“Bayden niyə “soyqırımı” dedi?”- Deputatdan ƏTRAFLI İZAH
Bizi izləyin

Nida Təhlil

“Bayden niyə “soyqırımı” dedi?”- Deputatdan ƏTRAFLI İZAH

"Bu il Ermənistanın 24 aprel “şənlikləri” xüsusilə yüksək əhvalı-ruhiyyədə keçir. Bəli, səhv demədim, məhz “şənliklər”. 100 il ərzində qondarma soyqırımı mifinin ağıla gələn və gəlməyən ən iyrənc üsullarla təbliği dünyanın dörd bir tərəfində yaşayan erməniləri elə inandırıb ki, artıq “soyqırım” ifadəsi dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir ermənini həyəcanlandırır".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Deputat bildirib ki, hər il anım tədbirlərinin təşkil olunduğu ölkələrdən hansındasa çıxış edənlərin nitqində “soyqırımı” sözünün ifadə edilməməsi onları məyus edir, bu möcüzəli sözün səsləndirilməsi isə onları ehtizaza gətirir, ermənilərə sonsuz sevinc və məmnunluq hissi yaşadır.

"Normal insan psixikasına zidd olan bu davranış siyasət dünyası tərəfindən məharətlə ermənilərin özünə qarşı istifadə olunur. “Soyqırım” sözünü səsləndirmək müqabilində istənilən xəyanətə və alçaqlığa gedə biləcklərindən əmin olan xarici siyasi dairələr öz geo-politik maraqlarını təmin etmək üçün elə 100 ildir ki, erməniləri alət kimi istifadə edirlər. Onları zaman-zaman dünyanın bu bölgəsində “əlaltı”, “cəsus” “forpost”, “kiçik bacı” və s kimi çox müxtəlif rollarda kullanan bütün güc mərkəzləri növbə ilə özlərinin regiondakı maraqlarını təmin ediblər, amma erməni xalqına bu sözü səsləndirməkdən başqa heç vaxt heç nə verməyiblər. Doğrudur, bircə dəfə 1918-ci ildə 9000 kv.km ərazidə onlara dövlətcilik bəxşiş edib və daha sonra onun 3 dəfə böyüdülməsinə nail olublar. Amma Azərbaycandan qoparıb ermənilərə hədiyyə etdikləri “müstəqil dövlət” də 100 il keçməsinə baxmayaraq hələ də Qərblə Şərq, Şimalla Cənub arasında heç bir statusu və strateji çəkisi olmayan kvazi-dövlət şəklində mövcuddur".

C.Feyziyev bildirib ki, özlərinə vətən və dövlət qurmaq istədikləri bölgənin əzəli sahibləri ilə dialoq və barış axtarmaq əvəzinə dünyanın böyük güclərinin çəkmələrini yalamağa hazır olan ermənilər dünyada “soyqırımı qurbanı” sayılmaqdan, “cəfakeş xalq” adlandırılmaqdan və bu kimi epitetlərlə alçalmaqdan ləzzət alan yeganə xalqdır.

"Ona görə ermənilərin saxta soyqırımı qurbanlarının saxta anım tarixini şənlik kimi qeyd etməsi də təbii qarşılanmalıdır.

Bu ilki “soyqırımı” şənlikləri ermənilər üçün əsil toy-bayrama çevrilib. Onillərlə xəyallarında Amerika prezidentinin dilindən soyqırımı ifadəsini eşitmək arzusu ilə yaşayan, çarpışan ermənilər bu gün Cozef Baydenin anım münasibətilə səsləndirdiyi çıxışla çoxillik arzularına qovuşdular. Bu gün dünya erməniliyi tarixində ən xoşbəxt günlərdən biridir. Bu dəfə şəxsən ABŞ prezidentinin dilindən onların əcdadlarının “soyqırımı qurbanları” adlandırılması ermənilərin 100 illik psevdo-dövlətçilik tarixinin ən böyük uğurudur. Bütün dünya erməniliyi sonsuz sevinc içindədir. Bir neçə gün keçəcək, eyforiya öləziyəcək və Baydenin soyqırım ifadəsini işlətməsinin də ermənilərin həyatını dəyişmədiyini dərk etdikcə onlar bunun da gələcək məkrli planları üçün işə yaramadığına əmin olacaqlar. Və yeni bir məyusluq dünya erməniliyini beləcə matəm içində yeni onilliklərə aparacaq".

"Ermənilər nəyə nail olmaq istəyirlər, biz bilirik" - deyə, deputat sözlərinə əlavə edib: "Amma onlar bilmirlər ki, miflər üzərində qurulan hər bir hekayənin bir gün həqiqət qarşısında faş olub puça dönməsi labüddür. Qarabağ macəraçılığında olduğu kimi. Və bunun xəbərdarlığını elə dünən BMT Baş katibinin sözçüsü Stefan Dücarrik verib. Soyqırımlarının Qarşısının Alınması üzrə BMT ofisinin veb-saytında “soyqırımı” terminin izahında erməni adının niyə çəkilməməsi haqqında verilmiş sualı cavablandırarkən Stefan Dücarrik deyib ki, “...soyqırımı aktı BMT tərəfindən yox, müvafiq məhkəmə orqanı tərəfindən təsbit olunmalıdır...”".

Deputatın sözlərinə görə, məhkəməyə müraciət etmək isə dünya miqyasında uydurulmuş ən böyük yalanın ifşası və 100 il ərzində ermənilərin uydurduğu saxta hekayələrin acı sonluğu olacaq.

"Bunu ermənilər də yaxşı bilir. Bayden də bunu bilməmiş deyil. Bəs niyə “soyqırımı” dedi? Baydenin dilindən “soyqırımı” ifadəsini eşidib eyforiyaya uğrayan ermənilər bu sualı özlərinə verib cavab tapmağa səy göstərməyəcəklər, çünki onlar artıq xoşbəxtdirlər. Amma Baydenin bu kəlməni işlətməsi yenə də ermənilərin xeyrinə deyil. Belə ki, 44 günlük müharibə bölgədəki vəziyyəti kökündən dəyişib. Azərbaycanın öz gücünə beynəlxalq ədaləti bərpa etməsi, Türkiyənin regionda çəkisinin və iştirakının artması, Rusiyanın yeni reallıqlara tolerant münasibəti bölgə dövlətləri üçün qarşılıqlı əməkdaşlıqdan başqa heç bir seçim qoymur. Qarşılıqlı əməkdaşlıq isə bütövlükdə dünyanın bu hissəsində bölgədaxili ziddiyyətləri istisna edir və belə bir vəziyyət bütün bölgə ölkələrini, hətta Ermənistanın az-çox praqmatik dairələrini və xüsusilə, dilənçilik səviyyəsində yaşayan əhalisini də tamamilə qane edir. 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən 6 tərəfli əməkdaşlıq layihəsi və hər iki ölkənin Ermənistanla münaqişə səhifəsini qapatmaq və əməkdaşlıq etmək təklifi Ermənistanı bu əməkdaşlığın ən böyük benefisiarına çevirmiş olur. Belə bir əməkdaşlığın baş tutacağı halda bölgəyə kənardan müdaxilə imkanları maksimum dərəcədə məhdudlaşır və bu da regionda maraqları olan böyük güc sahiblərini, o cümlədən ABŞ-ı qane etmir".

"Ona görə böyük güclər bölgədə sabitliyi və sülhü yox, daimi gərginliyi dəstəkləməkdə maraqlıdırlar" - o, deyib:

"Baydenin “soyqırımı” sözünü tələffüz etməsi də məhz mümkün bölgədaxili əməkdaşlığın qarşısını almağa, bölgəni daim özlərindən asılı vəziyyətdə saxlamağa xidmət edir.

Digər tərəfdən, ABŞ-ın hegemonluq iddiası o qədər amansızdır ki, Bayden hətta okeanın digər tərəfindəki bir çox strateji müttəfiqlərinin Cənubi Qafqazda sülhün və sabitliyin bərpasında maraqlı olduğunu belə nəzərə almadan bu addımı atıb. Trampın prezidentlik tarixçəsindən gördüyümüz kimi, ABŞ tərəfindən Avropadakı müttəfiqlərinin maraqlarını nəzərə almadan atılan belə addımlar isə Trans-atlantik müttəfiqliyin özünü də sarsıtmağa qadirdir. Amma hər bir Amerika prezidentinin, o cümlədən Cozef Baydenin öz seçicilərinə verdiyi vədlər də var. Görünür, respublikaçılarla rəqabətdə daxili siyasi partiya maraqlarının qorunması demokrat lider üçün xarici müttəfiqlərin maraqlarından daha önəmlidir.

Amerika prezidentindən fərqli olaraq çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən BMT Baş katibi Antonio Qutterişin partiyası yoxdur və onların siyasi karyerası seçicilərin verəcəyi səslərdən asılı deyil. Ona görə də ABŞ prezidentinin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına rəğmən bu günədək heç bir beynəlxalq təşkilat bu hadisələrin əsil mahiyyətini təhrif etməyə meyl göstərməyib. Bütün bunların Ermənistan siyasi dairələrində anlaşılması qeyri-mümkün görünür. Çünki ermənilər hələlik “soyqırımı” şənliklərindədirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm