Post-müharibə prioritetləri və Qələbənin isbatladığı formul
Bizi izləyin

Nida Təhlil

Post-müharibə prioritetləri və Qələbənin isbatladığı formul

Qarşımızda hansı milli hədəflər var və o hədəflərə necə nail ola bilərik?

Təkcə Azərbaycana deyil, Yer kürəsindəki bütün toplumlara xarakterik olan bir xüsus var. İnsanların heç də hamısı gün ərzində eşitdiyi, gördüyü, oxuduğu çox sayda informasiya üzərində düşünür, təhlil etmir, müstəqil şəkildə məntiqi nəticələr çıxarmır. Kütlə də elə buradan yaranır. Kütləyə hər zaman qəliblər və hazır fikirlər lazımdır ki, onlara inansın, təkrarlasın, nümayiş etdirsin.

Ancaq Azərbaycan 44 günlük Vətən savaşında qazandığı ZƏFƏRlə elə bir tarixi mərhələyə qədəm qoyub ki, mümkün olduğu qədər çox vətəndaşımızı bu vərdişdən uzaqlaşdırmalı, xüsusən də sosial şəbəkələrin sayəsində vüsət alan qəlp xəbərlərdən uzaq tutmalıyıq. Girişi uzatmaq olmasın, bu günlərdə yeni media ilə bağlı çox samballı bir elmi araşdırma oxudum, bir fikir diqqətimi çox çəkdi. Yazırdılar ki, bir zamanlar insanlar informasiya qıtlığından əziyyət çəkirdilər, indi isə bolluğundan və kirliliyindən.

Odur ki, indi açacağım mövzunun hədəf auditoriyası səthi biliklərlə üzə duran, rasional mühakimənin faydalılıq əmsalını Facebook-un bəyənmə işarəsi ilə ölçən, virtual çayxana laqqırtılarına qoşulmaqla vətəndaş mövqeyi sərgilədiyini düşünən kirli informasiya həvəskarları deyil. Karl Saqanın məşhur aforizmi ilə desəm, inanmaq yox, bilmək, düşünmək, təhlil etmək və sonunda ləyaqətli vətəndaş olaraq ali işə töhfə vermək istəyənlər, buyurun, hökuməti, müxalifəti, məmurları, deputatları, canım sizə desin, ərəb ovçuları bir anlıq zehnimizdən qırağa qoyub, soyuq başla dövlətimiz və millətimiz üçün aktual suallara birgə cavab tapaq.

Bu ilin ilk rübünü geridə qoymaq üzrəyik, üstəlik, pandemiya, bitsə də, bitməsə də gələn ili də öz təsirində saxlayacaq kimi görünür. Müharibədən çıxmış, pandemiya ilə mübarizə aparan bir toplum olaraq qarşımızda hansı milli hədəflər var və o hədəflərə necə nail ola bilərik?

1) Azərbaycanın bir dövlət olaraq ən ümdə hədəfi, məncə, işğaldan azad etdiyimiz torpaqlara, o cümlədən 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə uyğun bir şəkildə Xankəndinə, Ağdərənin, Əsgəranın ərazilərinə köçkünlərimizin qayıdışını təmin etməkdir.

2) Buna paralel olaraq, Rusiya sülhməramlılarının təminatı ilə savaşdan sonra Azərbaycan ərazilərinə qayıtmış ermənilərin vətəndaşlaşdırılması prosesi getməli, onlar bizim dövlətin pasportunu daşımalı, pulundan və xidmətlərindən istifadə etməlidir. Bunun üçün müvafiq zonada demilitariziyasının aparılması ən vacib şərtdir.

3) “Zəngəzur dəhlizi”nin açılması bölgədə sülh və istiqrar üçün ən başlıca faktorlardan biridir. Bu dəhliz ya açılacaq, ya da açılacaq!!!

4) 10 noyabr 2020-ci ildə Ermənistan “Qarabağ Azərbaycandır” deməyə məcbur edilib, ancaq dövlətlər bir-birinin müstəqilliyini hələ də tanımayıb, daimi sülh, qonşuluq və əməkdaşlıq haqqında üzərinə öhdəliklər götürməyib. Ermənistanda revanşist qüvvələrin önə çıxması müşkül məsələ olsa da, problemi isti-isti çözməkdə yarar var, bu məsələ birdəfəlik həllini tapmalıdır.

5) Ölkə daxilində sabitlik və həmrəylik qorunmalı, sosial, iqtisadi, siyasi islahatlar genişlənməli, Azərbaycanın model dövlət olaraq vətəndaş məmnuniyyətinə arxalanan geopolitik oyunçu rolu güclənməlidir.

Bu beş hədəfdən hər biri böyük resurslara, əzmə və dəqiq proqramlara ehtiyac duyan, özü-özlüyündə çox sayda sub-prioritetləri olan kompleks işlərdir.

Tutalım, deyirik ki, məcburi köçkünlər bir an öncə öz dədə-baba torpaqlarına qayıtsın. Dildə demək asan olsa da, reallıq bir başqadır. Reallıq odur ki, Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda daş üstündə daş qalmayıb, Qubadlı və Laçın xarabalığa çevrilib, ərazilər minalanıb. Qayıdış üçün minalar təmizlənməli, kəndlər, qəsəbələr, şəhərlər tamamilə yenidən salınmalı, məktəblər, xəstəxanalar, parklar, kommunal xidmətlər, iaşə obyektləri bərpa olunmalı, dövlət qurumlarının və özəl müəssisələrin fəaliyyəti üçün imkanlar mövcud olmalıdır. Günü sabah bir neçə avtobusu, yük maşınını məcburi köçkünlərin yaşadığı sanatoriyaların, yataqxanaların qarşısında saxlayıb, “doluşun, torpaqlarımıza qayıdırıq” deməklə olacaq işlərdirmi bunlar?

Bütün bu işlərin görülməsi, üstəlik ən qısa müddətdə görülməsi üçün pul lazımdır, enerji lazımdır, əhatəli planlar, maddi-texniki təchizat, insan resursları, xüsusən də zaman lazımdır.

Bax, bu məqamda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin “biz zamanla yarışırıq” deməsinin səbəb və motivləri daha aydın şəkildə üzə çıxır.

Lap başda söyləmişdim, gəlin bütün önyarğılarımızı, qəliblərimizi, komplekslərimizi bir kənara qoyaq.

Azərbaycanda Heydər Əliyev siyasi platformasından kənarda, özünü illərlə prezident İlham Əliyevə rəqib, alternativ kimi təqdim etmək istəyənlər sırasında elə bir fiqur və qüvvə varmı ki, Azərbaycan dövlətinin ən önəmli prioritetlərinin həyata keçməsi üçün ZAMANLA YARIŞA BİLSİN?

Bəli, çeşidlədiyim beş hədəfdən hər birinin həyata keçməsi üçün Prezident İlham Əliyevin daxili və beynəlxalq arenadakı nüfuzu, insani xarakteri və liderlik keyfiyyətləri, dünyagörüşü, təcrübəsi, ideya generatoru və siyasət istehsalçısı olması, ölkəyə və proseslərə tam nəzarət edə bilməsi ən başlıca, ən prinsipal amillər məcmusudur.

İlham Əliyev- sözün əsl mənasında, Azərbaycan, qazi, qürurlu, qüdrətli Azərbaycan deməkdir!

28 may 1918-ci ildə Zaqafqaziya seyminin dağılmasından sonra müsəlman Şərqində ilk demokratik respublika yaratdıq. Gəl ki, mənfi və tənqidi mənada, əsla həddim olmayan kinayə ilə demirəm, qurucu babalarımızın boynundakı qalstukdan başqa dövlətçilik adına heç bir resursumuz yox idi, özümüzü aldatmayaq. Ertəsi gün bir sutkalıq dövlətin rəhbərləri toplandı, İrəvanı İsus Xristosdan üzü bəri, elə ona qədər də, heç zaman Güney Qafqazda dövləti olmamış, “cəmi üç günlük dövlətçilik ənənəsi olan qədim ermənilərə” güzəştə getdilər ki, bəlkə bölgəyə barış gələ... Hesablar tutmadı, tuta da bilməzdi, el deyimi ilə ifadə etsək, nəf qudurub mayanı yedi!

İlk cümhuriyyətimiz gün etibari ilə Gürcüstan və Ermənistandan sonra yaranmışdı, zaman etibari ilə onlardan öncə- 28 aprel 2020-ci ildə çökdü, işğal və ilhaq olundu. “Müstəqil Sovet Azərbaycanı” şüarı və iddiası ilə AXC-nin çökməsində rol alan Nəriman Nərimanov bir də onda ayıldı ki, Azərbaycandan çox, Ermənistanda sovetləşmənin getməsinə çalışır. Çünki ermənilər həm müstəqilliklərini saxlayıb, həm də yeni-yeni ərazilər ələ keçirirlər. Mərkəzin tapşırığı ilə N. Nərimanov dönəmin xarici işlər komissarı Mirzə Davud Hüseynova göstəriş vermişdi, həmin göstərişlə Azərbaycan SSR-dən sovet Ermənistanına göndərilən təbrik məktubunda Zəngəzur və Naxçıvandan imtina erməni bolşeviklərinə “inqilab hədiyyəsi” olaraq göstərilirdi. Mustafa Kamal Atatürk “türkün qapısı” dediyi Naxçıvanı xilas edə bildi, ancaq Zəngəzur əldən getdi. Qarabağ isə bir erməninin əlini necə qaldırmasından asılı vəziyyətə düşdü.

Amayak Nazaretyan adlı bir erməni bolşevik vardı, sonralar İosif Stalinin katibliyinin rəisi olmuş, 1937-ci illərdə repressiyaya uğramışdı. 4 iyul 1921-ci ildə keçirilən müzakirədə Dağlıq Qarabağın Azərbaycanda qalmasının lehinə səs vermişdi. Nazaretyanın əli xeyrimizə qalxmasaydı, Nərimanov vəziyyəti dəyişmək üçün vaxt da uda bilməyəcəkdi. Zatən, “müstəqil sovet Azərbaycanı” o vaxtı da sonacan uda bilmədi, DQMV təşkil olundu, bununla ermənilərin Qarabağ iddiası əsrin sonralarında yenidən baş qaldırmaq üçün zəmin qazandı.

Ötən əsrin 80-ci illərinin sonlarında ermənilər Qarabağa yenidən iddia etdilər, neo-daşnaklar DQMV ərazisində hakimiyyəti tam ələ keçirdilər, bir çox rayonlarımızı silah gücünə tutdular. Birinci Qarabağ savaşında məğlubiyyətimizin kulminasiya nöqtəsi Kəlbəcərin işğal edilməsi idi. Kəlbəcər hərbi-strateji mövqeyinə görə, Laçın- Şuşa və Ağdərə-Xankəndi istiqamətində uğurlu əməliyyat aparmaq üçün mühüm ərazidir. Lakin Kəlbəcər işğal təhlükəsi ilə üzləşəndə 1918-ci ildə Bakını, 1921-ci ildə Naxçıvanı xilas eləmiş qardaş Türkiyə dinc əhalini köçürmək üçün iki helikopteri belə bizə çox görmüşdü. Həmin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “qanımızla-canımızla Azərbaycanın yanındayıq” deyə 44 günlük savaşda dünyaya meydan oxudu, xarici işlər naziri Mövlud Çavuşoğlu ayağını Bakıdan kəsmədi, generalları “bütün cəbbəxanamız qardaşlarımızın ixtiyarındadır” dedi, istehsal etdiyi “Bayraqdar”larla düşmənin dərinliyində hərbi taqət qoymadıq.

Bütün bunlar, sadəcə yaxın tariximizin paradiqmaları deyil, həm də haradan-hara gəldiyimizin göstəriciləridir. Haradan-hara gəldiyimizin, eyni zamanda, necə, nələrin və kimlərin sayəsində gəldiyimizin fərqində olmalıyıq.

Ötən əsrin əvvəllərində “Dağlıq Qarabağ ermənilərinin qurultayı”adı altında dəfələrlə yığıncaq keçirilib, bu yığıncaqlarda hər dəfə bir imperiyanın ətəyindən yapışmaqla əzəli torpaqlarımızın qondarma və süni dövlət olan Ermənistana birləşdirilməsinə cəhd olunub. 100 ildən çox bir müddətdə Azərbaycana qarşı istifadə olunan siyasi, diplomatik, hərbi texnologiyalar “Dəmir yumruq”la məhv edilib, müstəqillik, Ermənistana birləşmək iddiaları qarışıq, status, muxtariyyət arzuları da, Prezident demiş, gorbagor olub.

Budur QƏLƏBƏ!

QƏLƏBƏ budur ki, Azərbaycan ərazi itirən, torpaq təslim edən, şərt dinləyən, çarə arayan bir ölkədən hökmlü, diqtəli, yeni reallıqlar yaradan bir dövlətə çevrilib.

İndi bu reallıq post-müharibə SİTUASİYASIndan strateji inkişaf magistralına çevrilməlidir.

Millət və cəmiyyət olaraq bizi bu yoldan çəkindirmək üçün çox yalanlar uydurulacaq, çox hiylələr dövriyyəyə buraxılacaq, çox manipulyasiya planları işə düşəcək.

Əlindən özgənin torpaqları çıxmış ermənilər, vəzifələrini, korrupsiya mexanizmlərini itirməkdə olan oliqarxlar, Azərbaycanı asılı və öz peyki kimi görmək istəyən beynəlxalq güclər bir millət olaraq bizi yolumuzdan sapdırmağa çalışacaqlar.

Qarşılarına bir formulla çıxacağıq.

44 günlük Vətən savaşından öncə dəfələrlə bəhs etdiyim və Qələbənin isbat etdiyi bu formul Azərbaycan prezidentinə güvən və ictimai dəstək sistemidir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm