Bakı və Aşqabadın “Dostluq” aktı: region üçün nümunə, strateji addım və dividendlər
Bizi izləyin

Nida Təhlil

Bakı və Aşqabadın “Dostluq” aktı: region üçün nümunə, strateji addım və dividendlər

Xəzərdə Azərbaycanın “Kəpəz”, Türkmənistanın “Sərdar” adlandırdığı yataqda iki ölkə “Dostluq” əhdi bağladı və bundan sonra yataq birgə istifadə olunacaq.

21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında imzalanan Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” Xəzər dənizində əməkdaşlığın, Azərbaycan və Türkmənistan münasibətlərinin, eləcə də hər iki ölkənin siyasi-iqtisadi dividentlər qazanmasının stimullaşdırılması baxımından əhəmiyyətli addım hesab oluna bilər.

“Dostluq” yatağı üzrə sazişin tarixi hadisə olduğunu daha yaxşı anlamaq üçün proseslərə əvvəldən baxmaq lazımdır.

1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan vasitələr 40 metr dərinlikdə işləyə bilirdi. Bu, Azərbaycanın karbohidrogen ehtiyatlarının istirmarına çətinlik yaradır və neft sənayesinin inkişafını axsadırdı. Ümumilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda bu istiqamətində mühüm addımlara start verildi. Təsadüfi deyil ki, 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi hesab olunur.

Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar - qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirildi.

1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə edildi. Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı.

Bu işlərin nəticəsində yeni yataqların istismarı mümkün oldu: 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıb; 1979-cu ildə “Günəşli”, 1985-ci ildə “Çıraq”, 1988-ci ildə “Azəri”, 1989-cu ildə “Kəpəz” yatağı aşkar edilib.

Xəzərdə qarşılıqlı anlaşma, dialoq mühiti...

Dənizdə yeni yataqların istismara verilməsi ilə həm Azərbaycan iqtisadiyyatının inkişafı sürətləndi, həm də bölgədə yeni iqtisadi mənzərə ortaya çıxdı. Təbii ki, müəyyən maraqların toqquşması, yaxud anlaşılmazlıqlar baş verir, lakin Azərbaycan daim əməkdaşlığın, dialoq mühtinin yaradılması formalaşması istiqamətində fəaliyyət göstərib. Bakının səyləri də regionda əməkdaşlığın inkişafına təkan verib.

1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” bölgədə enerji xəritəsini dəyişdirdi. Bu, dövlət müstəqilliyi bərpa ediləndən sonra həyata keçirilən uzaqgörən siyasətin nəticəsi idi.

“Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə mühüm siyasi addım idi və ilk dəfə Xəzər dənizində beynəlxalq əməkdaşlıq platforması yaradıldı.

Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşmasına çalışan Azərbaycan dənizin hüquqi statusunun müəyyən edilməsində də ilk təşəbbüskar oldu. Azərbaycanın səyəri Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.

Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilibdir. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunub.

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə əldə olunan razılaşma da bütün sahilyanı ölkələr arasında dənizin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verdi. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.

Azərbaycanın Türkmənistanla imzaladığı memorandom da Xəzərdə dialoq mühiti və əməkdaşlığın inkişaf etdirilməsi siyasətinin davamıldır.

“Dostluq” yatağı: tarixdən bu günə...

Azərbaycanın “Kəpəz”, Türkmənistanın “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

- 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb.
- Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin Türkmənistana səfərləri: 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il; Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri: 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il;


Nəticədə uzun illər işlənməsi mümkün olmayan yatağın “Dostluq” adı altında birgə istismarı razılaşdırıldı.

Bu dostluq əhdinin həm siyasi, həm də iqtisadi dividentləri var.

1. İki ölkə arasında münasibətlərin inkişafı üçün əhəmiyyətlidir: yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.

Prezident İlham Əliyev türkmənistanlı həmkarı ilə videokonfrans formatında görüşü zamanı bildirib: “Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar”.

Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır.

2. Azərbaycanın neft-qaz strategiyasının inkişafı: Prezident İlham Əliyev ölkəmizin neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Memorandumun imzalanması və yatağın istismara verilməsi bu yeniliklərdən biridir. Çünki yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

3. Sənəd Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bununla bir daha sübut olunur ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi hesab oluna bilər.

Azərbaycan Xəzərdə dialoq və əməkdaşlıq mühitinin inkişafı siyasətinə sadiqdir. Türkmənistanla əldə olunan razılaşma bunun növbəti nümunəsi və bütün region üçün örnəkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm