İnternet resurslarına nəzarət vacibdir – Ekspert
Bizi izləyin

Nida Təhlil

İnternet resurslarına nəzarət vacibdir – Ekspert

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni imtiyazların verilməsi yalnız mətbuatın xeyrinə ola bilər. Bəzi fikirlər səsləndirilir ki, dövlət qurumuna bu qədər geniş səlahiyyətlərin verilməsi mətbuatın demokratikliyini pozur. Mən bu fikirlərin əleyhinəyəm. Düşünürəm ki, dövlət nə qədər mətbuatın üzərində diqqəti artırsa, bu, mediamızın xeyrinə olacaq. KİVDF-nin fəaliyyətini bir qədər də təkmilləşdirməyə, yeri gələndə bəlkə də nizamnaməsində bəzi dəyişikliklər aparmağa ehtiyac var”.

Bunu Publika.az-a açıqlamasında “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev mediadakı problem və çatışmazlıqlar, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni imtiyazların verilməsi və mediadakı bəzi boşluqlarla bağlı danışarkən deyib. Ekspertin sözlərinə görə, internet üzərindən idarə edilən resurslara da hər hansı nəzarətin olunması vacibdir:

“Mən demirəm senzura, qadağalar olsun. Amma bizim mənəvi, əxlaqi dəyərlər fonunda təkcə dövlət yox, vətəndaş olaraq da nəzarət etmək vacibdir. Bəzən bu fikirləri tənqid edənlər də olur ki, niyə dövlət internet resurslarına nəzarət etməlidir. Deyim ki, dünya praktikasında bu var. Hətta dünya praktikasında bəzi paylaşımlara da məhdudiyyətlər tətbiq edilə bilir. Bu da dövlətin ideoloji, mənəvi dəyərlərinin qorunması ilə bağlı olur. Ona görə də burada hər hansı qəbahət görmürəm. Yeri gələndə sərt qanunlar da qəbul olunmalıdır. Eyni zamanda, sərbəstlik və demokratikliyə doğru addımlar ataraq mediaya daha da sərbəstləşmə vermək lazımdır. Sərbəstləşmə, demokratikləşmə xaos demək deyil. Birinin hüquqlarının bərpa olunduğu yerdə digərinin hüquqları pozulmamalıdır. Ona görə də ikisinin qızıl ortasını tapmalıyıq”.

Bəhruz Quliyev deyib ki, bir sıra hallarda medianın içərisindəki boşluqlar özünü göstərir: “Demirəm ki, qadağalar, senzuralar qoysun. Bu senzuraları 1998-ci ildə ulu öndər ləğv etdi. Bu, mətbuatın demokratikliyi və azadlığı uğrunda zəruri addımlardan biri idi. Bu gün qəzetlərin çapı üçün kağızlar Azərbaycana xaricdən gətirilir. Həmin kağızlardan əlavə dəyər vergisinin götürülməsi vacibdir. Bu, mətbuatın maddi-texniki bazasının güclənməsinə xidmət edə bilər. Texniki və yaradıcılıq problemlərimiz var. Kadrların olmaması 44 günlük müharibə dönəmində də özünü göstərdi. Kifayət qədər böyük problemlər yaratdı. Bəzi hallarda bilməyərəkdən dövlət və ya hərbi məlumatın ictimailəşməsi hallarına da rast gəldik. İxtisaslaşma məsələsi bu baxımdan çox vacibdir”.

Ekspert hesab edir ki, bu mənada hər şeyi dövlətin üzərinə yıxmaq, dövlətdən istəmək kimi yanaşmalar doğru deyil:

“Vətəndaş cəmiyyəti institutları da bəzi problemlərin həllində yardımçı və vasitəçi olmalıdır. Ötən illər göstərib ki, dövlət də bu problemlərin həllində maraqlıdır. Dövlət öz dəstəyini göstərir ki, vətəndaş cəmiyyəti institutu olaraq mətbuat sağlamlaşsın. Biz də problemlərin həlli yolunda öz təşəbbüsümüzü irəli sürməli, ona dəstək olmalıyıq”.

B.Quliyevin sözlərinə görə, mətbuatın bugünkü durumunu ümumi götürdükdə pis deyil:

“Geridə qalan illər göstərir ki, mətbuat hər gün inkişaf edir, inkişaf yolundadır. Ötən illərlə müqayisədə biz mətbuatın və medianın problemlərini, eləcə də onların həlli yollarını görürük. Azərbaycan mətbuatının, qəzetçiliyin 145 yaşı var. Amma qarşıda duran problemlər də mövcuddur. Bu gün reketizm elektronlaşıb. Yəni, internet resurslarına keçib. Bir haşiyə də çıxım ki, tarixən mətbuatda reketçilik olub. Hələ bir nümunə də çəkim, “O olmasın, bu olsun” operettasında bir obraz var, deyir ki, 10 manat ver, sənin haqqında bunu yazım və ya yazdığımı cırıb atım. Demək istəyirəm ki, o dövrdə də, sovetlər zamanında, bütün dövrlərdə reketçilik olub. Amma bu gün reketçiliyin özü də modernləşib. Bu, internet resursları üzərindən edilir. İnsanlar əziyyət çəkib qəzet çıxarmırlar, birbaşa fikirlərini internet resursları vasitəsi ilə ictimailəşdirirlər. Bu gün vətəndaş jurnalistikası aktualdır. Bütün ictimaiyyət jurnalist qismində çıxış edə bilir. Sosial şəbəkə istifadəçiləri insanların həyatına birbaşa müdaxilə edə bilirlər. Onların həyatlarını ictimailəşdirməyi bacarırlar. Konstitusiyamızda şəxsi həyatın ictimailəşməsi, nüfuzlu şəxslərin nüfuzunun aşağılanması ilə bağlı müəyyən maddələr var. Sonuncu referendumda bu, daha da təkmilləşdi. Müasir dövrün tələblərinə uyğun əlavə maddələr orada öz əksini tapdı. Qlobal dünyanın verdiyi imkanlarla yanaşı, problemlər də mövcuddur”.

Ekspertin fikrincə, bu problemləri tənzimləmək üçün qanunlar da var. Yəni, ali qanunlar kifayət qədər dolğundur:

“Bu qanunlar Azərbaycanda mətbuatın inkişafı üçün geniş ortam yaradıb. Amma mətbuatın özünün də problemləri var. İxtisaslaşma, reketçilik, kadrlar, dilimizin qorunması, televiziyada aparıcılarla bağlı problemlər mövcuddur. Sadaladığım problemlər çoxdur. Bu istiqamətdə addımlar atmaq zəruridir. Ona görə ki, bu, bizim deqradasiyamıza, kökümüzdən, mənəvi dəyərlərimizdən uzaqlaşmağımıza səbəb ola bilər. Ona görə də bu problemlərin tezliklə və onların üzərinə gedərək həlli istiqamətində addımların atılması vacibdir. Bütün bu kimi problemlərin həlli mətbuatın təmizlənməsinə, yeni dünyanın çağırışlarına qoşulmasına təkan ola bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm