Dünya birliyi əsl erməni kimliyini görməlidir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Dünya birliyi əsl erməni kimliyini görməlidir - ŞƏRH

Azərbaycana qarşı mənfur əməllər törətmiş ermənilərin dağıdıcılıq əməlləri cavabsız qalmayacaq.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycanın Ermənistana qarşı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciətinin perspektivləri ilə bağlı sualımızı cavablandırarkən deyib:

“Məlum olduğu kimi yanvar ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.

İlk olaraq onu qeyd edim ki, məlum ərizə ilkin ərizədir və bunun ardınca Azərbaycana dəymiş ziyanın da hesablanması ilə daha geniş və əhatəli iddia qaldırılacaq və müvafiq məhkəmələrə təqdim olunacaq. Amma ilk ərizədə belə Ermənistanın cinayətləri ilə bağlı kifayət qədər tutarlı dəlillər əks olunub. Haqqında danışdığımız ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın birinci Qarabağ savaşında 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.

Ərizədə həmçinin 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.

Azərbaycanın Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.

Ərizədə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasıya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır və müvafiq olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.
İşğal olunmuş ərazilərimizdə Azərbaycan xalqına məxsus olan hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Çünki Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyri-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib və bunu heç bir halda inkar etmək mümkün deyil.

Ermənistanın cinayətkar fəaliyyəti ilə bağlı artıq beynəlxalq təşkilatların da rəyləri var. Bu istiqamətdə “Amnesty International” təşkilatının hesabatları diqqətçəkəndir. Məlumdur ki, qurum növbəti dəfə 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir. Belə hesabatlar Azərbaycanın haqlı mövqeyinin, Ermənistanın əsl simasının, atdığı beynəlxalq hüquqazidd addımların təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Birmənalı olaraq demək olar ki, Azərbaycana qarşı mənfur əməllər törətmiş ermənilərin dağıdıcılıq əməlləri cavabsız qalmayacaq. Onlar bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında mütləq şəkildə cavab verməli olacaqlar.

Növbəti mərhələdə Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq. Çünki bizim apardığımız dava təkcə torpaqlarımızın azadlığı uğrunda deyil. Bu, bir haqq davasıdır. Ədalətin bərpası uğrunda aparılan savaşdır. Bu dava vətəndaşlarımızın mülkiyyətini dağıdanlardan hesab sorulmasını, soydaşlarımızın pozulmuş haqlarının bərpasını da əhatə edir.

İşğal dövründə Dağlıq Qarabağ və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş bütün cinayət xarakterli məsələlərlə əlaqədar hüquqi prosedurlar aparılmalıdır. Haaqa və Cenevrə konvensiyalarının müddəaları əsas götürülərək beynəlxalq məhkəmə qarşısında iddialar qaldırılmalı və ifşa olunmalıdırlar. Dünya birliyi əsl erməni kimliyini görməlidir.

Növbəti addımlar olaraq Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın torpaq, su, meşə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyanın dəqiq hesablanması təmin edilməlidir. Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb olunmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm