Prezident proseslərin necə cərəyan edəcəyini əvvəlcədən görürdü - Kərəm Məmmədov
Bizi izləyin

Nida Təhlil

Prezident proseslərin necə cərəyan edəcəyini əvvəlcədən görürdü - Kərəm Məmmədov

“2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdən bir il ötür. Müzakirələrdə tarixi debat yaşandı. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında olan dialoq zamanı dövlət başçısı qəti olaraq qeyd etdi ki, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Paşinyan isə sərsəm çıxışı ilə bütün dünyanın gözü önündə həm özünü, həm də bütün erməniləri ifşa etdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

K.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin prinsipial mövqeyi, diplomatik məharətinin yanında Paşinyanın absurd iddialar irəli sürməsi dünya ictimaiyyəti qarşısında ermənilərin iç üzünü açmış oldu:

“Dövlət başçısı qeyd etdi ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Cənab prezident tam sərbəst, səlis, diplomatik məharətlə, əsl dövlət xadiminə məxsus bir formada fikrini bildirdi və dediklərinin hər birini faktlarla, dəlillərlə sübut etdi. Ölkə başçısı dünya ictimaiyyətinə Xankəndi və Şuşanın salınması, eyni zamanda həmin ərazilərə ermənilərin nə zaman köçürülməsi ilə bağlı fakt və sübutları təqdim etdi. Bundan sonrakı proseslər də onu göstərdi ki, ölkə rəhbəri düşünülmüş şəkildə siyasi prosesləri idarə edərək, hadisələrin axarını nəzarət altında saxlayaraq, proseslərin hansı məcrada necə inkişaf etməsini tam dəqiqliklə və incəlikləri ilə nəzarət edir”.

Ekspert əlavə edib ki, Prezident İlham Əliyev dövlətin mənafeyini yüksək səviyyədə təmsil edərək proseslərin necə cərəyan edəcəyini əvvəlcədən görürdü: “Bu, Münhendəki panel müzakirələrdən sonra da özünü göstərdi. Ondan sonrakı mərhələlərdə, erməni diversant qruplarının Azərbaycan ərazisinə soxulması, Tovuzda baş verən hadisələr də bir daha göstərdi ki, ermənilər sərsəm bəyanatlar verməklə, bu bəyanatların arxasında qeyri-real hərəkətlər edirlər. Bunun da sonunda heç şübhəsiz ki, danışıqların dalana dirəndiyi hiss olunurdu. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə artıq danışıqlar prosesinin dayandırılması istiqamətində nöqtəni qoydu. Bu, ermənilərin dinc yolla torpaqlarımızı qaytarmaq niyyətində olmadıqlarını göstərirdi.

Bunun da nəticəsində 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında ermənilərə lazım olan zərbəni vurdu, nəticədə tarixi torpaqlarımızı işğaldan azad etdik və Azərbaycanın dövlət suverenliyini bütün ərazilərimizdən təmin etdik. Sonrakı proseslərdə də əminəm ki, Ermənistanla Azərbaycan arasındakı dövlət sərhəddi tam şəkildə bərpa olunacaq. Azərbaycan heç bir qarış torpağını Ermənistana güzəştə getmək fikrində deyil. Sovetlərdən ayrılanda necə ki, Azərbaycan Respublikası öz müstəqilliyini elan edibsə, həmin ərazilərdə də bizim dövlət suverenliyimiz tam şəkildə bərpa olunacaq sərhədlərimiz qurulacaq”.

K.Məmmədov bildirib ki, Ermənistanla ölkəmiz arasında olan sərhəd keçid xəttində Azərbaycanın sərhəd xidməti və gömrük məntəqələri qurulacaq: “Bu kommunikasiya xətlərinin açılması bütün region üçün geosiyasi əhəmiyyətə malikdir. Ermənilər gec-tez dərk edəcəklər ki, Ermənistan dövləti olaraq erməni xalqı da bu proseslərdən böyük qazanca götürəcək. Ömrü boyu qonşuya ərazi iddiası irəli sürməklə yaşamaq mümkün deyil. Bunun nəticəsini onlar gördülər, 44 gün ərzində erməni ordusu darmadağın edildi. Biz həmişə sülhün tərəfdarı olmuşuq, ermənilər isə buna razı olmadılar, layiqincə də cavablarını aldılar. Onlar növbəti müharibəyə can atsalar, revanş götürmək istəsələr budəfəki zərbə 44 günlük müharibədən daha betər olacaq. Onların bunu dərk etməsi üçün bir qədər zamana ehtiyac var".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm