Nida Təhlil
Niyə Respublika yox, Müstəqillik Günü?
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi “Müstəqillik Günü haqqında” qanun layihəsini təqdim edib. Layihədə 28 may tarixinin Müstəqillik günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası günü adlandırılması təklif olunur.
Sual yaranır: Respublika Günü kimi qeyd olunan 28 may tarixinin Müstəqillik günü kimi qeyd olunması hansı zərurətdən irəli gəlir və bu, Azərbaycana nə verəcək?
Azərbaycan Vətən müharibəsində tarixi qələbə ilə ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə həm də Azərbaycanın suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi.
İlk olaraq iki mühüm addım atıldı:
Birincisi, SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsi siyasi leksikondan çıxarıldı;
İkincisi, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələri Azərbaycanın milli toponimləri ilə təqdim olundu;
Vətən müharibəsi ümumiyyətlə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurətini yaratdı.
Sənədlərə baxdıqda bu daha aydın görünür.
18 oktyabr Müstəqilliyi Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” adlanır;
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktından çıxarış: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.
Göründüyü kimi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş məhz bu uyğunsuzluğu aradan qaldırır.
Düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir. Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır.
28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir: Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir.
Müxtəlif ölkələrin nümunələri də bu zərurəti artırır. Misal üçün, Gürcüstanda milli dövlətin doğum günü “Respublika günü” deyil, “Müstəqillik günü” adlandırılır. ABŞ öz yaranma tarixini “İstiqlaliyyət günü” kimi qeyd edir.
Bununla yanaşı, Cümhuriyyətin yaradılmasından iştirak edənlər də 28 may tarixini daha çox “İstiqlaliyyət Günü” olaraq qeyd edirdilər.
Asif Nərimanlı
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO