Nida Təhlil
"LGTB-nin pulları əvvəlcə Gürcüstana, orada nağdlaşdırıldıqdan sonra Azərbaycana gətirilirdi..." - MÜSAHİBƏ
“Azərbaycanın çox ciddi, çox səbatlı, güclü müxalifətə ehtiyacı var. Güclü müxalifət, güclü hakimiyyət deməkdir. Müxalifət konstruktiv, adekvat, rasional olsun, Azərbaycanın maraqlarını, dövlətimizin mənafeyini hər şeydən üstün tutsun. Necə ki, sivil dövlətlərdə dövlət mənafeyi gələndə iqtidar və müxalifət həmişə birləşir, mən Azərbaycanda da bunu istəyirəm”.
Jurnalist Elçin Alıoğlu belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Milli Şuranın son onlyan toplantısı və burada baş verənlərə münasibətiniz necədir?
- Karantin rejimi səbəbindən kütləvi tədbirlərin keçirilməsinə icazənin olmadığı bir vaxtda, müxalifətin belə bir formatda iclas keçirməsi normal və gərəklidir. Milli Şuraya rəğbətim olmasa da, bunu normal qəbul edirəm.
Anormal olan isə o tədbirdə dilə gətirilən kəlimələrdir. Məsələn, Rafiq Manaflının dedikləri, nəinki, normal bir siyasi təşkilatda, normal cəmiyyətdə belə yeri olmayan ifadələrdir. Cinsi azlıqlara münasibətdə bəşəriyyəti məhv olmaq qarşısında qoymuş “ideoloji taun” haqda təəssüflə danışmaq və altını cızaraq demək ki, “Gərək Hitler bunların hamısını qırıb qurtaraydı” – bu, nəinki Adolf Hitlerin yürütdüyü siyasətin təqdir edilməsi, dolayısı ilə təbliğ edilməsi kimi də şərh oluna bilər.
Amma mən bunu istəməzdim, çünki Milli Şuranın vəziyyəti onsuz da acınacaqlıdır. Nəzərə alsaq ki, Milli Şura proqramında və fəaliyyətində yenilik etmək əvəzinə, Cəmil Həsənli öz sifərində yenilik edir, bığ saxlayır, cavanlaşmağa çalışır.
Gültəkin Hacıbəylinin dedikləri isə, ümumiyyətlə, marazm və paranoya həddindədir. Buna görə də, Gültəkin xanımın dedikləri məni təəccübləndirmir. Çünki onun kim olduğunu hamımız bilirik. Mənim təəccübüm Cəmil Həsənlinin davranışındadır. Bu adam orada nə baş verdiyini eşidir, görür ki, hər şey məcradan çıxıb, amma heç nə demir. Çox sonra – 15 saat sonra Feysbukda açıqlama verir və bildirir ki, sən demə, oradakı adamlara qulaqburması verib, sən demə, onlar belə deyillərmiş. Dübarə, Feysbuk vasitəsilə yeni bir açıqlama yayır ki, sən demə, bu kibercinayətdir. Yəni “adımı sənə qoyum, qal sən yana-yana” prinsipindən çıxış edərək, hakimiyyəti suçlayır. Amma bu toplantıda əsas suçlu onun özüdür.
Çünki o idarəolunmayan Milli Şura adlı qurumun formal sədridir. Onun əsas məşğuliyyəti Əli Kərimlinin dediklərini ötürmək vasitəsilə özünün siyasi mövcudluğuu göstərməkdir. Əli Kərimlinin ildırımötürəni işləmək o qədər də yaxşı iş deyil.
- Toplantıda şura üzvlərinin cinsiz azlıqların – LGBT icmasının üzvlərinə yönəlik təhqiramiz fikirləri də, özünə bir xeyli reaksiya çəkdi. İndi bu fikirləri dillərinə gətirənlər haqda deyirlər ki, demokratik-liberal bir düşərgəni təmsil etdiyini iddia edən şəxslər ən adi bir məsləyə tolerant münasibət sərgiləyə bilmirlər.
- Cinsi azlıqlara tolerant olub-olmaması o insanların şəxsi işləridir, kimsə digərini məcbur edə bilməz ki, qeyri-ənənəvi cinsi mənsubiyyətin nümayəndələrinə “yaxşı” və ya “pis” desin. Bu, hər kəsin şəxsi seçiminə bağlıdır, fərdi, orta statistik vətəndaşın seçimidir.
Lakin insan özünü “siyasətçi” adlandırırsa, o, birmənalı şəkildə bilməlidir ki, qanunla yasaqlanmayan hər bir əməl heç bir halda əxlaqsızlıq və ya cinayət kimi tövsiyyə edilə bilməz. Bu, primitiv yox, formal məntiqin tələbidir. Amma görünür ki, Milli Şuranın rəhbərliyində təmsil olunanların çoxsaylı titul və adları olsa da, onların əksəriyyəti bisavaddır – məntiqdən yoxsuldurlar, rasional deyillər. Məsələ demokratlıqda yox, mənəviyyət və əxlaqdadır.
İnsan cinsi azlıq mənsubu ola bilər. Açıq desəm, burada söhbət ABŞ-da yaşayan jurnalist və bloqqer İsmayıl Cəlilovdan gedir. Onun da hədəf seçilməsinin yeganə səbəbi budur ki, İsmayıl bəy son vaxtlar AXCP və Milli Şura rəhbərliyini fəaliyyətini kəskin tənqid edir, çəkinmədən onların kim olduqlarını ortaya qoyur.
Onun üzərinə Əli Kərimlinin sosial şəbəkədəki troll dəstəsi hücuma keçdi, olmazın təhqirlərə yol verildi. Halbuki İsmayıl Cəlilov kim olduğunu heç vaxt gizlətməyib. Daha sonra onun ailə üzvləri təhqir edilməyə başladı, o da dözməyib sərt mövqe tutduqdan sonra bu hadisə baş verdi.
Məsələ budur ki, Cəmil Həsənli təkcə Milli Şuranın sədri deyil, həm də o dəstənin ağsaqqalı sayılır. Yəni, o, Əli Kərimlinin demək istədiklərini deyir və bunun vasitəsilə özünə siyasi divident toplayır. Amma bu adamların heç biri demokrat deyil.
Bakıda cinsi azlıqların aksiyaları keçiriləndə, onlar həmişə sinələrini qabağa verib LGBT icmasının hüquqlarını müdafiə ediblər. Söhbət onların hüquqlarının müdafiəsindən yox, külli miqdarda maliyyə vəsaitələrinin əldə edilməsi üçün zəminin hazırlanmasından gedir. Bu vəsaitlərin bir qismi indiyə qədər əldə olunurdu, kuryerlər vasitəsilə Gürcüstana gətirilirdi, orada nağdlaşdırılıb Azərbaycana keçirilirdi.
Son vaxtlar bu prosesin qarşısı alındığı üçün onlar yeni mənbələr axtarırlar və deyəsən tapıblar. Həmin mənbələrin hamısı istisnasız olaraq, Qərbi Avropa və ABŞ-da yerləşdiyi üçün homofobiyaya çox pis baxırlar.
Bu adamlar da, özlərini guya tolerant, hər şeyə dözümlü insanlar kimi göstərmək istəyirlər, yəni, növbəti dəfə maska taxıblar. Amma bu videokonfrans çox asanlıqla bu maskaların onların özləri tərəfindən yırtılmasına səbəb oldu. Bu adamların bir məqsədi var – hakimiyyətə gəlmək.
İkinci – törəmə məqsəd isə mümkün qədər çox pul qazanmaqdır. Onlar siyasətə öz maddi maraqlarının yerinə yetirilməsi vasitəsi kimi baxırlar. Onlara yazığım gəlir.
Azərbaycanın çox ciddi, çox səbatlı, güclü müxalifətə ehtiyacı var. Güclü müxalifət, güclü hakimiyyət deməkdir. Müxalifət konstruktiv, adekvat, rasional olsun, Azərbaycanın maraqlarını, dövlətimizin mənafeyini hər şeydən üstün tutsun.
Necə ki, sivil dövlətlərdə dövlət mənafeyi gələndə iqtidar və müxalifət həmişə birləşir, mən Azərbaycanda da bunu istəyirəm. Çox istəyirəm ki, müxalifət Azərbaycan parlamentində mümkün qədər çox geniş təmsil olunsun. Bunun üçün şərait və imkan var, hər şey etmək olar. Amma kiminsə cinsi mənsubiyyətini çox bayağı və aşağı səviyyədə müzakirə etmək nə deməkdir? Yaxud ən aşağı səviyyədə ittiham etmək?
Söhbət REAL Partiyasının sədri İlqar Məmmədovdan gedir. İlqar Məmmədov barəsində qaldırılmış cinayət işindən bəraət aldı və ona buna görə 234 min manat təzminatın ödənilməsinə qərar verdilər. Burada anormal nə var? Məgər təzminat ödənilən hər kəs iqtidara işləyir? Müxalifət düşərgəsində çox sayda adam var ki, onlar haqda təzminatla bağlı qərar qəbul edilib. Belə çıxır ki, onlar da hakimiyyətə işləyir?
Demokratiyadan danışmaq ayrı, demokrat olmaq ayrı. O toplantıda iştirak edənlər həqiqətən demokrat idilərsə, o ifadələr işlədildikdən sonra oranı dərhal tərk edərdilər. Amma əksinə, qəhqəhə çəkdilər, güldülər, atmacalar səsləndirdilər.
Bu da Milli Şuranın hansı struktur, nədən ibarət olduğunu, olmayan məfkurəsinin nədən formalaşdığını ortaya qoydu. Bunu da öz dilləri ilə etdilər.
- Əli Kərimlinin baş verənlərdəki roluna diqqət çəkdiniz. Sizcə, Əli Kərimli müxalif düşərgə daxilində belə bir narazılıq mühiti yaratmaqla nəyə nail olmaq istəyir, məqsədi nə ola bilər?
- Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyinə gələn gündən etibarən, birinci AXCP-ni dağıtdı. Dəfələrlə kulislərdə hakimiyyətlə danışıqlara, sövdələşməyə getdi.
Deputat mandatı uğrunda bir çox mövqelərindən geri çəkildi. Bir neçə seçkidə ən yaxın silahdaşlarına xəyanət etdi. Onların arasında Etiubar Məmmədov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, İsa Qəmbər vardı. Yəni, bu adam fərdi mənafeyi uğrunda müxalifət düşərgəsində bütün korporativ maraqları kənara qoydu. Müxalifətin yaratdıqları birlikləri şəxsi maraqlarına xidmət edən strukturlara çevirdi.
Bu bədnam Milli Şura da, 2013-cü ildə keçirilən prezident seçkiləri üçün kənar müdaxilələrlə yaradılmışdı. Gah Bakıda, gah Tiflisdə bir araya gəldilər, yenidən Bakıda yığıldılar. Bütün bu hadisələrdə Əli Kərimli səhnə arxasında dirijor funksiyasını yerinə yetirirdi. İndi isə bu adamın məqsədi müxalifətin vahid, təmərküzləşmiş öz mərkəzini qurmaq və həmin mərkəzə rəhbərlik etməkdir.
Yəni dözülməzlik, başqasının tənqidi fikrini təhqir saymaq, özünə müttəfiq gördüklərini sonradan rəqib elan etmək Əli Kərimlinin siyasi metodlarıdır. Bu adam müxalifət düşərgəsində xaos və anarxiyanın yaradılmasının əsas səbəbkarlarından biridir.
Əli Kərimli Azərbaycan müxalifətində birləşmə və təmərküzləşmə proseslərinin qarşısını alan əsas insanlardan biri, bəlkə də birincisidir. Eyni zamanda, hakimiyyətlə sövdələşməyə getməkdə “rekord” vurmuş siyasətçi, məhz Əli Kərimlidir. Nəhayət, sosial şəbəkələrdə siyasi opponentlərini trolları vasitəsilə aşağılayan, təhqir edən, dözülməzlik mühiti yaradan adamdır.
Əli Kərimlinin necə bir siyasətçi olduğunu bilmək istəyirsinizsə, son illərdə AXCP-ni tərk edən insanların siyahısına baxın. O, yaxşı adam olsaydı, silahdaşları və ən yaxın adamları ona qarşı çevrilməzdilər. Bu faktdır, dəxli yoxdur, o adamlar hakimiyyətlə danışıqlara gediblər, yoxsa başqa partiyaya keçiblər. Əsas odur ki, Əli Kərimli bir idarəçi, siyasi menecer və partiya sədri olaraq, hadisələri proqnozlaşdıra bilmir.
Proqnozlaşdırsaydı, öz yaxın adamlarının hərəkətlərini əvvəlcədən ehtimal edə bilərdi. Bu onun bir siyasi lider kimi çox bəsit və primitiv düşüncəyə malik olduğunu göstərir. Əfsuslar olsun ki, mən yanılmaq istəyərdim. Amma hadisələrin indiki gedişatı göstərir ki, mən Əli bəy haqqında müsbət bir söz deyə bilmirəm, bəlkə də demək istəmirəm.
Müxalifət daxilində parçalanma yaradan şəxs odur.
Müsavat Partiyasının son qurultayı ərəfəsində sosial şəbəkədə Arif Hacılıya qarşı çirkin kampaniya aparanın kimliyi göz qabağındadır. Müsavatda özünün “fövqəladə və səlahiyyətli səfiri” statusunda gördüyü şəxsin başqan seçilməsi ssenarisini o hazırlamışdı.
Bu səbdən də, İsa Qəmbər qurultaydan bir neçə gün qabaq proseslərə müdaxilə etdi və müsavatçıları Arif Hacılıya səs verməyə çağırdı. Əks təqdirdə, AXCP Müsavatın törəmə bir partiyasına çevriləcəkdi.
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA