Azərbaycanafobiya: AŞPA-nın Bakıya qarşı hücumunun səbəbləri
Bizi izləyin

Nida Təhlil

Azərbaycanafobiya: AŞPA-nın Bakıya qarşı hücumunun səbəbləri

“Bu ölkədə qaradərililər üçün heç vaxt azadlıq olmadı...”.

ABŞ-ın Minneapolis şəhərində etirazçıların sözçüsü olaraq çıxış edən Tamika Mallorinin bu sözləri bütövlükdə “qara tarixi” özündə ehtiva edir. Qaradərili Corc Floydu ağ dərili polis zabiti Derek Şoven boğaraq öldürdü, özü də kameraların qarşısında. Buna etiraz olaraq Minneapolisdə başlanan aksiyalar bütün ABŞ-ı bürüdü və hələ də davam edir. Baş verənlər “əsl küçə döyüşlərini” xatırladır və ABŞ Prezidenti “Soyğunçuluq edəcəksiniz, güllələnmə başlayacaq” tvitləri atır. Bütün bunları ABŞ-ın daxili məsələsi hesab etmək olardı, amma insan haqları və demokratiyanın müdafiə olunduğu dünyada Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə istənilən kiçik hadisələri şişirdərək, hücuma keçən beynəlxalq qurumların səssizliyi okeanın o tayında “nəfəs ala bilməyən” afroamerikalıları xatırlatmaya bilmir.

“Nəfəs ala bilmirəm”, Floydun Şovenin dizləri altında çırpınarkən son sözləri belə olmuşdu. “Foreign Policy” jurnalının Minneapolis şəhərində yaşayan analitik bölməsinin rəhbəri Ellison Karlson yazır ki, “polis zabiti afroamerikalını 8 dəqiqə 46 saniyə dizinin altında saxlayır, 2 dəqiqə 53 saniyə sonra Floyd artıq huşunu itirmişdi”.

“Nəfəs ala bilmirəm” şüarı ilə başlanan nümayişlərdə 16-dan çox insan həyatını itirib, yüzlərlə yaralı var.

“The Guardian” yazır ki, CNN və MSNBC də daxil olmaqla bir çox informasiya agentliyinin əməkdaşları etirazları işıqlandırarkən zədələnib: “Jurnalistlər polisin rezin güllələrinə və kimyəvi maddə atan silahlarına tuş gəlir. Bir neçə müxbir hətta həbs edilib”.

Bura ABŞ-dır və demokratiyadan, insan haqlarından danışan beynəlxalq qurumların hələ də susması diqqətləri dünyada mövcud siyasi riyakarlığa çəkir. Səbəb nədir?

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı Avropa Şurasının anti-Azərbaycan fəaliyyətindən bəhs edərkən, dünyada mövcud siyasi riayakarlığın da səbəbini izah edib.

Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur”, - dövlət başçısı qeyd edib.

Hərçənd, məsələ Azərbaycan olanda beynəlxalq təşkilatlar birtərəfli mənbədən daxil olan iddialar əsasında tələsik qətnamələr verir, qərarlar çıxarır. O zaman, altı il öncə qətlə yetirilən qaradərili Erik Qarner və Myakl Braunla eyni taleyi yaşayan Floydun ölümü, ardınca baş verən kütləvi iğtişaşlar, polis zorakılığı, jurnalistlərin döyülməsi və həbs edilməsi insan haqları prinsipinə daxil deyilmi?

Deyilmiş, çünki demokratiya və insan haqları yalnız hədəf seçilən ölkələrə qarşı aktual olur.

Floydın qətli ilə bağlı ABŞ-dakı etirazlara Kanadada, eləcə də Avropanın bir sıra ölkələrində də dəstək aksyaları keçirilir. Hər birində nümayişlər süngü ilə qarşılanır. Beynəlxalq təşkilatlar yenə susur.

Bu susqunluq fonunda ötən il Avropa strukturlarında Azərbaycanla bağlı qətnamə qəbul olunarkən baş verənlər yada düşür.

2019-cu il, 17 yanvar: Avropa strukturlarında Azərbaycan əleyhinə qondarma iddialarla qətnamə qəbul edilən gün Ermənistanda “Nubaraşen” həbsxanasında 44 gün aclıq aksiyası keçirən “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini, jurnalist, “haynews.am” saytının rəhbəri Mqer Yegizaryan səhhətində yaranan problemlərə görə təcili xəstəxanaya köçürüldü. Yegizaryan 2018-ci ilin 5 dekabrında aclıq aksiyasına başlamışdı. Səbəb siyasi mövqeyinə görə Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Paşinyan jurnalisti cəzalandırırdı, çünki o, “inqilaba” dəstək verməmiş və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımlamışdı.

Yegizaryan siyasi mövqeyinə görə həbsə atıldı, girov qarşılığında sərbəst buraxılmaq xahişi də rədd edildi, ən nəhayət, çıxış yolu kimi aclıq aksiyasına başladı. Lakin bu, ona baha başa gəldi, 44 gün aclıqdan sonra yanvarın 17-də təcili xəstəxanaya köçürülən jurnalist yanvarın 26-da öldü.

Ermənistanda jurnalist və hakimiyyətin siyasi opponenti siyasi mövqeyinə görə göz önündə öldürüldüyü vaxt Avropa strukturları Azərbaycana qarşı hücuma keçmişdi və İrəvanda Paşinyanın siyasi qətlləri ilə bağlı heç bir reaksiya verilmədi. Hər fürsətdə Bakının ünvanına ittihamlar yağdıran Avropa Şurası Parlament Assambleyası isə üzvü olan Ermənistanı sanki görmürdü. Və həmin hadisə insan haqları və demokratiya psinriplərinin siyasi təzyiq aləti kimi istifadə edildiyinin növbəti sübut idi.

Ermənistanda siyasi qətlləri görməzdən gələn, güclü ölkələrdə polis zorakılığı qarşısında susan təşkilatların “prinsipləri” məsələ Azərbaycan olanda yada düşür. Misal üçün, Paşinyanın siyasi rəqibini qətlə yetirməsini “məqbul” hesab edən AŞPA 2020-ci ilin yanvarında birtərəfli iddialar əsasında “siyasi məhbus” ittihamı ilə Azərbaycana qarşı qətnamə qəbul etdi. Mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimdə keçirilən qondarma “seçkiləri” isə qınamamaqla ermənilərə “yaşıl işıq” yandırdı. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirir.

Prezident İlham Əliyevin Tərtər rayonunda çıxışı zamanı bu məsələyə toxunması AŞPA-dakı azərbaycanafobiyanın səbəblərini yenidən gündəmə gətirdi.

İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!... Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq”, - dövlət başçısı bəyan edib.

Prezident açıq şəkildə bu qurumun Ermənistan tərəfini dəstəklədiyini bildirdi. Bununla bağlı kifayət qədər faktlar mövcuddur.

AŞPA-nın Ermənistan sevgisi: erməni diasporu/lobbisinin bu qurumun fəaliyyətinə uzun müddətdir yön verdiyinə dair məlumatlar var və Azərbaycana qarşı qəbul olunan qərarların arxasında məhz erməni lobbisinin də təmsil olunduğu şəbəkə dayanır. 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni şəbəkəsini de-şifrə edən məlumatları baş verənləri anlamağa imkan verir. Hesabatda AŞPA-dakı anti-Azərbaycan əməliyyatlarının 2012-ci ildən gücləndiyini və bu prosesi tərkibində Corc Sorosun da olduğu məlum şəbəkənin həyata keçirdiyi faktlarla sübut olunur. (Hesabatın linki).

Azərbaycana qarşı qisas əməliyyatı: Bu şəbəkə 2013-cü ildə Azərbaycanda “siyasi məhbus” iddialarına dair hesabat hazırladı və qurumda səsverməyə çıxarıldı. Hesabatın müəllifi anti-Azərbaycan şəbəkəsinin aparıcı üzvü və qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcək qədər ermənipərəst olan Kristof Ştrasser idi. Lakin hesabat səsvermə zamanı rədd edildi və məğlub olan anti-Azərbaycan şəbəkəsi rəsmi Bakıya qarşı qisas əməliyyatına başladıl: hər fürsətdə Azərbaycanı qaralayır, qondarma iddiaları qurumun gündəliyinə daşıyır, Bakıya qarşı qətnamələr, qərarlar qəbul edilməsinə çalışırlar. 2017-ci ildə ortaya atlan mifik “Azərbaycan landromatı” məsələsi, Azərbaycanda demokratiyanın vəziyyətinə dair qəbul edilən qətnamələr, bu ilin yanvar ayında “siyasi məhbus” məsələsi haqda qətnamə və digərləri də eyni mətbəxin məhsuludur. 2020-ci ilin yanvar ayında qəbul edilən qətnamənin parlament seçkiləri ərəfəsində baş verməsi də anti-Azərbaycan kampaniyasının tərkib hissəsi idi.

İslamafobiya: Qərb strukturlarının anti-Azərbaycan mövqeyində bu amil də qırmızı xətlə seçilir. Xüsusilə Suriya və Liviyada münaqişələrindən sonra Avropa üçün yaranan miqrasiya problemi islamofobiyanı açıq şəkildə biruzə verdi. AŞPA isə islamofobiyanı azərnbaycanafobiya olaraq daha da lokallaşdırıb.

Qurumun Qarabağdakı qondarma seçkiləri qınamaması, Ermənistana olan xüsusi simpatiyası və illərdir davam edən anti-Azərbaycan mövqeyinin arxasında bu amillər dayanır.

Və burada ölkəmizin fəaliyyətini azərbaycanafobiya üzərində quran AŞPA-da təmsilçiliyi sual altına düşür.

Prezident İlham Əliyev də bəyan etdi ki, bu qurumun Azərbaycana qarşı qərəzli və qondarma ittihamları qəbul edilməzdir və qətbul olunan qətnamələr, verilən qərarlar kağız parçasından başqa bir şey deyil.

AŞPA bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir və burada itirən tərəf Azərbaycanın olmayacağı dəqiqdir.

Azərbaycan bu gün dünyada multikulturalizm, beynəlxalq sülh və qlobal dialoq kimi həyati əhəmiyyətli məsələlərin aparıcı faktoruna çevrilib.

Qərb və Şərq cəbhəsi dünya üçün əhəmiyyətli dialoqları Azərbaycanda aparır;

Azərbaycan bəşəriyyətin xilası üçün önəmli olan multikulturalizmin və dinlərarası dialoqun əsas məkanıdır;

COVİD-19 pandemiyası zamanı rəsmi Bakının beynəlxalq həmrəyliyin əldə edilməsi istiqamətində atdığı addımlar – Türk Şurası və 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi, pandemiyaya qarşı mübarizədə qlobal həmrəyliyə nail olunması və s. – Azərbaycanın beynəlxalq səviyyəki nüfuzundan xəbər verir; (Azərbaycan dünyanın pandemiyaya qalib gəlməsi üçün Yol Xəritəsi hazırladı).

Azərbaycanın nüfuzu fonunda AŞPA-nın vəziyyəti acınacaqlı görünür. Son dövrlər tamamilə nüfuzdan düşən qurumun müzakirələri də bunu deməyə əsas verir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilmiş qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib. AŞPA-nın ölmüş nüfuzunu qazanmaq və “işlək qurum” görüntüsü yaratmaq üçün Azərbaycan üzərindən reytinq qazanmaq cəhdləri də təsadüfi deyil.

AŞPA Azərbaycanla körpüləri yandırmaqdan nələr itirəcəyini yaxşı düşünməlidir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm