Nida Təhlil
Avropa nəhəngindən Azərbaycana böyük dəstək - DETALLAR
44 günlük Vətən müharibəsində İtaliya Azərbaycanı dəstəkləyən dost ölkələrdən biri oldu. Müharibədən sonra isə İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpa olunmasına cəlb olundu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qətiyyətlə bildirdi ki, italyan şirkətləri ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Dövlət başçısı qeyd etdi ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Növbəti mərhələdə bu şirkətlərin sayının daha da artması gözlənilir.
Ekspertlər İtaliya və Azərbaycan münasibətlərinin əhəmiyyətini Publika.az-a şərh edib.
Millət vəkilləri Nəsib Məhəməliyev, Vüqar Bayramov və təhsil eksperti İlqar Orucov yekdilliklə bildirib ki, Vətən müharibəsi dövründə İtaliyanın Azərbaycanla həmrəy olması bir çox cəhətdən vacibdir.
Millət vəkili Nəsib Məhəməliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gələcək perspektivlərini şərh edərkən qeyd edib ki, Avropanın ticarət müttəfiqləri arasında İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində birinci yeri tutur:
“İtaliya ilə Azərbaycan arasında olan həm iqtisadi, həm də mədəni əlaqələri yüksək qiymətləndirirəm. İtaliya kimi dünya çapında özünəməxsus yeri olan, Avropada kifayət qədər nüfuzu olan bir dövlətin 44 günlük müharibədə birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi və haqq işimizi müdafiə etməsi olduqca əhəmiyyətlidir.
İtaliya Avropa iqtisadiyyatının ümumi daxili məhsuluna görə 5-ci yerdədir. Dünya mədəniyyətinə çox böyük töhfələr vermiş bir dövlətin ölkəmizin yanında olması bilavasitə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin xarici siyasət sahəsində apardığı uğurlu addımdır. İtaliya kimi həm iqtisadi, həm də hərbi baxımdan hərtərəfli inkişaf etmiş bir dövlət olaraq ondan çox böyük xeyir götürə bilərik və qarşılıqlı faydalanma olar.
Ötən ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi dövlət səfərində imzalanmış tarixi sənədlər, müqavilələr, o cümlədən İtaliya-Azərbaycan Universitetinin yaradılması gələcəyə hesablanmış addımlardır. Bu baxımdan bizim Avropada İtaliya kimi müttəfiqə çox böyük ehtiyacımız var idi. Hesab edirəm ki, bizə qarşı qərəzli siyasət aparan bəzi ermənipərəst Avropa ölkələrindən fərqli olaraq İtaliyanın Azərbaycana qarşı mövqeyi dürüst və doğru siyasətdir. Gələcəkdə də ikitərəfli münasibətləri daha da inkişaf etdirəcəyik. Hesab edirəm ki, xarici siyasət kursumuz olduqca doğru istiqamətdə həyata keçirilir”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması yeni ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsində əhəmiyyətli hadisədir:
“Fransa-Azərbaycan Universitetinin (UFAZ) yaradılması Azərbaycanla Fransa ali təhsil müəssisələri arasında yeni keyfiyyətdə kadr hazırlığı aparılmasına hədəflənmiş qərar idi. Artıq bir neçə ildir ki, UFAZ Azərbaycanda fəaliyyət göstərir. Burada müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrindən də görürük ki, UFAZ-a seçim kifayət qədər yüksəkdir. Bu onu göstərir ki, bu ali təhsil müəssisəsi qısa müddətdə yaranmasına baxmayaraq, kifayət qədər nüfuz qazanıb. Bu nüfuzun əsasında keyfiyyətli təhsil, xüsusilə Avropa standartları dayanır. Əlbəttə ki, bu səbəblərə görə gənclərimiz də bu universiteti seçir.
Sözügedən universitetlə tanışam və bilirəm ki, orada çox savadlı müəllim kollektivi fəaliyyət göstərir. Bu tip universitetlərin yaradılması Azərbaycan üçün gənc kadrların formalaşmasını, eyni zamanda əmək bazarında daha səriştəli və savadlı kadrların hazırlanmasını təmin edəcək. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin yaradılması olduqca əhəmiyyətli addımdır. Azərbaycanlı tələbələrin Avropa standartlarına uyğun olaraq hazırlanması əmək bazarına təsirlə yanaşı, ali təhsil müəssisələrimiz arasında məhz UFAZ səviyyəsində universitet qurmaq istiqamətində rəqabət mühiti formalaşdırır”.
Cənub Qaz Dəhlizi, TAP-la əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığının nümunəvi xarakter daşıdığını bildirən millət vəkili Vüqar Bayramov qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, 2020-ci ilin yekunlarına əsasən Azərbaycanın ticarət dövriyyəsində İtaliya ən böyük yeri tutub:
“İtaliya ilə ticarət dövriyyəmiz 4 milyard 568 milyon dollar olub. Eyni zamanda son illərdə İtaliya-Azərbaycan münasibətləri formalaşdıqdan sonra İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 7 milyard dollar investisiya qoyuluşu həyata keçirilib. Bu da təbii ki, İtaliya şirkətlərinin Azərbaycanda fəal şəkildə iştirak etməsi anlamına gəlir. Eyni zamanda Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələrində ticarət dövriyyəsinin 92 faizi Azərbaycanın payına düşür. Bu da ondan xəbər verir ki, Azərbaycan İtaliya üçün regional olaraq təsiredici müttəfiq ölkədir. Bu müttəfiqlik strateji əhəmiyyət daşıyır.
Növbəti mərhələlərdə iki ölkə arasında strateji əlaqələrin daha da genişlənəcəyi gözlənilir. Növbəti illərdə İtaliya ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyacaq. Artıq Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycanın mavi qazı xarici bazara çıxarılır. Birinci mərhələdə Azərbaycan Avropaya 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr qaz idxal edəcək. Beləliklə iki ölkə arasındakı ticarət dövriyyəsi daha da artacaq.
Eyni zamanda, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərin bərpa və yenidən qurulmasında, iqtisadi aktivliyin formalaşmasında yaxından iştirak edəcək. Artıq İtaliya şirkətləri ilə yarımstansiyaların qurulması və enerji təminatı ilə bağlı anlaşma imzalanıb. Növbəti mərhələdə İtaliya şirkətləri digər sektorlara da sərmayə qoyuluşunda öz töhfələrini verəcək. Bu ondan xəbər verir ki, biz iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsini və ticarət dövriyyəsinin artmasını müşahidə edəcəyik”.
Aytən Məftun
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI