"Amnesty International" və "Human Rights Watch" Ermənistanın terror siyasətini ifşa etdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Amnesty International" və "Human Rights Watch" Ermənistanın terror siyasətini ifşa etdi - ŞƏRH

"Amnesty International" və "Human Rights Watch"un Bərdə terroru ilə bağlı bəyanatı və Ermənistanın kasetli bombalardan istifadəsini pisləməsi işğalçı Ermənistanın terror siyasəti həyata keçirdiyini bir daha nümayiş etdirdi və bu siyasəti ifşa etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.

Onun sözlərinə görə, bu təşkilatların indiyədək münaqişəyə münasibət bildirməməsinin bir neçə səbəbi var: "Amnesty International" və "Human Rights Watch"un susması onunla bağlı idi ki, onlara müraciət olunmasa, iş prinsiplərinə görə baş verənlərə reaksiya vermirlər. Ancaq indi bizim xarici diplomatik orqanların, media nümayəndələrinin və digər müraciətlər başlayandan sonra bu qurumlar da artıq proseslərə reaksiya verməyə başladı. Beynəlxalq mexanizmlərin işə salınması üçün dövlətin müvafiq strukturları daha avtiv və fəal olmalıdır. Hazırda ölkəmizdə bu proses uğurla aparılır və elə buna görə də "Amnesty International" və "Human Rights Watch" erməni terroruna münasibət bildirdi”.

Ekspert qeyd edib ki, bununla yanaşı, müsbət haldır ki, digər beynəlxalq qurumlarda, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası artıq icraata qəbul edilib: “UNICEF də artıq müəyyən məsələlərə reaksiya verməyə başlayıb. Ayrı-ayrı dövlətlərdə olan beynəlxalq təşkilatlar problemi işıqlandırmağa davam edir. "Amnesty International" və "Human Rights Watch” təşkilatları da bu aspektdən çıxış etdi və Bərdə terroru ilə bağlı bəyanat verdilər. Görünür ki, Azərbaycan dövləti öz proqramlarını bu sahədə nə qədər genişləndirirsə, beynəlxalq qurumlar da daha çox aktiv mövqe nümayiş etdirməyə başlayır. Düşünürəm ki, tezliklə beynəlxalq təşkilatların mövqeyi əks olunacaq, xüsusilə də sülh və təhlükəsizliyə səlahiyyətli olan təşkilatlar da reaksiya verəcəklər. O cümlədən, BMT Təhlükəsizlik Şurası və digər qurumların bu proses istiqamətində fəaliyyəti aktivləşməlidir”.

Ə.Sadıqov əlavə edib ki, Bərdə, Gəncə, Tərtər və hərbi əməliyyatların getdiyi bölgədən uzaq ərazilərdə baş vermiş insan hüquqları pozuntuları, cinayət hadisələri, təcavüz cinayəti və nəticələrlə bağlı bir sıra beynəlxalq qurumlara müraciət etmək olar: “İnsan hüquqlarının pozuntusu ilə bağlı BMT çərçivəsində universal komitələr mövcuddur. Orada 9 komitə fəaliyyət göstərir. BMT-nin Uşaq Hüquqları Komitəsinə uşaq hüquqları ilə bağlı 1989-cu il Konvensiyasının 38-ci maddəsi ilə uşaqların himayədarları birbaşa müraciət etmək hüququna malikdir. Həmin komitəyə mütləq müraciət olunmalıdır. Bununla yanaşı, 1966-cı ildə qəbul olunan Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1976-cı il protokolu ilə həmin quruma fərdi şikayət proseduru mövcuddur. Dövlətimiz ora mülki və siyasi hüquqların pozulması ilə bağlı Ermənistana qarşı müraciət edə bilər, həm də haqları pozulmuş şəxslər birbaşa müraciət edə bilərlər”.

Professor vurğulayıb ki, bu komitələrin başqa alternativləri də var: “BMT-nin 2006-cı ildən şura kimi fəaliyyət göstərdiyi İnsan Hüquqları Şurası var və ora müraciət edilə bilər. Məsələnin hüquqi əhəmiyyəti az olsa da, siyasi aspekti yüksəkdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı da var ki, ora hələ tərəfimizdən müraciət olunmayıb. Ancaq BMT baş katibi münaqişə ilə bağlı ümumi formada mövqe bildirib. Bu qurumların hər birinə davamlı olaraq müraciətlər olunmalıdır, "Amnesty International" və "Human Rights Watch” kimi bu qurumlar da ölkəmizin haqlı səsini müdafiə etməlidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm