26-da Azərbaycan paytaxtında NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüş keçirildi. Bakı son iki ildə beşinci dəfə qlobal müzakirələrə ev sahibliyi edir.
- 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Valeri Gerasimov arasında görüş;
- 2017-cu ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasında görüş;
- 2018-ci ilin aprelində Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasında görüş;
- 2019-cu ilin 10 iyulunda Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında görüş;
Dörd görüşə ev sahibliyi edən Bakı beynəlxalq təhlükəsizliyin təmin edilməsi məqsədilə aparılan növbəti qlobal görüş üçün yenidən məkan olaraq seçildi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun isbatıdır.
Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu qəbul edən Prezident İlham Əliyev bildirib ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi: “Lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, - görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük. Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bunu təsdiq edir”.
NATO-nun Hərbi Komitəsinin sədri ser Stüart Piiçi qəbul edən dövlət başçısı bəyan etdi ki, “Biz çox qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən görüş yeri kimi seçilib”.
“Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir”, - Prezident bildirdi.
Daha sonra Stüart Piiçlə Valeri Gerasimovun görüşü yüksək səviyyədə təşkil olundu. İki qütbün hərbi rəhbərliyinin bağlı qapılar arxasında müzakirəsi dünyanın təhlükəsizliyi üçün önəmlidir. Çünki hazırda “barıt çəlləyi”ni xatırladan dünyada kiçik münaqişələrlə yanaşı, qlobal güc mərkəzləri də mübarizəni açıq müstəviyə keçirib. Xüsusilə Rusiyanın timsalında Şərq cəbhəsi ilə NATO-nun timsalındakı Qərb cəbhəsi dünyanın müxtəlif yerlərində toqquşur.
Şərqi Avropa, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya, Uzaq Şərq…
Dünyanın ən qaynar nöqtələri olan bu bölgələrdə nüfuz və maraq müharibəsi davam edir. Beynəlxalq ekspertlər də yeni dünya müharibəsinin addım-addım yaxınlaşdığı haqda həyəcan təbili çalırlar. Və bu mənzərə fonunda dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətə keçə biləcək, barışdırıcı, birləşdirici rolu üzərinə götürəcək qüvvəyə və bütün problemlərin müzakirə edilə biləcəyi məkana ehtiyac var. Bu qüvvə və məkan elə bir yer olmalıdır ki, bütün tərəflərlə uzlaşa bilsin, həmçinin, bütün tərəflərdə nüfuza sahib olsun.
Azərbaycan məhz bu missiyanı üzərinə götürür. Təbii ki, belə görüşlərə ev sahibliyi etmək üçün bir sıra faktorlar əhəmiyyətlidir.
Birinci məqam təhlükəsizlik amilidir: Tərəflər Avropa şəhərlərinin birində görüşə bilməzdilər, çünki Rusiya NATO-nun “evinə” getmək istəmir; Şərqi Avropa Rusiya və NATO-nun üz-üzə dayandığı və maraqlarının təmin edilməsi uğrunda mübarizə apardığı bölgədir, aktiv toqquşmanın içində müzakirə masası qurmaq əlverişli deyil; Regionda NATO və Rusiya ilə münasibətlərə malik olan Türkiyə seçilə bilərdi, lakin Türkiyənin NATO üzvü olması balansı pozur; Mərkəzi Asiya Rusiyanın arxa cəbhəsidir və məsafə baxımından da çox uzaqdır;
Azərbaycan təkcə regionda deyil, faktiki olaraq, dünyada təhlükəsizlik baxımından ən əlverişli məkan hesab oluna bilər. Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan Rusiya üçün sərfəli deyil, Ermənistan isə ümumiyyətlə, ən primitiv təhlükəsizlik tədbirlərinin belə öhdəsindən gəlmək gücündə deyil.
Bakı dünyanın ən unikal məkandır: Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə - həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurub, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir; regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir;
İkinci məqam nüfuzdur: Görüş üçün Bakının seçilməsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu da əsas rol oynayan faktorlar sırasına daxildir.
- Azərbaycan dünyanın güc mərkəzləri ilə sıx münasibətlərə malikdir və nüfuzu bütün dairələrdə qəbul edilir.
- Dünyada sülhyaratma prosesində fəal iştirak edir. İndiyə qədər Əfqanıstan da daxil olmaqla bir sıra münaqişəli zonalarda sülhməramlılarımızın iştirakı buna sübutdur. Həmçinin, Azərbaycan beynəlxalq sülhün bərqərar olunması və qorunması üçün zaman-zaman səmərəli təklif və təşəbbüslərlə çıxış edir.
- Azərbaycan enerji siyasəti ilə bütün bölgənin inkişafına və rifahına xidmət edir, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayan dövlətdir.
Üçüncü məqam təcrübədir: Bu gün ABŞ-Rusiya gərginliyi kifayət qədər yüksəkdir, lakin hər iki tərəfin məsələni dialoq yolu ilə məhz Bakıda həll etməyə çalışmasında Azərbaycanın qlobal problemləri həll etmək təcrübəsinin də rolu var. Bakının artıq beşinci dəfə belə görüşə ev sahibliyi etməsi Azərbaycanın təcrübəsinin miqyasından xəbər verir.
Və ən mühüm məqamlardan biri də etimad amilidir. Dünyanın güc mərkəzlərinin qapalı qapılar arxasında baş tutan belə görüşlərində informasiya təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Bəzən ən adi görünə bilən bir informasiyanın sızması beynəlxalq müstəvidə hərbi-siyasi gərginliyə səbəb ola bilər. Bu baxımdan, tərəflərin Azərbaycana etimad etməsi və növbəti görüşü yenidən Bakıda keçirməsi təsadüfi deyil.
Bütün proseslərin fonunda Azərbaycan liderinin qlobal təhlükəsizlik missiyasını üzərinə götürməsi də diqqət çəkir. Bu görüşlərin Bakıda keçirilməsi I və II Dünya müharibələrində İsveçin oynadığı rolu xatırladır. Mövcud dünya şərtlərini nəzərə alsaq, bəşəriyyətin məhz dünya müharibəsinin kandarına qədər gəldiyini deyə bilərik. Lakin hər iki dünya müharibəsində müzakirə məkanı olmaq missiyası böyük güclər tərəfindən İsveçin üzərinə qoyulmuşdu. Azərbaycanla bağlı situasiya fərqlidir: Bakının hazırda oynadığı rol Azərbaycan liderinin apardığı siyasətlə birbaşa bağlıdır. Yəni Azərbaycan bu missiyanın üzərinə götürmür, birbaşa onu yaradır.
Azərbaycan Prezidentinin dünya liderləri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. NATO-da aparıcı ölkə olan ABŞ lideri də, Rusiya lideri də Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm Tramp, həm də Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər. Prezident İlham Əliyevin bu diplomatiyası Azərbaycanın qlobal siyasətdə rolunu da gücləndirir və bu, milli maraqlarımızın beynəlxalq səviyyədə təmin edilməsində əhəmiyyətli amilə çevrilib.
Asif Nərimanlı
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?