Ukraynanın işğalında Ermənistandan Rusiyaya təyyarə dəstəyi – Qərb görəcəkmi?
Bizi izləyin

Nida Təhlil

Ukraynanın işğalında Ermənistandan Rusiyaya təyyarə dəstəyi – Qərb görəcəkmi?

Ermənistan Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarında iştirak edir. Bu haqda yayılan məlumatlara görə, Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus 4 Su-30 təyyarəsi martın 25-də Rusiyaya uçub və Rusiya Hərbi Hava Qüvvələrinin tərkibində Ukraynanın bombalanması prosesinə qatılıb.

Proseslərin analizi də bu informasiyanın doğruluq payını artırır.

Birincisi, Rusiyanın Ukraynaya hücumu plana uyğun getmir və canlı qüvvə ilə yanaşı, döyüş təyyarələri də daxil olmaqla hərbi texnika itkiləri də çoxdur. Bu vəziyyətdə Ermənistanda istifadəsiz qalan təyyarələrin əməliyyata cəlb edilməsi mümkündür.

İkincisi, Ermənistan bu təyyarələri II Qarabağ müharibəsindən öncə Rusiyadan bu ölkənin İrəvana verdiyi kredit əsasında almışdı. Hərçənd, təyyarələrə görə pulun ödənilmədiyi haqda məlumatlar var. Əslində, Rusiya Ermənistan ordusunu məhz özünün ayırdığı kreditlər əsasında silahlandırır və bu “alqı-satqı” sistemi Ermənistan ordusunun hərbi arsenalındakı texnikaların Rusiyaya məxsus olduğu deməkdir. Bu baxımdan, Moskvanın təyyarələri qeyri-rəsmi olaraq İrəvandan almaq imkanı var.

Üçüncüsü, Su-30-ların özü olsa da, raketləri yoxdur. II Qarabağ müharibəsində istifadə edilməməsinin səbəbi də bu idi. Rusiyanın onsuz da istifadə olunmayan təyyarələri raketlə təmin edərək, Ukraynadakı müharibəyə cəlb etməsi ehtimalı böyükdür.

Dördüncüsü, Ermənistanın belə bir istəyi geri çevirmək imkanı azdır. Çünki bu ölkənin ordusunun hərbi təchizatı bütövlükdə Rusiya tərəfindən həyata keçirilir. İndi faktiki Rusiyaya məxsus təyyarələri verməmək gələcəkdə hərbi təminat probleminə yol aça bilər.

Ermənistan təkcə SU-30-ları yox, həm də erməni pilotları da Rusiyanın ixtiyarına verib. Hazırda Ukrayna şəhərlərinin bombalanmasında Ermənistan da de-fakto iştirak edir. Göründüyü kimi, dünya Belarusun Ukraynadakı müharibəyə qoşulacağını gözlədiyi vaxt Ermənistan qabağa düşüb.

Rusiyanın hücuma keçməsindən sonra Ermənistanın sərgilədiyi mövqe, xüsusilə rəsmi İrəvanın səssizliyə bürünsə də, qeyri-rəsmi kanallarla dəstək verməsi də bu kontekstdə diqqət çəkir:

- Siyasi ekspert cameəsi üzərindən Ukraynadakı separatçıların “müstəqilliyinin” tanınması dəstəklənir;

- Media üzərindən Ukraynanın işğalı hücumuna dəstək nümayiş etdirilir;

- Ermənistan dövləti tərəfindən idarə edildiyi şübhə doğurmayan müxtəlif qruplar müharibədə Rusiya tərəfdən döyüşmək üçün müraciətlər edirlər;

Bütün bunların Ermənistan hakimiyyəti tərəfindən təşkil edildiyi məlumdur. İrəvan bununla Moskva qarşısında dividend qazanmaq istəyir.

Burada əsas məqam ABŞ başda olmaqla Qərbin Ermənistana hansı reaksiyanı verəcəyidir. Çünki Qərb ölkələri Rusiyaya hərbi, siyasi və iqtisadi dəstək verən ölkələrə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi haqda xəbərdarlıq edib. Belarusa, ardınca Çinə eyni motivli xəbərdarlıq edildi. Hazırda müharibədə de-fakto iştirak edən Ermənistana qarşı da sanksiyalar tətbiq ediləcəkmi, yoxsa Qərb ölkələri yenə erməni diasporu/lobbisinin təsiri ilə baş verənləri görməzdən gələcək?!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm