Bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir - ŞƏRH

“Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev həmişə olduğu kimi, mətbuat konfransında da yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirdirməsi hətta iştirakçı media nümayəndələrini də təəcübləndirirdi: “Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, "Cənab prezident, bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısız. Mən 25 ildir jurnalistika ilə məşğulam, ancaq hər hansı prezidentin 4 dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam".

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlət başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Yəni, haqlı ikən haqsız duruma düşdüyümüz vəziyyət artıq arxada qalıb, indi situasiya tam fərqlidir”.

Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət, hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib: “Prezident İlham Əliyevin məhz Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlət başçısı dünya istimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltdi və mesaj verdi ki, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını törədənlərin cəzası verilməlidir. O, dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir desək yanılmarıq. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Bu, bir faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Əvvəllər isə məlum olduğu kimi, mənzərə tam fərqli idi. Haqlı olduğumuz halda haqsız duruma düşürdük.

Dövlət başçısı mətbuat konfransında bu məsələni şərh edərək bildirdi ki, “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”.

Deputatın sözlərinə görə, mətbuat konfransında dövlət başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib: “Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, rəşadətli Azərbaycan Ordusu və möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm