Paşinyan bu məqaləni ona görə yazıb ki... - Professor
Bizi izləyin

Nida Təhlil

Paşinyan bu məqaləni ona görə yazıb ki... - Professor

“Paşinyanın müharibədəki və ondan əvvəlki dövrdə məğlubiyyətlərinin detallarını izah edən məqaləni yazmaqda məqsədi müharibənin gedişində və uduzmalarında bütün siyasi elitanın onu günahlandırmasıdır. O isə göstərmək istəyib ki, müharibənin başlaması qaçılmaz idi. Bunun da səbəbləri var. Səbəb isə Ermənistan diplomatiyasının danışıqlar prosesindəki uğursuzluqları, məğlubiyyəti olub”.

Bu fikirləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin professoru, geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev deyib.

O bildirib ki, bu proseslərdə həmişə Ermənistan hansısa kompromisə getmək əvəzinə daha sərt ritorika ortaya qoyub və buna görə də diplomatiyası məğlubiyyətə uğrayıb: “Bunun əvəzində isə Azərbaycanın mövqeyi möhkəmlənib və nəticədə müharibənin başlanması qaçılmaz olub. Sadəcə burada Paşinyan istəyib ki, bu uğursuzluqlardan qaçmağa çalışsın. O diplomatik uğursuzluqlardan yayınmaq və danışıqların istiqamətini dəyişdirmək istəyib. Amma buna nail ola bilməyiblər. Belə olan halda isə müharibə qaçılmaz olub. Nəticədə Ermənistanın böhran vəziyyətinə düşməsi labüd nəticə kimi ortaya qoyulub. Bu məqalədə əsas məqsədlərdən biri də odur ki, Paşinyan Ermənistan cəmiyyətinə çatdırsın ki, müharibənin başlamasında və məğlubiyyətdə təkcə özü günahkar deyil, ondan əvvəlki hakimiyyət, siyasi elita da təqsirkardır. Məhz onlar Ermənistanı bu günə salıblar. Orduda vəziyyətin bu cür acınacaqlı olması tək Paşinyanla bağlı deyil. O, 2 il ərzində ordu qura bilməzdi. Vəziyyətin bu cür olması əvvəlki rəhbərlərlə, Koçaryan-Sarkisyan cütlüyü ilə bağlıdır. Onlar 20 il Ermənistana rəhbərlik ediblər və bu illər ərzində ölkəni acınacaqlı duruma salıblar”.

R.Sevdimalıyevin sözlərinə görə, Paşinyan hazırda çalışır ki, hansısa formada Ermənistanı vətəndaş müharibəsindən bir qədər kənara çıxarsın: “Məqalənin sonunda Paşinyan qeyd edir ki, hələ yenə açıqlamalar verəcəm. Əlavə detallar açıqlanacaq. Hazırda əsas məqsədi vətəndaş müharibəsinin baş verməsinin qarşısını almaqdır. Ona görə də Paşinyanın məqaləsi gələcəyə hesablanıb. Lakin hələ ki, siyasi elita onunla danışığa getmək istəmir, sərt şəkildə istefasını tələb edirlər. Amma məsələ burasındadır ki, Ermənistan cəmiyyətində əhali siyasi elitaya qoşulmayıb, hələ ki, baş verən hadisələri seyr edir. Paşinyana qarşı çıxış edənlər yalnız elitanın üsyanı, etirazıdır. Müxalif olanlar onlardır, hələ ki, erməni xalqı deyil. Erməni xalqının içərisində görünür, hələ də Paşinyana inananlar var.

Ən əsası odur ki, Ermənistan əhalisi Dağlıq Qarabağ klanının hakimiyyətə gəlməsini istəmir. Məsələ də burasındadır. Ona görə də Ermənistanda böhran vəziyyəti getdikcə dərinləşəcək və seçki prosesi hələ ki, qeyri-müəyyən olaraq qalmaqdadır. Seçkilərlə bağlı hazırda hansısa proqnoz vermək qeyri-mümkündür. Seçkilərin olub-olmayacağı sual altındadır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb və məqalə onun rəsmi saytında yerləşdirilib. O, məqaləsində Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışır və fiaskonun əsas səbəbkarlarını açıqlayır.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm