Fransa erməniləri müdafiə edərək iqtisadiyyatını çökdürə bilər - XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Təhlil

Fransa erməniləri müdafiə edərək iqtisadiyyatını çökdürə bilər - XƏBƏRDARLIQ

“Fransa uzun illərdir ki, Ermənistanı dəstəkləyir. Hətta Qarabağ münaqişəsində çox qərəzli və subyektiv bir mövqe tutub. Söhbət jurnalistlərdən gedirsə, onun mövqeyindən asılı olmayaraq həmin media nümayəndəsiniz təhlükəsizliyi tam təmin olunmalıdır. Biz bütün jurnalistlərə belə bir təminat veririk və çəkilişə şərait yaradırıq. Ancaq Ermənistan həqiqəti dünyaya nümayiş etdirən reportyorlara qarşı təzyiq nümayiş etdirir”.

Bunu Publika.az-a politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, obyektiv məlumatların, təhlil və reportajların dünya mediası tərəfindən yayılması erməni tərəfini çox qıcıqlandırır və narahat edir: “Buna sübut elə Fransanın “TF 1” kanalının əməkdaşı Liseron Budula qarşı təşkil olunan hücumlardır. “Sərhədsiz reportyorlar” təşkilatı bunu pisləyən bəyanat yaydı. Ermənistanın tarixən eyni mövqedə olduğu Fransaya bu cür münasibəti təəccüb doğurur. Ancaq bu, o demək deyil ki, Ermənistan bu addımı ilə nəyisə həll edəcək və bu mövqe nələrəsə təsir göstərəcək. Amma hər halda bu, onu nümayiş etdirir ki, onlar gözlərini yumub və özlərini eşitməzliyə qoyur. Faktiki olaraq bu məsələdə kimsə gəlib obyektiv məlumat toplamaq istəyirsə, ona qarşı zərbələri endirir. Onlar üçün jurnalistin hansı ölkəni təmsil etməyinin bir önəmi yoxdur. Daha sonra isə özlərini obyektiv bir qüvvə kimi qələmə verirlər. Bu da onların iç üzüdür ki, biz artıq bunun illərdir şahidiyik”.

Politoloqun sözlərinə görə, Fransa “Şarl Ebdo” nəşrində islam aləmini təhqir olunması ilə bağlı vaxtilə dünya müsəlmanlarının çoxsaylı etirazlarına məhəl qoymayaraq demokratik azadlıqların müdafiəsinə qalxdı və söz azadlığını müdafiə etdi: “Fransa hökumətindən eyni mövqeni nümayiş etdirməsini gözləmək bizi yanılda bilər. Çünki onların mövqeyini anlamaq mümkün deyil. Burada da ikili standartlar işə düşə bilər. Rəsmi Paris milyonlarla müsəlmanın “Şarl Ebdo” nəşrində dəfələrlə təhqir edilməsinə göz yumub. Bu, o deməkdir ki, ya onların bu məsələyə olan mövqeyi tam fərqlidir, ya da sadəcə olaraq onların rəhbəri o qədər təcrübəsiz siyasətçidir ki, bir sıra məqamları sadəcə olaraq dərk etmək bacarığında deyil. Bu məsələ artıq müsəlman aləminə bəllidir və onlar öz nəticələrini çıxarıblar. Düşünmürəm ki, Fransa bu siyasəti ilə bundan sonra siyasi və yaxud iqtisadi uduş əldə etsin. Fransa erməniləri müdafiə edərək iqtisadiyyatını çökdürə bilər. Buna gedib-getməyəcəyi isə rəsmi Parisin mövqeyindən asılıdır. Əgər onların malları bir sıra bazarlarda satılmasa və embarqo edilsə, Fransa iqtisadiyyatına çox böyük zərbə vurulacaq".

F.Sadıqov qeyd edib ki, digər tərəfdən burada siyasi məqamlar da var: “Onlar söz azadlığı şüarı altında faktiki olaraq söz azadlığını boğurlar. Yəni, onlar millətlər arasında münaqişənin belə bir səviyyəyə qalxmasına faktiki olaraq təkan verirlər. Başa düşmürlər ki, hansısa bir müqəddəs məqamlara toxunurlar. Bu müqəddəs toxunulma isə heç vaxt müsbət bir nəticələrə gətirə bilməz. Çünki burada həm etnik, həm də dini məqamlar var . Buna çox həssas və incə yanaşmaq lazımdır. Ancaq görünən odur ki, Fransa hökuməti bunu dərk etməyi bacarmır. Ümid edirik ki, burada da Fransa söz azadlığını rəhbər tutacaq və Ermənistanın mövqeyinə zərbələr vurulacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm