Ermənistan yalnız bu yolla blokadadan çıxa bilər - Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənistan yalnız bu yolla blokadadan çıxa bilər - Deputat

Ermənistan yalnız bu yolla blokadadan çıxa bilər - Deputat

“Ermənistan vaxtı uzatmağa və Azərbaycandan nəsə qoparmağa çalışırdı. Zəngəzur dəhlizinin açılması ermənilərə daha çox lazımdır. Onların blokadadan çıxmasının və iqtisadiyyatlarının dirçəlməsinin tək yolu Zəngəzur dəhlizindən keçir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, bu dəhlizin açılması Ermənistan büdcəsinə milyonlar qazandıracaq: “Ermənistan Zəngəzur dəhlizi vasitəsi ilə öz yüklərini İrana və Rusiyaya daşıya biləcək. Ermənilər artıq bunu başa düşməyə başlayıblar. Hətta dünənə qədər bizə qarşı revanşist fikirlərdə olan ermənilər belə Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini vurğulayırlar. Ermənistanın Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı verdiyi razılıq məhz Avropa ölkələrinə bağlılıqlarını göstərməsi üçün atılan bir addım idi. Çünki Nikol Paşinyan qərbyönümlü siyasət yürütməsi ilə digərlərindən seçilir. Ermənistan sərhəddə demarkasiya və delimitasiya işlərini məqsədli şəkildə Brüsselə saxladı ki, guya Avropanın dəstəyi ilə bu mövzu həll olunub. Bunun əsas səbəbi Avropa dövlətləri ilə siyasi əlaqələrin gücləndirilməsi idi”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyi bütün məsələlərin həll olunmasına səbəb oldu: “Azərbaycan dövləti özünün suveren hüquqlarını qoruyub, beynəlxalq qaydalara riayət edərək bütün məsələləri həll etdi. Görüşün harada keçirilməsindən asılı olmayaraq Ermənistan Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin dəqiqləşdirilməsinə razı oldu. Prezident İlham Əliyev daha əvvəldə vurğulamışdı ki, Qarabağ məsələsi həll olunub və statusdan söz gedə bilməz. Dünya dövlətləri də artıq bunu qəbul edib. Sərhədlərin dəyişməsi tək iki ölkə üçün deyil, bütün dünya ölkələri üçün böyük problemdir. İkinci dünya müharibəsindən sonra ölkələr bu qənaətə gəldi ki, sərhədlər toxunulmaz olaraq qalmalıdır. Brüssel deklarasiyasında ərazi bütövlüyünün xüsusi olaraq qabardılması Ermənistanın əlindən daha bir siyasi imkanı aldı. Avropa bu gediş ilə Ermənistana dəstək verməyəcəyini birmənalı şəkildə qeyd etdi. Ümumi olaraq atılan addımlar sülh müqaviləsinin müəyyən qədər razılaşdırılmasına bir işarədir. Müharibənin dayanması, demarkasiya və delimitasiya işlərinin aparılması, Zəngəzur dəhlizinin açılması, Avropa İttifaqının ərazi bütövlüyünün tanınması haqqında qəbul etdiyi sənəd gələcəkdə imzalanacaq sülh müqaviləsinin müvafiq bəndləridir. Demarkasiya və delimitasiya işləri yekunlaşdıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. 30 ildən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa olaraq əlaqə yaradılıb. İndiyə qədər iki ölkə arasında heç bir əlaqə mövcud olmamışdı. İndi isə Avropa ölkələrinin vasitəçiliyi və iki ölkənin səyi ilə nazirliklər arasında telefon əlaqəsi yaradılıb. Bütün bunlar cari məsələlərin həll olunmasına imkan yaradacaq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm