Nida Təhlil
Bişkek Protokolunun tarixi əhəmiyyəti
Bu gün Bişkek protokolunun qüvvəyə minməsindən 28 il ötür. Həmin illərin hərbi-siyasi hadisələrini təhlil etdikdə hadisələrin sonrakı inkişafında bu sənədin hansı rolu oynadığı aydın olur. Hələ 1980-ci illərin sonuna yaxın respublikanın o zamankı “Dağlıq Qarabağ Muxtar vilayəti” ərazisində erməni “Miatsum” hərəkatının genişlənməsi və demək olar ki, eyni zamanda Azərbaycanlıların Ermənistandan qovulması SSRİ ərazisində qarşısı alınmayacaq kollaps şəraitini yetişdirirdi. İmperiyanın süqutu proseslərinin lap başlanğıcında Azərbaycan ərazilərini işğal etmək və “böyük Ermənistan” yaratmaq kimi öz çirkin niyyətlərini həyata keçirməyə başlamış ermənilər 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ ərazisini tamamilə işğal etmiş və bununla da kifayətlənməyib onun hüdudlarından kənarda yerləşən bölgələrimizi də ələ keçirərək etnik təmizləməyə məruz qoymuşdular.
1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ölkədə qanlı hadisələrin qarşısının alınmasına ümid, ermənilərdə isə şaşqınlıq yaratmışdı. Azərbaycan Ordusunun 1993-cü ilin dekabrında eyni vaxtda şimal və cənub istiqamətlərindən başlayan əks-hücum əməliyyatları öz nəticələrini göstərməkdə idi. Artıq Füzuli rayonu ərazisində Horadiz qəsəbəsi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edilmişdi. Lakin 5 ildən çox davam edən müharibə, daxili qeyri-sabitlik və 80-ci illərdən bəri davam edən iqtisadi tənəzzül hərbi əməliyyatların davam etdirilməsini getdikcə çətinləşdirirdi. Siyasi hakimiyyətə yenicə qayıtmış Heydər Əiyev ölkəni parçalanmaqdan və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etmək üçün yollar arayırdı. Belə bir zamanda Azərbaycan Ordusunun uğurlu əməliyyatları Ermənistanı və onun himayədarlarını da narahat edirdi. Artıq Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun revanş götürə biləcəyi və ermənilərin o zamanadək əldə etdikləri torpaqların geri alına biləcəyi erməniləri qorxudurdu. Beləliklə, hər iki tərəf müharibənin dayandırılmasını məqbul hesab edirdi. Lakin tərəflərin məqsədləri müxtəlif idi. Sonrakı dövrdə Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ona bitişik 7 rayonun ərazilərini qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında legitimləşdirməyə, Azərbaycan isə işğal altına düşmüş bütün ərazilərin azad olunmasına çalışacaqdı. Məhz belə bir zamanda 1994-cü ilin mayın 4-də MDB Parlament Assambleyasının Bişkek şəhərində keçirilən iclaslarında Azərbaycan və Ermənistan arasında atəşkəsi nəzərdə tutan Bişkek Protokolu Rusiya tərəfindən danışıqlar masasına gətirildi. Həmin iclasda protokol müzakirələrin iştirakçıları olan 6 tərəfdən imzalansa da Azərbaycan öz şərtlərini irəli sürərək Protokolu imzalamaqdan imtina etdi. Daha sonra həmin sənəd Rusiya təmsilçisi V. Kazimirov tərəfindən Bakıya gətirilərək Azərbaycanın tələbləri, əlavə və dəyişiklikləri nəzərə alınmaqla parlamentin sədri Rəsul Quliyev və Qarabağın Azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov tərəfindən imzalandı və Bişkek Protokolu mayın 12-də qüvvəyə mindi.
Əldə edilən atəşkəs bütün tərəflərə sonrakı gedişlərini müəyyənləşdirmək üçün nisbətən dinc şəraitin yaranmasını təmin etdi. O tarixdən başlayaraq artıq hadisələrin axarını Heydər Əliyev siyasəti müəyyən edəcəkdi. Qısa müddət ərzində ölkədə daxili sabitliyi təmin edən Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının təməlini qoymaq üçün beynəlxalq miqyaslı nəhəng layihələri özündə ehtiva edən neft strategiyasını təqdim etdi və bununla da Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemə uğurlu inteqrasiyasının əsasını qoydu. Tezliklə uzun illərdən bəri davam edən iqtisadi tənəzzül dayandırıldı və Azərbaycanın iqtisadi inkişaf dövrü başlandı. Bütün bunlarla yanaşı Milli Ordunun yaradılması istiqamətində mühüm addımlar atıldı və faktiki olaraq torpaqların işğaldan azad olunmasının yol xəritəsi hazırlandı. 2003-cü ilə qədər Heydər Əliyev tərəfindən və daha sonra İlham Əliyev tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan çoxsaylı danışıqlar heç bir nəticə verməsə də, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada kifayət qədər möhkəmlənməsinə gətirib çıxardı. Bu müddət ərzində dünyanın demək olar ki, bütün beynəlxalq təşkilatları tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edən qərar və qətnamələr qəbul olundu. İlham Əliyevin apardığı mahir siyasət münaqişənin həllinin siyasi yollarla mümkün olmayacağı təqdirdə Azərbaycana öz torpaqlarını hərb yolu ilə azad etmək haqqını tanıtdı. Ermənistan və onun işğalşılıq siyasətini dəstəkləyən böyük güclər isə 30 ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərin legitimləşdirilməsi istiqamətində heç bir uğur qazana bilmədilər. Prezident İlham Əliyevin və Azərbaycan xalqının işğala qarşı sərt və barışmaz mövqeyi bu istiqamətdə atılan bütün addımların qarşısını qətiyyətlə aldı. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Heydər Əliyev dühası və İlham Əliyev cəsarəti nəinki məkrli erməni siyasətinə, eyni zamanda erməni işğalını bu və ya digər şəkildə dəstəkləyən beynəlxalq güc mərkəzlərinə də qalib gəldi.
2016-cı ilin aprel döyüşləri 44 günlük uğurlu Vətən müharibəsinin ilk müjdəsi idi. 2020-ci ildə davamlı erməni təxribatlarına cavab olaraq başladılan Vətən müharibəsi bütün torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Beləcə dünya tarixində daha bir ədalətsiz müharibəyə Azərbaycan xalqının qələbəsi ilə son qoyuldu. Hadisələrin zəncirində Bişkek Protokolunun önəmi böyükdür. Məhz həmin dövrdə həmin sənəd əsasında əldə olunmuş atəşkəs Azərbaycana öz müstəqilliyini qoruyub saxlamaq, dövlət quruculuğuna başlamaq, daxili sabitliyi və inkişafı təmin etmək, beynəlxalq müstəvidə öz mövqeyini kifayət qədər möhkəmləndirmək və nəhayət, işğal faktına son qoymaq imkanı yaratdı. Bütün bu imkanları düzgün dəyərləndirərək hadisələrin sonrakı gedişini Azərbaycanın xeyrinə istiqamətləndirmək və bütün sahələrdə Azərbaycanın tarixə qızıl hərflərlə yazılan möhtəşəm uğurlarını təmin etmək isə Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin ən parlaq qələbəsi oldu.
Cavanşir Feyziyev
12 may 2022
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
ABŞ03:43
Tramp gitara satışına başladı
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO