Bu, İlham Əliyevin növbəti diplomatik qələbəsidir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu, İlham Əliyevin növbəti diplomatik qələbəsidir - ŞƏRH

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçüncü dəfə Rusiya, Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü keçirildi. Bundan öncə keçirilən hər iki görüşdə konkret nəticələr hasil olmuşdu, 10 noyabr bəyanatı və 11 yanvar bəyanatı imzalanmışdı. Bu bəyanatlardan irəli gələn məsələlərin icrası istiqamətində işlər görülüb. Amma bu işlərin keyfiyyət səviyyəsinin qənaətbəxş olması ilə bağlı suala birmənalı cavab vermək çətindir. Elə bu səbəbdən də növbəti görüşün keçirilməsinə ehtiyac yarandı.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputat bildirib ki, haqqında bəhs olunan sənədlərdə nəzərdə tutulan məsələlərin həlli istiqamətində çox ciddi problemlər mövcud idi ki, Soçi görüşündə bunlara aydınlıq gətirildi: “Xüsusilə də hazırda iki dövlətin sərhədlərinin müəyyən olunması, nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi məsələlər çox böyük əhəmiyyətə malikdir. Lakin bu məsələlərdə irəliləyiş nəinki əldə edilməyib, hətta Ermənistanın 16 noyabr hərbi avantürası göstərdi ki, hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Buna görə də belə bir görüşün keçirilməsinə çox böyük ehtiyac var idi. Bu görüşdə də əvvəlkilərdə olduğu kimi bəyanat imzalandı. Soçi bəyanatında həllini gözləyən 3 məsələ ilə bağlı razılaşma əldə olunub. Birincisi, iki dövlətin sərhədlərinin müəyyən edilməsi ilə bağlı müzakirə aparıldı, birgə komissiyanın yaradılması nəzərdə tutulur. Bu ilin sonuna qədər məhz belə mexanizmin yaradılması istiqamətində real işlər görmək razılaşdırılıb. Yəni indiyə qədər delimitasiya və demarkasiya ilə bağlı söhbət gedirdi, Soçi görüşündə isə bu istiqamətdə konkret addım atıldı ki, bu məsələni yaxın zamanda həll etmək lazımdır”.

E.Nəsirov qeyd edib ki, humanitar xarakterli məsələlərin tənzimlənməsinə də böyük ehtiyac var idi ki, bu da üçtərəfli görüşdə müzakirə predmetinə çevrildi: “Həmin məsələlər ucbatından bir çox hallarda digər mühüm məsələlərin həlli də yubanır. İlk növbədə, iki dövlət və xalqlar arasında etimad mühitinin yaradılması, müxtəlif qurumlar arasında birbaşa əlaqənin qurulması ilə bağlı məsələlər həllini tapmalıdır. Müdafiə nazirləri arasında belə bir əlaqənin yaradılması artıq razılaşdırılıb, ancaq digər nazirliklər arasında da analoji addımların atılmasına böyük ehtiyac var. Xalq diplomatiyasının tətbiqinə, qarşılıqlı gediş-gəlişlərin təşkil edilməsinə də ehtiyac var. Bu istiqamətdə digər humanitar məsələlər öz həllini tapmalıdır. Nəhayət, həllini gözləyən məsələlərdən biri iki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə bağlıdır. Ermənistan Zəngəzur dəhlizi ifadəsini işlətməkdən çəkinir. Azərbaycan dövlətinin də israrlı mövqeyidir ki, Zəngəzur dəhlizi işə salınmalıdır. Dəhlizin işə düşməsi ilə bütün tərəflər qazanacaq.

Nikol Paşinyan bu günlərdə bəyanatla çıxış etdi və qeyd etdi ki, “Zəngəzur dəhlizinin işə düşməsi labüddür, əgər biz bunun əleyhinə çıxsaq, Azərbaycan tərəfi güc tətbiq etməklə bunu reallaşdıracaq. Bunun qarşısında dayanmaq üçün isə bizim resursumuz yoxdur”. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması yaxın zamanda reallaşacaq. O da məlum oldu ki, növbəti həftə baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli komissiyanın Moskvada görüşü keçiriləcək. Bu görüşdə Soçi razılaşmasından irəli gələn məsələlərin praktiki həlli ilə bağlı addımlar atılacaq. Artıq regionda yeni reallıqlar və yeni mühit formalaşır. Bu, əməkdaşlıq mühitidir. Nəticədə regionumuza sülh, sabitlik və əmin-amanlıq gəlir. Soçi görüşünə də bu kontekstdə qiymət vermək lazımdır. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm