Nida Təhlil
Ermənilərin “əsir” siyasəti: Bu dünyanın cəhənnəmindəki azərbaycanlıları necə xilas edək?
Bu gün Beynəlxalq İtkinlər Günüdür. Avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələblərini pozulub. O cümlədən də əsir götürülmüş azərbaycanlılar və onların taleyi ilə bağlı qarşı tərəfi məlumatlandırmamaqla Ermənistan bir daha beynəlxalq hüququ kobud şəkildə pozub.
Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur. Ancaq Ermənistan bu öhdəliklərdən boyun qaçırır.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucovanın sözlərinə görə, əsirlərin və girov götürülənlərin taleyi ilə bağlı son dövrlər müsbət gedişat var.
O bildirib ki, bu istiqamətdə müsbət addımlar Azərbaycan dövləti tərəfindən atılır: “Son vaxtlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum məzarların açılmasına icazə aldı. İstər əsas şəhidlər xiyabanında, istərsə də ikinci şəhidlər xiyabanında naməlum hərbçilərin məzarları açılır. Azərbaycan bununla bağlı xüsusi beynəlxalq proqrama qoşulub. İtkin düşmüş şəxslərin ailələrindən götürülmüş DNK analizləri nəticəsində işlər aparılır və naməlum məzarlarda dəfn olunmuş şəxslərin, yəni itkin hesab etdiyimiz insanların bəzilərinin şəhid olduğu aşkara çıxarılır. Bu, çox müsbət haldır.
44 günlük Vətən müharibəsi zamanında da hərbi qulluqçularımız arasında itkinlərimiz olmuşdu. İşğal altında olan ərazilərimiz tam şəkildə azad olunandan sonra DNK analizi keçirilildi və onların ailə üzvlərindən götürülən nümunələr nəticəsində o şəxslərin kimliyi məlum oldu və onların meyitlərinin qalıqları gətirilərək doğmalarının istəkləri ilə dəfn olundu. Naməlum hərbçilərin məzarları açılandan sonra ümid edirəm ki, bir neçə ailə artıq rahatlıq tapacaq”.
E.Orucova qeyd edib ki, ola bilər ki, itkin hesab etdiyimiz şəxslərin bəziləri Birinci Qarabağ müharibəsi zamanı şəhid olub və cəsədləri ortalıqda qalıb. Bu barədə isə Ermənistan tərəfi Azərbaycan tərəfinə məlumat verməyib: “Biz isə işğaldan sonra o torpaqlara gedə bilməmişik. Birinci Qarabağ müharibəsində düşmən irəliləyirdi, şəhidlərimiz olurdu. Onların cəsədləri işğal olunmuş ərazilərdə qalıb. Biz 28 il sonra o ərazilərə ayaq basdıq. Ancaq bu qədər müddətdən sonra orada qalan cəsədlərin hansı formada olması, tapılması bir qədər çətin görünür”.
Birlik sədri bildirib ki, illərlə Azərbaycan tərəfi bu istiqamətdə çox böyük işlər görüb, təbliğatlar aparıb: “Biz ermənilərlə bir araya gəlib “hamının hamıya” prinsipi ilə əsir və girovları dəyişmək istəmişik. Çünki əsir və girov götürülmüş şəxslərin erməni tərəfində qaldığını sübut edən müəyyən sayda şahidlərimiz var ki, onların ailə üzvləri, döyüş yoldaşlarıdır. Lakin erməni tərəfi hər dəfə olduğu kimi məkrli işə əl atıb. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə əsir və girovların qaytarılması ilə bağlı aparılacaq danışıqlarda üçüncü tərəfin, yəni Ermənistan və Azərbaycanın yox, tanınmamış separatçı qondarma “Dağlıq Qarabağ respublikasının” əsirlərlə bağlı komissiyasının iştirakını tələb edirdi. Təbii ki, Azərbaycan bu görüşdə iştirak edə bilməzdi. Əgər getsəydi, deməli öz ərazisində yaranan qondarma qurumu tanımalı idi. Problem bu olub və illərlə ermənilərin məkrli siyasəti burada özünü büruzə verib”.
E.Orucova vurğulayıb ki, hazırda Ermənistanda saxlanılan azərbaycanlı əsirlərlə bağlı detallı məlumat və onların sonrakı taleyi ilə bağlı heç bir məlumat yoxdur. Bunun isə bir çox səbəbləri var: “İctimai birliyimiz vətəndaş cəmiyyətidir. Bizim erməni tərəfi ilə, onların QHT-ləri ilə heç bir əlaqəmiz yoxdur. Buna görə də orada saxlanılan azərbaycanlı əsir və girovlarla bağlı hər hansısa bir məlumatı əldə edə bilməmişik. Bu barədə dövlət səviyyəsində iş gedir. Pandemiyadan əvvəl hər il itkin düşmüş və girov götürülmüş şəxslərin ailə üzvləri ilə görüşürdüm, ailələrə baş çəkirdim, ofisimizdə də toplaşırdıq və mənəvi dəstək vermək üçün onları bir araya gətirirdim. Bu ailələri diqqətdə saxlamaq lazımdır.
17 ildir ki, bu işlə məşğulam, bu ailələrlə işləyirəm. Onların nə dərəcədə psixoloji gərginlik içərisində olduğunu görürəm. Bu illər ərzində itkin düşən, girov götürülən şəxslərin ailə üzvlərinin, valideynlərinin həsrətlə bu dünyadan həsrətlə köçdüyünü görmüşəm, onların nələr çəkdiyinin şahidi olmuşam. Onlar hələ də ümid edirlər ki, əzizləri bir gün sağ-salamat Vətənə qayıdacaq, ya da qayıtmayacaqsa da, onların meyitləri qaytarılacaq. İtkin ailələrinin şəhid ailələrinə necə həsrətlə baxdığını görmüşəm. Ona görə ki, itkin ailələri düşünür ki, onlar ürəyi istəyəndə gedib doğmasının məzarını ziyarət edə bilmir, bayramlarda gedib onu yad edə bilmir. Onlar çox çarəsizdirlər, çiyinlərində böyük və ağır yük daşıyırlar. Ümid edirəm ki, bir gün onların hər birinin gözü yollardan çəkiləcək”.
Ermənistan tərəfi itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıq etmir. Aydındır ki, əsir və girov götürdüyü insanlara beynəlxalq hüquq normalarına zidd olaraq davranan və əksər hallarda onları vəhşiliklə öldürən Ermənistan tərəfi öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə bu istiqamətdə əməkdaşlıqdan boyun qaçırır.
Hüquq müdafiəçisi Əvəz Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti itkin düşmüş və girov götürülən şəxslərlə bağlı bütün məlumat bazasını toplayıb. O şəxslərin valideynləri, qohumları ilə əlaqə yaradaraq onların DNK nümaunələri götürülür: “Hər şey edilir ki, onların qalıqları tapılsa belə, çox qısa müddətdə onları müəyyənləşdirmək mümkün olsun. Son illərdə Ermənistanla vəziyyətin gərginliyindən sonra, xüsusilə 2016-cı ildən bəri bu istiqamətdə ciddi bir əməkdaşlıq yoxdur. Beynəlxalq səviyyədə bu işlə məşğul olan Beynəlxalq Qırmızı Xaç Komitəsi var. Həmin komitə qeyd etdiyim məlumat bazasının toplanmasını hökumətin razılığı ilə birbaşa həyata keçirir. Bu sahədə kifayət qədər iş görülüb, xeyli sayda əhali məlumat bazasının toplanması prosesinə cəlb olunub. İndi ola bilsin ki, gələcəkdə Ermənistanla hansısa bir sülh müqaviləsi imzalanacaqsa, yaxın illərdə bu istiqamətdə də bir irəliləyiş olduğunu görə bilərik. Çünki Ermənistanla barış imzalanacaqsa, mütləq ən əsas problem olan itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin müəyyən olunması problemini həll etmək lazım olacaq. Hazırda əsas prioritet problemlərdən həm beynəlxalq ictimaiyyət üçün, həm də tərəflər arasında qarşılıqlı inamı yaratmaq üçün məhz budur”.
Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır.
Hüquq müdafiəçisi bildirib ki, Ermənistan məcbur olub məlumat bazasını təqdim etməli, onlar bu prosesdə iştirak etməlidir, dövlət isə o insanların taleyi ilə bağlı qarşı tərəfi məlumatlandırmalı, və ya şərait yaratmalıdır ki, qarşı tərəf gəlib o insanların axtarılmasında iştirak etsin: “Biz uzun illərdir qlobal diqqəti cəlb etməyə çalışırıq. Ancaq qlobal diqqəti cəlb etmək üçün fərqli işlər görülməlidir. Beynəlxalq təşkilatların buraya cəlb olunması çox ciddi lazımdır. Bu mövzunu beynəlxalq aləm üçün əlçatan etmək lazımdır, çalışmaq lazımdır ki, beynəlxalq ictimaiyyət kifayət qədər Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı mövzuları öyrənsin. Azərbaycanlı alimlər, tarixçilər, siyasətçilər bu mövzunu daim diqqətdə saxlamalıdırlar. Azərbaycan ədəbiyyatında, kinosunda buna yer verilməlidir. Bu sahədə ciddi araşdırma aparılmalıdır”.
Ermənistandan fərqli olaraq Azərbaycan əsir və girov götürülmüş şəxslərlə bağlı hər zaman humanist davranıb və erməni əsirlər haqqında qarşı tərəfi dəqiq məlumatlandırıb, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində addınmlar atıb. Ermənistan isə bunun tam əksini edir.
Millət vəkili Elman Məmmədov qeyd edib ki, ermənilər beynəlxalq hüququ tapdamaqla yanaşı, insanlığa sığmayan hərəkətlər törədib - azərbaycanlı əsirlərə işgəncələr verib, onlar əzab və əziyyətlə öldürüblər:
“İtkinlərdən 150 nəfərə yaxını Xocalı sakinləridir. 26 fevral 1992-ci ildə ermənilər Xocalıda soyqırımı törətdilər, xeyli mülki şəxs əsir və girov götürüldü. Onların içərisində bir nəfər də olsun hərbçi yox idi. O zaman 1000 nəfərə yaxın insandan söhbət gedirdi. Onlardan ermənilər tərəfindən qətlə yetirilənlər, qaytarılanlar, dəyişilənlər oldu. Ancaq 150 nəfərlə bağlı bu günə qədər də heç bir məlumat ala bilməmişik. Baxmayaraq ki, o dövrlərdən bəri biz bütün beynəlxalq qurumlara, bu işlə məşğul olan mərkəzlərə müraciət etmişik. Heç bir xəbər olmayıb. Ermənilər bu insanları əvvəlcə həbs düşərgələrində saxlasalar da, sonradan o düşərgələrdən çıxardılıb, başqa yerlərdə, Ermənistanın müxtəlif ucqar yerlərində saxlanılıb, qul kimi istifadə olunub. Qətlə yetirilənlər də çox oldu. Ermənilər əsir və girovluqda olan şəxsləri öldürüb heç bir məlumat verməyərək növbəti cinayətə əl atdılar. Və yaxud da, sağ idilərsə də məlumat verilmədi. Beynəlxalq qanunvericilik var. Əgər Ermənistan əsir və girovlar barədə heç bir məlumat vermirsə, bu da terrorun bir növüdür. Terrorçu dövlət və qurum bu cür hərəkət edir. Ermənistan bu günə kimi də həmin cinayəti edir və buna görə 30 il ərzində bu ölkəyə heç bir cəza, sanksiya tətbiq olunmadı. Azərbaycan Birinci və İkinci Qarabağ müharibəsi dövründə biz tərəfdə olan nə qədər erməni əsiri oldusa, onlar haqqında dəqiq məlumat verdi, saxlanma şəraiti dəqiq müəyyən olundu, beynəlxalq qurumlar, Qırmızı Xaç Komitəsi və digərləri gəldilər, araşdırdılar, məlumat apardılar ki, onlar Azərbaycanda hansı şəraitdə, necə saxlanılır. Dövlətimiz onların hər biri haqqında dəqiq məlumatı verdi”.
E.Məmmədov əlavə edib ki, İkinci Qarabağ müharibəsi dövründə də tərəfimizdən əsir götürülən yüzdən çox erməni Ermənistana təhvil verilib: “Onların saxlanma şəraiti də yaxşı olub. Ancaq Ermənistan haqqında bunu demək olmaz. Onlar azərbaycanlı əsirlərklə vəhşicəsinə davranıblar, işgəncələr verib öldürüblər, öldürmədiklərini də şikəst ediblər, başına min oyun açıb qaytarıblar. Məsələn, Xocalı sakinlərinin əsirlikdən gələnlərindən xeyli hissəsi bir neçə gün və ya aydan sonra dünyasını dəyişiblər. Səbəb ermənilərin onlara əsirlikdə verdiyi işgəncələr, bədənlərinə zəhərli maddələrin yeridilməsidir. Əsirlikdən gələn şəxslər bir neçə gün sonra əzab-əziyyətlə ölürdülər. Ermənilər bu gün də bu cinayəti törətməyə davam edirlər, bizim minlərlə insanımız haqqında məlumat ala bilmirik. Beynəlxalq qurumlar da buna susur və Ermənistanı günahlandırmaq, cəzalandırmaq əvəzinə, onları müdafiə edirlər”.
Qeyd edək ki, Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
Akqabay Mıradov
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman6 Oktyabr 22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu