Prezident tabuları yıxdı: qədim şəhərimizin xilası prosesi başlanır - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Prezident tabuları yıxdı: qədim şəhərimizin xilası prosesi başlanır - TƏHLİL

102 il öncə - 1918-ci ildə Azərbaycanın qədim şəhəri İrəvan ermənilərə paytaxt üçün verildi. Bu, tarixi sənədlərdə öz əksini tapır və Przident İlham Əliyevin də dediyi kimi, “İrəvan qədim Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın”.

Burada sadə məntiq var və tarixi faktların fonunda bu məntiq də İrəvanın Azərbaycan torpağı olduğunu təsdiq edir. Lakin ən ağrılı məqam İrəvanın ermənilərə bağışlanması, Azərbaycan torpaqlarında erməni dövlətinin qurulmasına imkan verilməsi və bir əsr sonra ermənilərin Azərbaycanın işğal etdikləri torpaqlarında ikinci “erməni dövləti” qurmağa çalışmasıdır. Azərbaycan bir əsr öncəki bağışlanmaz səhvin acı nəticələrini hələ də yaşayır.

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bu məsələni gündəmə gətirməklə yeni prosesin başlanğıcını qoydu.

Prezident çıxışında bildirib: “...Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi? Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.

Azərbaycan liderinin bu çıxışı bir sıra aspektdən diqqət çəkir və zamanın, məkanın təsadüfi seçilmədiyi, dövlət başçısının bağışlanmaz tarixi səhvi gündəmə gətirməklə hansı strategiyanı izlədiyi maraqlıdır.

Zaman: Prezident İrəvanın qədim Azərbaycan şəhəri olduğunu və ötən əsrin əvvəlində ermənilərə paytaxt üçün verildiyini 28 May - Azərbaycan Respublikasının Müstəqillik Gününün qeyd edildiyi ərəfəsində - bir əsr öncəki səhvi bir əsr sonra gündəmə gətirməklə Ermənistana mesaj verir: Biz tarixi torpaqlarımızın sizə “bağışlanması” ilə barışmayacağıq!

Məkan: Prezident bu mesajı məhz Tərtərdə, Ermənistanla cəbhə bölgəsində verdi.

Strateji xətt: Prezident 100 il öncə Azərbaycan dövlətinin buraxdığı səhvi çəkinmədən dilə gətirir və bununla bütün tabuları alt-üst edir. Çünki bir xalq, bir dövlət yalnız tarixi həqiqətlərlə üzləşdiyi zaman həmin səhvləri təkrarlamamaya, müstəqilliyini gücləndirə və əbədi edə bilər. Azərbaycan tarixində İrəvanın ermənilərə bağşlandığı səhvini ilk dəfə Prezident İlham Əliyev dilə gətirib. Ona qədər tarixi şəxsiyyətlərimizin “toxunulmazlığını” qorumaq üçün bu səhvlər ört-basdır edilib və görünən budur ki, bununla səhv ardınca səhv buraxılıb. Lakin dövlət başçısının “İrəvan qədim Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın” sözlərini təsdiq etmək üçün öncə Azərbaycan Demokratik Respublikasının bağışlanmaz səhv etdiyini etiraf etmək lazımdır. Əgər bu səhv etiraf edilməsə, o zaman İrəvanın Azərbaycan şəhəri olduğunu necə deyə bilərik?! Söhbət tarixin proseslərin məntiqi ardıcıllığından gedir. Bu baxımdan, Azərbaycan qədim şəhərini geri almaq üçün Cümhuriyyəti quranların səhvini dilə gətirməli, tarixi mühakimə etməkdən çəkinməməlidir.

Prezident İlham Əliyevin tabuları yıxaraq, izlədiyi strateji xətt də məhz budur: Azərbaycanın qədim torpaqlarını geri qaytarmaq prosesinin başlanğıcını qoymaq üçün gizlətməyə çalışdığımız tarixi səhvləri gün üzünə çıxarmalı və səhvlərimizlə üzləşərək, bunun üzərindən hərəkət etməliyik.

Və burada dövlət başçısının ana hədəfi cari olaraq, Ermənistanın bir dövlət kimi Azərbaycan torpaqları üzərində yaradıldığını gündəmə gətirmək, işğalçı ölkənin ərazi iddialarına qarşı real faktları irəli sürmək, perspektivdə isə qədim şəhərlərimizin qaytarılması prosesini start verməkdir.

Bunun üçün tarix kitablarında tarixi olduğu kimi yazmaq, xalq olaraq səhvlərlə üzləşməyi bacarmaq və ilk öncə gənclərə tarixi doğru çatdırmaq lazımdır. Qədim şəhərlərimizin qaytarılması prosesi məhz buradan başlanır. Azərbaycan xalqı bir daha anlamalıdır ki, “torpaqdan pay olmaz”. Və Prezidentin bu çıxışını düzgün oxumağı bacarmalıyıq: Məqsəd tarixi şəxsiyyətləri hədəfə almaq deyil, məqsəd İrəvanın Azərbaycan şəhəri olduğunu sübut etmək və qədim şəhərimizi qaytarmaq prosesinə başlaya bilmək üçün Cümhuriyyəti quranların tarixi səhvini açıq şəkildə dilə gətirmək, tabuları yıxmağı bacarmaqdır!

Hər kəs razılaşar ki, qədim torpaqlarımız tərəzinin gözünə ağırlıq edir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm