Ermənistanın razılaşmaqdan başqa çıxış yolu yoxdur - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistanın razılaşmaqdan başqa çıxış yolu yoxdur - Politoloq

44 günlük vətən müharibəsinin hər saniyəsində Türkiyə yanımızda oldu. Hətta dünyanın əleyhimizə işləyən bütün qüvvələrinin təhdidlərini göz önünə alaraq bunu bütün səviyyələrdə bəyan etdilər. Cənab prezident Ərdoğan da qeyd etdi ki, Azərbaycanın hansı qərarları verməsindən asılı olmayaraq, hər zaman bizimlədir. F-16-larla bağlı Türkiyəyə qarşı təzyiqlər göstərməyə cəhd etdilər, eyni zamanda bəzi qüvvələrin Azərbaycana qarşı təzyiqlərinin də ardı-arası kəsilmirdi. 10 Noyabr bəyanatından sonra cənab Prezident bildirdi ki, atəşkəs rejiminin şərtlərinə əməl olunmasında və bölgədə sülhün uzun müddətli təmin olunmasında Türkiyə ilə Rusiya sülhməramlıları birlikdə fəaliyyət göstərəcək. Azərbaycan tərəfi dəfələrlə elan etdi ki, müharibə dövründə olduğu kimi, müharibədən sonra sülhün bərpa edilməsində və əməkdaşlığın genişləndirilməsi yolunda da Türkiyə hər zaman yanımızda olacaq. Belə də oldu.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

O, bildirib ki, Türkiyə hərbçilərinin regionda yerləşdirilməsinin bir qədər uzanması Azərbaycan cəmiyyətində narahatlıqlar doğururdu: “Buna baxmayaraq, Türkiyə bütün proseslərin içində idi. Sadəcə bir az gözləmək lazım idi. Hadisələri real şəkildə qiymətləndirməliyik. Azərbaycan ictimaiyyətində hamı deyirdi ki, niyə Türkiyənin hərbiçiləri gəlmir. Ermənilər onsuz da bütün dünyaya dezinformasya yayırdılar, anti-Azərbaycan və anti-türk təbliğatlarını bu gün də davam etdirirlər. Təəssüflər olsun ki, dünya ictimaiyyəti ermənilərin bu təbliğatına hələ ki, müəyyən dərəcədə inanır. Odur ki, belə bir vəziyyətdə hadisələrin səngiməsini gözləmək lazım idi. Bütün dünya Türkiyə və Azərbaycana qarşı hər cür təzyiqlərə əl atardı. BMT Təhlükəsizlik Şurasına qədər cəhd etdilər ki, məsələ qaldırsınlar. Cənab Prezidentin çevik fəaliyyəti və güclü diplomatiyası sayəsində bunların qarşısı alındı.

Hulisi Akar da dəfələrlə vurğulayırdı ki, Qarabağda Türkiyənin silahlı qüvvələri yerləşdiriləcək. Bu mənada, hadisələrin gedişatını sürətləndirmək və tələsik qərar vermək olmaz. Çox həssas dövrdən keçirik”.

Ekspert bildirib ki, Türkiyə silahlı qüvvələrinin regiona gəlişinin qarşısının alınması üçün hər cür cəhdlər göstərilirdi: “Amma fakt odur ki, Türkiyə bu gün burdadır, hər zaman olduğu kimi, yenə də yanımızdadır. Monitorinq mərkəzinin açılmasının və işə başlamasının əhəmiyyəti böyükdür. Rusiya ilə Türkiyə qarşılıqlı şəkildə bu bölgədə sülh yaratmaq əməliyyatlarında birgə iştirak edəcək”.

Kərəm Məmmədov qeyd edib ki, bölgədə kommunikasiya vasitələrinin açılması və bərpa olunması münaqişə tərəflərini, həm də bölgədə marağı olan dövlətlərinin qarşılıqlı ticari, iqtisadi, eyni zamanda da siyasi əməkdaşlığa cəlb etmək sülhün təmin olunması baxımdan vacibdir:

“Azərbaycan hər vəchlə bunu təyin etməyə çalışır və edir də. Türkiyənin də burada iştirak etməsi şübhəsiz ki, həm siyasi, həm də hərbi əhəmiyyət kəsb edir. Monitorinq Mərkəzinin də açılması və Türkiyə hərbi qüvvələrinin rəsmən Qarabağda olması artıq Azərbaycan ictimaiyyətini də sakitləşdirəcək və mövcud narahatçılığı aradan qaldıracaq.

Rusiya ilə Türkiyənin qarşılıqlı şəkildə əməkdaşlığı sülhün təmin olunması və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək. Ermənistanın bunu qəbul etməkdən başqa çıxış yolu yoxdur. Bu, çox böyük hərbi, siyasi addımdır. Biz bunun müsbət tərəflərini gələcəkdə görəcəyik. Ermənistan tərəfi müəyyən sərsəm bəyanatlar verir ki, revanş götürmək, hərbi hazırlığı bərpa etmək və ya yenidən müharibəyə hazırlaşmaq istəyir. Bu, ölkə ictimaiyyətində siyasi qüvvələrin ictimai fikri öz xeyrinə cəmləməkdən başqa bir şey deyil. Ermənistan iqtisadiyyatı da, siyasəti də böhran yaşayır. Yaxın bir neçə il müddətində o böhrandan çıxması da mümkün deyil.

Azərbaycan Prezidenti isə qarşıya qoyulan məqsədə çatmaq üçün səbrlə addım-addım irəliləyir. Bəzi incə məqamlar var ki, bir detalı üzərində işləmək lazımdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm