Qarabağın yenidən işğal edilməsi: İranın gerçək niyyəti nədir? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Qarabağın yenidən işğal edilməsi: İranın gerçək niyyəti nədir? - TƏHLİL

Cənubdan illərdir Bakıya doğru əsən “soyuq küləklər” isterik hücumlarla əvəzləndi: İran Azərbaycanı absurd iddialarla ittiham edir; 30 illik işğal dövründə etmədiyi halda, işğala son qoyulan kimi sərhədlərimizdə hərbi təlimlər keçirir; rəsmi səviyyədə qonşuluq siyasətinə və Bakının indiyə qədər nümayiş etdirdiyi münasibətə adekvat olmayan təhdidlər səsləndirilir;

Baş verənlər ana sualı açıq olaraq saxlayır: İran nə istəyir? Əmmamənin altında yatan başlardakı məkrli planlar nədir?

2000-ci illərin ortalarından – İran-Qərb qarşıdurmasının başlandığı dövrdən və Tehranın Qarabağ məsələsinə gerçək yanaşmasının nədən ibarət olduğundan yola çıxaraq, cavabı müəyyən etmək mümkündür: İran Qarabağ münaqişəsində status-kvonun - işğalın davam etməsi – qorunub saxlanılmasını istəyir və hazırki reallıqları məhz status-kvo dəyişdiyi üçün qəbul edə bilmir;

Qarabağ münaqişəsinin mövcud olduğu illərdə İranın məsələyə yanaşması belə idi:

- Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik;
- Münaqişənin hərbi yolla həlli mövcud deyildir;


Bir-birinə ziddiyyətli olan bu yanaşma məhz işğalın davam etməsinin dəstəklənməsi məqsədi daşıyırdı. Doğrudur, “münaqişənin hərbi yolla həlli mövcud deyildir” mövqeyini digər ölkələr də sərgiləyib, lakin İran işğalın davam etməsi məqsədilə Ermənistana əyani dəstək verən nadir ölkələrdən biri idi. Və münaqişənin həllindən sonra digər ölkələr mövcud reallığa uyğun mövqelərində korrektlər etsə də, Tehran “tutduğunu buraxmır”.

Nüvə qarşıdurması, İranla Qərb arasında “soyuq müharibəni” xatırladan gərginlik: çox da uzaq olmayan 2000-ci illərin ortalarından başlayan bu proses fonunda İran Qarabağ məsələsində status-kvonun qorunub saxlanılması – işğalın davam etməsi mövqeyini daha da sərtləşdirdi.

Bunun iki səbəbi var idi:

Qlobal səbəb:
İran hesab edirdi ki, Qarabağda status-kvo dəyişərsə, Cənubi Qafqazdakı mövqeləri zəifləyəcək, Azərbaycanın regional gücü artacaq; bunu Arazın o biri sahilində milli qüvvələrin fəallaşması perspektivi üçün təhlükə kimi görürlər, halbuki, rəsmi Bakının nüvə qarşıdurmasında Tehrana qarşı platforma olmaması, daim qonşuluq siyasətinə söykənən mövqe sərgiləməsi, hətta İranla gələcəyə hesablanmış regional layihələrdə iştirakı bu yanaşmanın “kölgəsindən qorxmaq” əhval-ruhiyyəsində başqa bir şey olmadığını göstərir;

Regional səbəb: İran işğal altında olan Qarabağdan nüvə qarşıdurmasında üzləşdiyi sanksiyaları dəlmək üçün platforma olaraq istifadə edirdi; Azərbaycanın işğal altındakı torpaqlarını İran şirkətlərinin bazara çevirməsi, maddi-mədəni sərvətimizi talaması faktlarla sübut olunub; Tehran üçün bu bölgə “çirkli pulların yuyulması” məkanı idi;

Dünya Bankının 2019-cu il hesabatında bununla bağlı konkret faktlar əksini tapıb: hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 211 milyon dollar pul köçürülüb. Erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından Paşinyana qarşı “türklərə satılıb” ittihamında arqument kimi istifadə edirdi. Hərçənd, Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pulu idi.
Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır. ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları “yuduğunu” və Hizbullahı maliyyələşdirdiyini açıqlamışdı.

Tehran hesab edirdi ki, status-kvonun dəyişməsi İran üçün Qərblə qarşıdurmada itkilərlə nəticələnəcək və bu məqsədlə I Qarabağ müharibəsində “Azərbaycana saqqız, Ermənistana silah” siyasətini münaqişənin mövcud olduğu müddətdə də davam etdirdi.

2014-cü ilin avqust döyüşlərində, 2016-cı ilin “aprel müharibəsi”ndə, 2020-ci ilin Tovuz döyüşlərində də eyni bəyanatı verdi: münaqişənin hərbi yolla həlli mövcud deyil.

II Qarabağ müharibəsinin başlanması Azərbaycan torpaqlarında erməni işğalına qarşı idi, lakin İran da bu müharibəni öz maraqlarına qarşı hesab edirdi. Döyüşlərin ən qızğın vaxtında - 2020-ci il oktyabrın 5-də İran XİN sözçüsü Səid Xətibzadənin açıqlaması bunu təsdiqləyir. Xətibzadə əvvəlki tezisi yenidən təkrarladı: “Onilliklərlə davam edən bu münaqişənin hərbi yolla həlli mövcud deyildir”.

Həmin vaxt Azərbaycan Ordusu bütün cəbhəni yarmış, Cəbrayılı azad etmiş və düşməni “it kimi qovurdu”, sona qədər qovdu da. Və Şuşanın azad olunmasından sonra Ermənistan kapitulyasiyaya imza atdı, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, münaqişəyə son qoyuldu.

İran Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi, lakin səmimi idimi?

Müharibədən sonra regiondakı yeni reallığa qarşı atdığı addımlar, Ermənistanı xilas etmək uğrunda mübarizəsi, hətta Xankəndidəki separatçı-terrorçu rejimə dəstəyi Tehranın qeyri-səmimiliyini sübut edir.

Əslində münaqişənin başa çatmasından sonra regionda yaranmış yeni reallıqda İran üçün daha geniş imkanlar var: “altılıq platforması”, Zəngəzur dəhlizi, regional əməkdaşlıq və s. Bakı Tehrana qarşılıqlı qazanc gətirən əməkdaşlıq təklif edir, qarşı tərəfin reaksiyası isə isteriya dolu hücumdan ibarətdir.

Hər şey Azərbaycanın İranın Xankəndinə yük daşımasına qarşı praktiki addımlar atması ilə başladı.

Bakı dəfələrlə müxtəlif formalarda Tehranı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə dəvət etdi, lakin İran özünü qonşu kimi yox, əsl oğru kimi aparırdı: gah İran maşınlarının nömrələrini dəyişdirir, gah “bunun bizə aidiyyəti yoxdur” tipli açıqlamalar verirdi;

Azərbaycan Gorus-Qafan yolunun öz suveren ərazisinə düşən hissəsində praktiki tədbirlər görəndən sonra İranın isteriyası gücləndi. Fakt qarşısında qalan Tehran bu məsələdə geri çəkilsə də, müxtəlif bəhanələrlə total hücum taktikasına əl atdı. Hücumun məhz Gorus-Qafan yolu ilə bağlı məsələdən sonra edilməsinin iki səbəbi var:

- Müharibədən sonra Ermənistana, ümumilikdə Cənubi Qafqaza çıxışı böyük ölçüdə Bakının təsirinə düşən İran üçün Zəngəzur xətti “nəfəslik” rolunu oynayır: Bakının Gorus-Qafan yolunda praktiki tədbirləri bu “nəfəsliyi” bağladı;
- İran anladı ki, Zəngəzur dəhlizinin reallaşması uzansa belə, Azərbaycanın əlində cari dövr üçün güclü rıçaqlar var;


İrana əməkdaşlıq təklif edən Azərbaycanın qeyri-adekvat münasibətə qarşı addımları Tehranda ciddi qıcıq yaratmışdı.

Cənubdan total hücumun ikinci və əsas hissəsi Prezident İlham Əliyevin Anadolu agentliyinə müsahibəsində İrana haqlı iradlarının bildirməsi ilə başlandı. İran Azərbaycan Prezidentinin haqlı fikirlərindən regional əməkdaşlıq üçün nəticə çıxarmaq əvəzinə, hücum üçün bəhanə kimi istifadə etdi.

Əsas səbəb isə Soçidə Ərdoğan-Putin görüşü və mümkün razılaşma gözləntisi idi. Görüş öncəsi verilən mesajlar da razılaşmanın olacağı fikrini önə çıxarırdı.

İran Soçidə mümkün anlaşmanı öz maraqlarına qarşı təhlükə olaraq görür:

1. Ankara və Moskva Azərbaycan-Ermənistan münasibətlərini qurur, İrəvan regional əməkdaşlığa qoşulur;
2. Zəngəzur dəhlizinin açılması istiqamətində praktiki işlərə start verilir;


Bunun mümkünlüyü İranın Cənubi Qafqaza “giriş bileti” olan Ermənistanın əldən çıxması, Zəngəzur dəhlizi ilə bölgəyə təsir imkanlarının Bakının, həm də Ankaranın əlinə keçməsi deməkdir.

Və İran Soçi görüşündən öncə hücuma keçdi. Məqsəd Bakıya “xəbərdarlıq” idi, əslində İranın Ankara və Moskvaya təsir rıçaqları zəif olduğu üçün Azərbaycanın üzərinə gəlir.

Sentyabrın 29-da Soçi görüşündə Ərdoğanla Putin nə qədər fikir ayrılığı olsa da, ortaq hərəkət etməklə bağlı razılaşdı, xüsusilə Cənubi Qafqazda:

- bu, Zəngəzur dəhlizinin inşasına başlanması, İrəvanın Ankara və Bakı ilə münasibətlərinin normallaşması perspektivini açır;
- bu, Ermənistan kartının İranın əlindən çıxması, Azərbaycanın müharibədə qazandığı qələbənin möhkəmlənməsi perspektivini yaradır;


Görüşdən iki gün sonra İran quru qoşunları Azərbaycanla sərhəddə təlimlərinə start verdi. Hədəf Bakıya təzyiq, Bakı üzərindən Ankaraya mesaj, Moskvaya “bölgədə mənim də maraqlarım var” siqnalının verilməsi, Zəngəzur dəhlizinin önünü kəsmək olaraq görünür.

İranın əsas dərdi Türkiyənin bölgədə fəallaşmasıdır və Qarabağ münaqişəsinin həllində iştirak edən iki tərəfin – Rusiya və Türkiyə - Soçi görüşündə regionun gələcəyini də birlikdə inşa etmək anlaşmasını qəbul etmək istəmir.

Regionun gələcəyində İran üçün ayrılan yer əməkdaşlıq platformasına qoşulmaqdır: 3+3 formatı bütün tərəflərə divident gətirəcək, lakin Tehran reallıqla hesablaşmaq istəmir.

Və maraqlı məqam hədəfi Türkiyə olan İranın hücumu “sionistlərə qarşı mübarizə” iddiası üzərindən təşkil etməsidir.

Birincisi, İran daxilində hər kəsi “əbədi və əzəli” düşmənə qarşı birləşdirmək və azərbaycanlıların 44 günlük müharibədəki kimi hansısa əngəl törətməsinin qarşısını almaq, “Azərbaycana yox, “sionist təhlükəsinə” qarşı mübarizə aparırıq” əsasını yaratmaq;

İkincisi, Azərbaycanda inanclı kəsimə “Türkiyəyə qarşı yox, sionist təhlükəsinə qarşı” döyüşürük, “sizi sionist təhlükəsindən xilas edirik” mesajını vermək;

İran məkrli oyunun davamı olaraq, Ermənistanı proseslərdən kənarlaşdırmaq addımlarını intensivləşdirdi: Gorus-Qafan yoluna alternativ (Tatev yolu) yolun inşasını üzərinə götürdü; İrəvana dəstək bəyanatlarını genişləndirdi;

Ardınca Tehranın yolu Moskva oldu. Bu o demək idi ki, Ermənistan İranla işləməkdə nə qədər maraqlı olsa da, həlledici qərarın Rusiyada verildiyini deyib. Lakin İran xarici işlər naziri Abdullahianın Moskvada Lavrovla görüşünün nəticələri Tehran üçün heç də ürəkaçana oxşamır. Görüşdən sonra Lavrovun verdiyi açıqlamalar belə nəticə çıxarmağa imkan verir.

Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolunu göstərən Lavrov “altılıq platforması”nın (3+3) yaradılmasının vacibliyini vurğuladı.

Bu o deməkdir ki, Moskva Tehrana mövqeyini çatdırıb: Qarabağ münaqişəsini Rusiya və Türkiyə həll edib, regionun gələcəyi də üçtərəfli razılaşmalar çərçivəsində, Ankara və Moskvanın qarantiyası altında olacaq. İran üçün bölgədə varlığının davam etməsinin yeganə yolu “3+3” formatına qoşulmaqdır.

İranın cəhdləri nəticə vermir, çünki artıq region dəyişib və yeni reallıqda yeganə yolu təhdidləri kənara qoyub əməkdaşlıq platformasına qoşulmasıdır. Hərçənd, reallığı qəbul etmək istəyində görünmürlər və hər şeyə əsəblə, isteriya ilə reaksiya verirlər. Əslində bu əsəb və isteriya İranın gerçək simasını, əsl niyyətini aşkara çıxardı: Tehran Qarabağda status-kvonun dəyişməsini, işğala son qoyulmasını, Azərbaycanın 44 günlük müharibədə tarixi Zəfər qazanmasını həzm edə bilmir. Hətta sərgilədiyi mövqelərdən, verdikləri açıqlamalardan belə nəticə çıxır ki, İran Azərbaycan torpaqlarının yenidən işğal edilməsinə məmuniyyətlə razı olardı, hazırda etdikləri də bu niyyətlərini ifşa edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm