Nida Təhlil
“Özünüzü öldürməyin” - Koronavirus təhlükəsi və Məhərrəmlikdə ibadət...
“Öz əlinizlə özünü təhlükəyə atmayın”. Bəqərə sürəsi, 195-ci ayə.
Qurani-Kərimdə Allahın bəndələrinə çatdırdığı buyruğu koronavirus pandemiyasının mövcud olduğu dövrdə məscidlərin ibadətə açılması istəkləri və tələbləri fonunda yada düşür.
Allah Adəm övladından özünü təhlükəyə atmamasını istəyir. Bu hansısa təbii fəlakət zamanı da ola bilər, yaxud hazırki pandemiya dövründə də. İnsan övladı Allahın buyruğuna əməl etməlidir, çünki müqəddəs kitabımızda, eləcə də Məhəmməd Peyğəmbərin (s.ə.s) nəsihətlərində də insana verilən ən gözəl nemətlərdən birinin, bəlkə də birincinin onun sağlamlığı olduğu bildirilir.
Allahın Rəsulu (s.ə.s) buyurur: “Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin”.
Bu, pandemiya dövründə ən vacib nəsihətlərdən hesab oluna bilər. Allahın və Rəsulunun buyruğuna rəğmən, müəyyən kəsim avqustun 21-də başlayacaq Məhərrəmlik ayı dövründə məscidlərin ibadətə açılmasını istəyirlər, təkcə istəmir, bəzən də tələb edirlər. Hətta bəzi hallarda insan sağlamlığının qorunması qaydalarını siyasiləşdirməyə çalışanlara da rast gəlirik.
Məsclidlərin açılması niyə təhlükəlidir?
Koronavirusun yoluxma təhlükəsi qapalı məkanlarda kütləvi toplanış zamanı dəfələrlə çoxalır. Məscidlər qapalı məkandır və ibadət vaxtı sosial məsafənin saxlanılması qaydasına tam riayət etmək mümkün deyil. Sosial məsafənin olmaması yoluxma riskini daha da artırır.
Kanadada McMaster Universitetinin 6 qitənin 16 ölkəsində apardığı araşdırmada bildirilir ki, “virusun 1 metr məsafədən ötürülmə riski 12,8 faiz, 1 metrdən uzaq məsafədən ötürülməsi riski isə 2,6 faizdir. Ən təsirli məsafə 2 metr və daha çoxdur”.
Bu risk açıq məkanlara aiddir, qapalı məkanda isə təhlükə daha da artır.
Azərbaycanda koronavirusa qarşı mübarizə yoluxma hallarının iki və daha çox azalması ilə nəticələndi, lakin epidemiyanın təhlükəsi hələ də mövcuddur. Bu vəziyyətin təhlükəli həddə çatmaması üçün hər kəsin diqqətli olması, qaydalara əməl etməsi lazımdır. Məscidlərin açılmaması da bu baxımdan vacibdir. Məscidlər Məhərrəmlik ayı boyunca ibadətə açılarsa, nəticəsini heç kim təxmin edə bilməz və yoluxma hallarının mövcud statistikadan qat-qat çox olacağı, ikinci dalğanın başlayacağı qaçılmaz ola bilər. İndiki halda ibadətin alternativ məkanı var. Bu, hər kəsin öz evidir.
Əgər şəriətdə xəstə insanın uzandığı yerdə namaz qılmasına icazə verilirsə, bu, Allahın bəndəsinin sağlamalığını ibadətindən daha vacib hesab etdiyinin sadə isbatıdır. İndiki şəraitdə ibadətin məscidlərdə yox, evdə edilməsi Allaha da xoş gedər. Çünki insan sağlamlığı hər şeydən üstündür.
Məhəmməd peyğəmbər (s.ə.s) müharibə, təbii fəlakətlər və bəlalar zamanı ibadətin sonraya saxlanılmasının mümkün olduğunu buyururdu. Allahın Rəsulu onu da buyururdu ki, “Bir yerdə vəba olduğunu eşidəndə oraya getməyin, olduğunuz yerdə vəba olduqda isə oradan çıxmayın”. Bu, karantin qaydalarına əməl etməyin nə qədər vacib və əhəmiyyətli olduğunun hələ 14 əsr öncə peyğəmbər (s.ə.s) tərəfindən də bəyan edildiyini göstərir.
Pandemiya bütün müsəlman aləmində eyni vəziyyət yaradıb və İslam alimlərinin rəyinə əsasən, sanitariya qaydalarına əməl etməmək və xəstəliyin yayılmasına səbəb olmaq və zəmin yaratmaq haram və günahdır. Bununla bağlı din xadimlərinin müvafiq fətvası da var. Xəstəliyin yayıldığı dövrdə hansısa din ayinlərin təşkili cinayətdir. Bütün müsəlman aləmində İslam alimləri və din xadimləri dini mərasimlərin və ayinlərin keçirilməsi zamanı səhiyyə qurumlarının göstərişlərinə əməl edilməsini əsas meyar kimi qəbul etməyi vacib hesab edirlər.
Bu situasiyada koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə Məhərrəm ayının dini mərasim və ayinlərinin xüsusi şəraitdə qeyd olunması, Razaman ayının mərasimlərində olduğu kimi namazların fərdi qaydada evdə qılınması, müvafiq ayinlərin virtual məkanda izlənməsi vacibdir.
Əksini etmək xəstəliyin yayılmasına zəmin yaratmaqla Allahın buyruğuna qarşı çıxmaqdır. Allah Nisa surəsinin 29-cu ayəsində buyurur: “Özünüzü öldürməyin”.
Özünüzü öz əlinizlə təhlükəyə atmayın, özünüzün və başqalarının ölümünə bais olmayın, İslam alimlərinin tövsiyələrini dinləyin və ibadətinizi fərdi qaydada evdə edin. Xəstəliyin yayılmasına səbəb olmamağınız hər şeydən öncə Allaha xoş gedər...
Asif Nərimanlı
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA