Azərbaycan bütün Türk dünyasını birləşdirən coğrafiyaya çevrilir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycan bütün Türk dünyasını birləşdirən coğrafiyaya çevrilir - ŞƏRH

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı” ilə əvəzlənməsi xüsusi əhəmiyyət daşıyan çox vacib amildir. Bir müddət əvvəl bu təklif türkdilli ölkələr tərəfindən irəli sürülmüşdü. Dil istiqamətindən, yəni dilə edilən vurğudan dövlət adlandırılması milli identiklik və ilk növbədə həmin dövlətlərin məhz türk dövlətləri olması məsələsini ön plana çıxarıe. Məlum məsələdir ki, bu ölkələrin bir çoxu danışıq dili olaraq bir-birləri ilə ünsiyyət qurarkən rus dilindən istifadə edirlər. Ona görə də təşkilatın adı lap əvvəldən dəyişdirilməli idi".

Bunu Publika.az-a açıqlamasımda Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, bu istiqamətdə bir sıra çətinliklər var idi və Rusiya təşkilatın adının dəyişdirilməsinə heç də isti yanaşmırdı: "Çünki türkdilli dövlətlər türk dövlətləri anlayışından daha zəif və yumşaq anlayış kimi başa düşülür. Bu gün artıq onlar dünyaya bəyan edirlər ki, dilləri, milli identiklikləri, ümumiyyətlə dövlətçilikləri məhz türk sözü ilə bağlıdır. 30 il ərzində türk dövlətləri çox böyük yol keçiblər. Bu yolun qət edilməsində, bu mərhələyə çatmasında Azərbaycanın xüsusi rolu olub. Bakı və Ankara daim Mərkəzi Asiya ölkələrinin türk birliyinə inteqrasiyası üçün əlindən gələni edirdi. Biz unutmayaq ki, 90-cı illərin əvvəlində Mərkəzi Asiya ölkələri Azərbaycan-Ermənistan münaqişəsində birtərəflilik nümayiş etdirirdilər. Amma bu gün artıq yeni mərhələ başlayıb. Hər bir Mərkəzi Asiya ölkəsi başa düşür ki, heç kimdən çəkinməyərək azad siyasət aparmaq lazımdır".

Z.Məmmədov qeyd edib ki, Türk ölkələri liderlərinin hərbi, siyasi, iqtisadi olaraq yaxınlaşması bu birliyin siyasi inteqrasiyasının daha da genişlənməsinə gətirib çıxaracaq: "Burada artıq Macarıstanın da aktiv şəkildə tədbirlərdə iştirak etməsi, eyni zamanda bu formatda olan görüşlərdə türkdilli olmayan dövlətlərin marağının artması o deməkdir ki, Avrasiyanın orta xəttində əslində dünənə kimi olan və bir neçə əsr mövcud olmayan yeni format, münasibətlər və əməkdaşlıq platforması yaranır. Bu, Türk dünyasının oyanışı və dünyanın ən qədim sivilizasiyası olan Türk etnosunun və identikliyinin inkişafı deməkdir ki, bu da birmənalı olaraq dünya siyasi tarixində əlamətdar hadisə kimi qeyd ediləcək. Çünki uzun müddət idi ki, milli kimlik kimi bu ölkələrdə əvvəlcə ərəblərin, daha sonra sovetlərin, ondan əvvəl isə Rusiya imperiyasının təsiri olmuşdu. Bu gün isə artıq həmin ölkələr bu imperializmdən qurtularaq, eyni zamanda dinin çox ciddi təsirindən bir qədər kənarlaşaraq məhz milli identiklik və milli soykökü üzərində öz dövlət siyasətlərini quracaqlar. Bu da xüsusi əhəmiyyətli amildi".

Politoloq vurğulayıb ki, burada milli identiklik və milli köklərə uyğun siyasət aparmaq həmin coğrafiyadakı türk dövlətlərinin daha da inteqrasiyasına səbəb olacaq: "Bu günə kimi digər formatlı inteqrasiya dediklərində biz gördük ki, kifayət qədər özlərinin ciddi problemləri var. İstər MDB məkanındakı, istərsə də müsəlman dünyasındakı müxtəlif formatlı təşkilatlar demək olar ki, öz fəaliyyətlərini effektiv apara bilmədilər və siyasətləri iflasa uğradı. Buna görə də bugünkü Türk birliyi onlardan daha inkişaf edən, istər siyasi, mədəni, iqtisadi və digər sahələrdə öz məqsədlərinə çatacaq bir təşkilat kimi özünü sübut edəcək. Bundan sonra Azərbaycanın və Türkiyənin burada xüsusi rolu olacaq.

Bu addəyişmə 2021-ci ilin noyabr ayına təsadüf edir, hansı ki, Azərbaycan ötən ilin bu ayında öz torpaqlarını düşmən tapdağından azad edərək qələbə qazandı. Tezliklə də Zəngəzur dəhlizi işə düşəcək. Hazırda Azərbaycan bütün Türk dünyasını birləşdirən coğrafiyaya çevrilməkdədir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm