Paşinyansevdalılara Qarabağ ŞOKU: Onlar zəfərimizə qarşı daxildə cəbhə açır
Bizi izləyin

Nida Təhlil

Paşinyansevdalılara Qarabağ ŞOKU: Onlar zəfərimizə qarşı daxildə cəbhə açır

Bəs nə oldu, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıyeva, Tofiq Yaqublu və bütün paşinyasevdalılar?! Qarabağ azad olunmayacaqdı, bayrağımız Şuşada dalğalanmayacaqdı?!

Bu sual ritorik deyil, reallığın özünüdür, çünki iki il öncə Nikol Paşinyan “küçədən hakimiyyətə” gələndə bütün fəaliyyəti boyunca hakimiyyətə gəlmək üçün gah qızılgül taxan, gah narıncıya bürünən, gah da ərəbləşən müxalifət cameəsindəki bu qüvvələr – Əli Kərimli və dəstəsi, indi Milli Şura adı altında toplananlar qəfil Paşinyanlaşdı.

Qarabağın yolu Bakıdan keçir”. Həmin vaxt onların leksikonunda bu şüar yer almışdı və 90-cı illərdə Qarabağın işğalına zəmin yaradan “əvvəl hakimiyyəti götürək, sonra Qarabağı alarıq” gedişi 30 il sonra dəyişməyən mahiyyət olaraq yenidən peyda olmuşdu.

İddia edirdilər ki, “Azərbaycan demokratikləşməsə, torpaqlarımızı azad edə bilməyəcəyik, buna görə Qarabağın azadlığına gedən yol Bakıdan keçir”.

Bəs nə oldu?

Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Əli Kərimli və dəstəsinin hakimiyyətdə olduğu dövrdə 4 ilə işğal edilən torpaqlarımızı cəmi 44 günə azad etdi.

- İlham Əliyev vədinə əməl etdi və bayrağımızı Qarabağda dalğalandırdı;
- Azərbaycanın ərazi bütövlüyü təmin edildi;
- Dövlət sərhədimiz bərpa olundu;


Azərbaycan tarixinin son 250 illik məğlubiyyət tarixi Zəfər tarixi olaraq dəyişdi və bunu İlham Əliyev etdi.

Minlərlə itki verən Ermənistan sarsıdıcı məğlubiyyətin dəhşətlərini yaşayır. Ölkədə siyasi, iqtisadi, sosial, hətta mənəvi-psixoloji kollaps yaşanır. Hətta Ermənistan prezidenti Armen Sarkisyan düşdükləri vəziyyəti etiraf etməyə məcbur oldu.

Minlərlə gəncin ölümü həm cəmiyyət, həm onların ailələri üçün faciədir
26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf etmiş, müasir texnologiyalar tətbiq etmiş, Ermənistan isə arzusunu reallıq kimi qəbul etmişdir. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu, yoxdur Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. Ermənistan bu müharibəni itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birini ittiham edir. Ermənistan diz üstə çöküb, böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Çünki təkcə Ermənistan dövlətçiliyinin deyil, erməni insanının imicinə böyük zərbə vurulub; Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq - səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır
”, - Ermənistan prezidenti etiraf edir.

Hər gün Ermənistanda çaxnaşma və qarşıdurma yaşanır. Bütün bunlar 44 günlük müharibədə Azərbaycanın qazandığı böyük zəfərin nəticələridir. Bu zəfəri bütün dünya, hətta məğlub olan tərəf də qəbul edir, təkcə Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva və onların ətrafındakılar israrla “Azərbaycan qələbə qazanmayıb” deyirlər.

Bu səbəbsiz deyil, çünki məğlub olan təkcə Ermənistan yox, həm də bu qüvvələrdir. Çünki onlar proseslərə Azərbaycan dövləti və xalqının maraqları kontekstində yox, öz maraqları çərçivəsində baxırlar.

- Heç vaxt xalq arasında ciddi dəstəyi olmayan bu şəxslər şanlı zəfərdən sonra birdəfəlik siyasi səhnədən silinmək təhlükəsi hiss edirlər;
- İllər boyu manipulyasiya etdikləri Qarabağ mövzusu gündəmdən çıxır;
- Onların “bir gün hakimiyyətə gələcəyik” ümidləri və kiçik ətraflarını yanlarında saxlamaq üçün istifadə etdikləri təbliğatları alt-üst oldu;
- Azərbaycan xalqı bundan sonra Qarabağı azad edənin – Ali Baş Komandanın ətrafında daha sıx birləşəcək və bu, onların siyasi maraqlarına ziddir.


Məsələ Qarabağ, torpaq, Vətən eşqi deyil, məsələ cızıl ambisiyalardır və bu gün bu qüvvələr illərdir manipulyasiya etdikləri bu mövzunu itirməmək, siyasi səhnədə nəyin bahasına olursa olsun qalmaq naminə Ordumuzun qəhrəmanlığını, minlərlə şəhidin qanı bahasına qazanılan qələbəni xalqın əlindən oğurlamağa cəhd etməkdən çəkinmir, bu qələbəni xalqın gözündən salmaq, xalqda minlərlə şəhidin və qazinin qanı və sağlamlığı bahasına qazanılmış zəfərlə bağlı tərəddüd, şübhə yaratmaq, sevinc hissini narahatlıq hissi ilə əvəz etdirmək üçün əllərindən gələni edirlər.

Regionun geosiyasətini dəyişən qlobal enerji layihələrində də belə edirdilər, Bakıda keçirilən dünya əhəmiyyətli siyasi və ya idman tədbirləri zamanı da. İddia edirdilər ki, bütün bunlar mənasız, perspektivsiz, lazımsızdır. Köhnə metod indi də gündəmdədir. Bu dəfə minlərlə şəhidin qanı, minlərlə qazinin canı bahasına qazanılan qələbə hədəfdir.

Bunun bir adı var: düşmənçilik. Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıyevanın müharibədən sonrakı çıxışları və bəyanatları onların bu dövlətə və xalqa qarşı düşmənçilik missiyasını davam etdirdiyini göstərir.

Çünki onların fəaliyyəti təkcə öz cılız ambisiyalarından məhrum olmaq qorxusundan yox, həm də verilən tapşırıqlardan irəli gəlir. Bu, Azərbaycanın qələbəsinin şokundan indi-indi çıxmağa başlayan xaricdəki SOROS fondu kimi mərkəzlərin, güclü, öz qüdrətinə inanan, dövlətinə arxalanan xalqın qələbəsini əlindən almaq, onu sarsıtmaq istəyən qüvvələrin sifarişidir.

Hələ ötən il onlar Paşinyana “bəy tərifi” deyir, Azəerbaycanı söyürdülr.

- “Bu rejimlə Qarabağı azad etmək mümkün deyil”;
- “Demokratik hakimiyyət qurulsa, əraziləri azad edə bilərik”;
- “Əvvəlcə Bakını alaq, sonra Qarabağı…”;
- “İnqilab günü cəbhəni tərk edib, Bakıya gəlin, Bakını azad edəndən sonra Qarabağı azad edəcəyik”;


Bu çağırışları tez-tez eşidirdik. Onların tezisləri alt-üst oldu. Cəhdləri baş tutmadığı üçün indi son kartlarını oynayırlar: qələbəni gözdən salmaq.

Bunun üçün xalqa daxildən cəbhə açılır. Və bu missiyanın icrası yenə əvəzolunmaz “liderlərə” – Kərimli, Həsənli, Hacıyeva, Yaqublu kimilərə həvalə olunub.

Bütün bunlar bu insanların mənəvi sərhədləri keçdiyinin daha bir göstəricisidir: bu, yalnız xalq-hakimiyyət qarşıdurması yaratmağa cəhd deyil, bu, həm də minlərlə şəhidin ruhuna hörmətsizlikdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm