Dinamik inkişaf sayəsində imkanlarımız genişlənəcək - Ziyad Sə­­mədzadə
Bizi izləyin

Nida Təhlil

Dinamik inkişaf sayəsində imkanlarımız genişlənəcək - Ziyad Sə­­mədzadə

“Kompleks yanaşma nəticəsində ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi, gələcəkdə yaranacaq iqtisadi mühitin daha da canlandırılması və bunun hesabına ölkənin dinamik inkişafının təmin olunması nəticəsində imkanlarımız genişlənəcək”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim, iqtisad üzrə elmlər doktoru, pro­­­­­fessor, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Sə­­mədzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyi qorumaq və pandemiya nəticəsində iqtisadiyyata dəyən ziyanın minimuma endirilməsi üçün ciddi sistemli tədbirlər həyata keçirir: “Təbii ki, bu heç də asan deyil. Çünki neftin qiymətinin 2 dəfədən artıq düşməsi, iqtisadiyyatın bir çox sahələrində fəaliyyətin dayandırılması ölkədəki iqtisadi ahəngdarlığa bu və ya digər dərəcədə təsir göstərib. Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bir daha vurğuladı ki, Azərbaycanın ildən ilə artan imkanları və cəmiyyətdə yaranmış sağlam əhval-ruhiyyə ilə pandemiyaya qarşı ciddi mübarizənin aparılması istiqamətində konkret nəticələr əldə olunacaq. Prezident həmçinin qeyd etdi ki, ölkədə makroiqtisadi sabitliyi qorumaq məqsədi ilə sosial iqtisadi proqramların həyata keçirilməsi üçün malik olduğumuz bütün imkanlardan istifadə edilməlidir.

Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamı ilə koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı konkret tədbirlər planının hazırlanması üçün 4 İşçi Qrupu yaradılıb. Bu İşçi Qruplarına ölkənin iqtisadi strukturlarının başçıları rəhbərlik edir. Onlardan biri də İqtisadiyyat naziri Mikayıl Cabbarovdur. O, ölkə başçısının qəbulunda olarkən görülmüş işlər haqqında məlumat verərək bildirdi ki, Prezidentin tapşırığına əsasən konkret tədbirlər planı hazırlanaraq hökumətə təqdim edilib”.

İqtisadçı alim İşçi Qrupları tərəfindən hazırlanan tədbirlər planının mahiyyətindən söz açıb: “Qeyd olunan tədbirlər planı ilə mən də bir iqtisadçı kimi tanış olmuşam və bildirmək istərdim ki, tədbirlər planı kifayət qədər sistemli yanaşma, dərin təhlillər və araşdırmalar nəticəsində aparılıb. Əldə olunan nəticələr reallığa və Azərbaycanın gələcəkdə inkişaf imkanlarının genişləndirilməsinə yönələn tədbirlərdir. Görülən işlərin miqyası çox geniş və əhatəlidir. Tədbirlər planı 9 proqramdan ibarətdir. İlk növbədə dəstək proqramının maliyyə tutumu barədə onu demək istərdim ki, pandemiyadan əziyyət çəkən, zərər görən sahələrə dövlət dəstəyinin həcmi 2.5 mlrd. manat təşkil edir və bu kifayət qədər böyük məbləğdir. Hesab edin ki, bu büdcə gəlirlərinin 10%-ni təşkil edir. Baş verən pandemiyaya dövlət büdcəsinin 10%-nin ayrılması dəymiş zərərin həcmindən, həmçinin bu zərəri qarşılamaq üçün Azərbaycan dövlətinin imkanlarından xəbər verir. Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun geniş vüsət aldığı ölkələrə çox sərt şərtlərlə kreditlər təklif edir. Azərbaycanın dəymiş zərəri öz valyuta ehtiyatları, iqtisadi gücü hesabına qarşılamasını son 15 ildə əldə etdiyimiz uğurların məntiqi nəticəsi hesab etmək olar”.

Z.Səmədzadə dövlət proqramları tərəfindən həyata keçirilən, sahibkarlar və muzdlu işçilər arasında qurulan körpünün vacibliyindən də danışıb: “Təklif olunmuş proqramın əsas bölmələrindən biri də təbii ki, şəffaf fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsidir. Ümumiyyətlə, son illər Azərbaycanda kölgə iqtisadiyyatına qarşı aparılan tədbirlərə xüsusi yer verilib, xeyli işlər görülüb. Bu istiqamətdə xüsusilə sahibkarlarla muzdlu işçilər arasında olan münasibətlərə diqqət ayrılıb və bunun nəticəsi olaraq iki subyekt arasında bağlanan əmək müqavilələrinin sayı xeyli artıb. Dövlət proqramı çərçivəsində sahibkarlara işçilərinin əmək haqlarının bir hissəsinin ödənilməsində yardım ediləcək. Bu da öz növbəsində qeyri-dövlət sektorunda çalışan işçilərin 45%-ni, yəni, 300 mindən artıq insanı əhatə edəcək. Hesablamalarda orta əmək haqqı əsas meyar olaraq götürülüb və onun 50%-i işləməyən, baş verən proseslər nəticəsində məcburi işlərindən qalmış insanların əmək haqlarına əlavə şəklində ödənilməsinə sərf ediləcək”.

Akademik tədbirlər planının biznes mühitinin dirçəlməsi istiqamətində göstərəcəyi dəstəyin məğzini belə izah edib: “Azərbaycanda pandemiyanın təsir etdiyi əsas 20 sahə var ki, onların bəzilərinə təsir 100% həcmində olub. Bu sahələrə turizm və ictimai iaşəni aid etmək olar. Nazirlər Kabinetinin xüsusi qərarına əsasən, bu sahələrin fəaliyyəti demək olar ki, tam dayandırılıb. Amma bununla yanaşı, elə sahələr də var ki, onlara pandemiyanın təsiri 70% həcmində müəyyən edilib. Bu sektorlarda çalışan 300 mindən artıq mikro və fərdi sahibkarlara da yardımların göstərilməsi nəzərədə tutulub. Ən vacib məqamlardan biri də odur ki, bizneslərə vergi güzəştlərinin edilməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat Nazirliyi, Sahibkarlar Konfederasiyası və digər qurumlar bu güzəştlərin miqdarını, istiqamətlərini dəqiqləşdirir və yaxın zamanda onların açıqlanması nəzərdə tutulub. Bildiyimiz kimi, Azərbaycanda biznes mühiti ildən ilə yaxşılaşmaqda idi. Pandemiya səbəbindən bu mühitin pisləşməsinə görə dövlətin bizneslərə belə bir yardımı çox ciddi addımdır və bunun hesabına biz biznes mühitimizi qoruyub saxlaya biləcəyik. Heç şübhəsiz, vergi ödəyicilərinin banklarda olan biznes kredit ödənişlərinə də dəstək veriləcək.

Dəfələrlə qeyd etmişəm ki, ölkə iqtisadiyyatının gələcək inkişafını təmin edəcək ən başlıca amillərdən biri bank sektorunda sağlamlaşdırma işlərinin genişləndirilməsidir. Cənab Prezident hər dəfə bildirir ki, real sektora bankların dəstəyi artmalıdır. Belə bir şəraitdə dövlət bir çox məsələləri öz üzərinə götürür. Dövlət başçısının hökumətə və Mərkəzi Banka tapşırığına əsasən, kreditlərin xeyli hissəsi real sektora ayrılmalıdır, bu sektora kreditlərin ayrılması prosesi təkmilləşməlidir, kredit faizləri aşağı düşməlidir. İqtisadiyyat Nazirliyinin verdiyi təkliflərdə biznes kreditlərinin maksimal həddi 15%-ə qədər müəyyən edilib ki, bunun da 7,5%-i gələcəkdə dövlət büdcəsi hesabına ödəniləcək. Həmçinin onu da qeyd etməliyik ki, real sektora ayrılan kreditlərin 60%-ə qədərinə dövlət tərəfindən dəstək veriləcək. Təbii ki, bu dövlət üçün əlavə yükdür, lakin bu ağır dövrdə biz sahibkarların yanında olmalıyıq. Sahibkarlar da yaradılmış imkandan səmərəli istifadə edə bilsinlər, ayrılmış kreditlərin geri qaytarılması istiqamətində öz səylərini əsirgəməsinlər. Odur ki, qeyd olunan məsələlərin İqtisadiyyat Nazirliyinin hazırladığı təkliflər planında xüsusi yer alması diqqətə layiqdir”.

Professor izolyasiya tədbirlərinin həyati əhəmiyyətli olduğunu vurğulayıb: “Vacib məsələlərdən biri də budur ki, karantin dövründə izolyasiya qaydalarına riayət edərək vətəndaşlar evdə qalmalıdırlar. Bütün televiziya, radio və digər media resurslar cənab Prezidentin tövsiyələrini əsas tutaraq, vətəndaşları evdə qalmağa çağırır. Çünki bu virus insan kontaktlarının artması ilə, həndəsi silsilə şəklində artımla müşahidə olunan yoluxmaya səbəb olur. İqtisadiyyat Nazirliyinin təkliflərində də bu məsələyə xüsusi önəm verilərək, vətəndaşların evdə qalması nəticəsində onların kommunal xərclərinin artması nəzərə alınıb, elektrik enerjisində hazırda olan limitlərin aradan qaldırılması məsələsi də daxil edilib”.

Akademik tədbirlər planında dövlətin tələbələri unutmadığını və onlara daim qayğı göstərdiyini qeyd edib: “Təkliflər planında məni bir ziyalı, iqtisadçı kimi sevindirən məqamlardan biri də tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək proqramıdır. Azərbaycan Respublikasının Prezidenti çox humanist addım ataraq artıq bir neçə ildir ki, dövlət büdcəsinin hazırlanması prosesində hökumətə, Maliyyə Nazirliyinə tapşırıqlar verir ki, ödənişsiz oxuyan ali məktəb tələbələrinin sayı artırılsın. Eyni zamanda, bu proqramda o da göstərilir ki, tələbələrin təhsil haqlarının ödənilməsinə diqqət artırılsın. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin bu təklifi təqdirəlayiqdir”.

Ziyad Səmədzadə təkliflər planının real təsirlərinin müsbət iqstiqamətdə özünü büruzə verəcəyini deyib: “Son dövrün prosesləri göstərdi ki, iqtisadi strukturların idarə edilməsi orqanları məqsədlərinin, fəaliyyət sahələrinin və s. ayrı olması ilə yanaşı, həmçinin ümumi məqsədləri də var ki onlara çatmaq üçün müştərək iş çox vacibdir. Yaradılan 4 İşçi Qrupunun fəaliyyəti bunun nə qədər məhsuldar olmasının göstəricisidir. Mikayıl Cabbarovun başçılıq etdiyi İqtisadiyyat Nazirliyi də cənab Prezidentin tapşırdığı məsələlərə sistemli, kompleks yanaşıb. Bu kompleks yanaşma nəticəsində ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi, iqtisadi mühitin daha da canlandırılması və bunun hesabına ölkənin dinamik inkişafının təmin olunması nəticəsində imkanlarımız genişlənəcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm