Nida Təhlil
Şuşa Bəyannaməsinin bir illik nəticələri: Bakı və Ankara nələr edib? - TƏHLİL
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. 100 il öncə Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan bəyannamə ilə Qarabağın, ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi.
Bəyannaməyə əsasən Azərbaycan və Türkiyənin:
- silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atır;
- ordusu hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər bütün istiqamətlərdə birgə formalaşdırılır;
- Milli Təhlükəsizlik Şuraları mütəmadi olaraq birgə iclaslar keçirir və milli maraqların qorunması ilə bağlı qərarlar verir;
- diplomatiyası beynəlxalq siyasi platformada birgə fəaliyyəti genişləndirir;
- Zəngəzur dəhlizinin açılması eyni hədəf olaraq müəyyənləşir və s;
Bəyannamənin imzalanmasından ötən bir il ərzində nələr baş verib, Bakı-Ankara ittifaqı hansı addımları atıb?
Azərbaycan ordusunun Türkiyə modelinə keçidi, müdafiə sənayesi sahəsində birgə addımların atılması, iki ölkənin Milli Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilməsi və s;
Bu istiqamətlərdə müəyyən fəaliyyətlər icra edilir:
- Silahlı Qüvvələrdə xüsusi təyinatlı qüvvələrin sayı artırılır, o cümlədən, komando birliklərinin yaradılması əməkdaşlığın dərinləşməsinin nəticəsi hesab edilə bilər;
- Türkiyə 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Xüsusi Komandanlığını gücləndirdi: ötən ilin sentyabrında komandanlığa 4 general təyin edildi və bu, əvvəllər daha aşağı rütbəli zabitlərin təmsil olunması fonunda diqqət çəkir;
- Azərbaycan-Türkiyə hərbi təlimləri intensivləşdirilib: təlimlərin həm işğaldan azad edilmiş ərazilərdə, həm də Xəzər dənizində də keçirilməsi xüsusilə diqqət çəkən məqamlardan idi;
- Müdafiə sənayesi sahəsində birgə istehsalla bağlı planların olduğu bəllidir: “Akıncı” İHA-larının Azərbaycanda istehsalının mümkünlüyü dilə gətirilir;
- Rəsmi açıqlanmasa da Milli Təhlükəsizlik Şurasının birgə iclaslarının keçirildiyi, fəaliyyətin koordinasiya edildiyi şübhəsizdir;
Bakı-Ankara müttəfiqliyinin praktiki nəticələrini isə üç istiqamətdə dəyərləndirmək mümkündür.
Birincisi, Azərbaycana qarşı xarici təhdidlərə verilən reaksiyalar:
a) Bakı Moskva qarşısında daha güclənmiş formada çıxış edir: istər Rusiyanın Azərbaycana qarşı addımlarına rəsmi səviyyədə etirazların bildirilməsi, istər mümkün təzyiqlər qarşısında sərgilənən mövqe bu fikri önə çıxarır;
b) İranın Gorus-Qafan yolu üzərindən Azərbaycana qarşı təzyiqləri fonunda Bakının haqlı mövqeyindən geri çəkilməməsi və Tehranın Bakı ilə hesablaşmağa məcbur olmasında Ankara ilə müttəfiqlik münasibətlərinin rəsmiləşməsinin əhəmiyyəti istisna edilməməlidir;
c) Qərbdən Bakıya qarşı təzyiq dalğasının zəiflədiyi müşahidə olunur: burada geosiyasi proseslərin dəyişməsi fonunda bölgədə postmünaqişə reallığının qəbul edilməsi ilə yanaşı, Türkiyənin Cənubi Qafqazda Azərbaycandan yana tərəf olmasının da rolu böyükdür;
Türkiyənin Azərbaycana qarşı təzyiqlərdə qalxan rolu güclənib. Təhdid yarada biləcək bütün tərəfləri əməkdaşlıqla neytrallaşdırmaq strategiyasını tətbiq edən Bakının paralel olaraq, təzyiqlər qarşısındakı sərgilədiyi duruşunda da bu faktor həlledicidir.
İkincisi, Qarabağda Azərbaycanın xeyrinə dəyişən güc balansı və praktiki addımlar:
- Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – icrası tələbini ən yüksək səviyyədə irəli sürməyə başladı və bunun Şuşa Bəyannaməsinin ratifikasiyasından (12 fevral 2022-ci il) sonra dilə gətirilməsi təsadüfi deyildi;
- Erməni separatçılarının qalıqlarına qarşı “məcburetmə fəaliyyəti” aktivləşdirildi, buna paralel olaraq, “ya Azərbaycan vətəndaşlığını qəbul etməsi, ya bölgəni tərk etməsi” məsələsi Qarabağdakı erməni əhalisinin birbaşa özünə elan edildi: mart ayından etibarən Xankəndidə eşidilən azan səsi, ardınca erməni terrorçularının geri çəkilməyə məcbur edilməsi və Fərrux əməliyyatı; bu prosesdə Ukrayna müharibəsi ilə dəyişən geosiyasi amillər, Bakının Moskva ilə imzaladığı “müttəfiqlik bəyannaməsi” şərtlərin yetişməsində rol oynasa da, təməlində Şuşa Bəyannaməsinin rəsmiləşməsi dayanır;
Qarabağda nəticələr maksimal olmasa da, Azərbaycanın addım-addım irəlilədiyi məlumdur.
Üçüncüsü, xarici siyasətin koordinasiya edilməsi;
- Ukrayna müharibəsinin başlanmasından sonra tərəflərin ən real danışıqlar platforması İstanbul oldu və yenə eyni platforma mümkün dialoq mərkəzi olaraq qalır: bu, Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin nəticəsidir;
- Bakı və Ankara Ukrayna müharibəsi ilə dəyişən geosiyasi şərtlərdə milli maraqları uzlaşdıran fəaliyyət izləyir;
- İki ölkə türk dünyasının dərin inteqrasiyasına da liderlik edir;
Türkiyə və Azərbaycan Bəyannaməyə uyğun olaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində də çalışır: Zəngəzur yolunun “dəhliz”, yoxsa “yol” məntiqi ilə açılması üzərində müzakirələr getsə də, dəhlizin Azərbaycan ərazisinə düşən hissəsinin inşası davam edir və yolun “dəhliz” məntiqi ilə açılması Bakı-Ankara ikilisi gündəmində qalmaqdadır.
Bütün bunların fonunda Türkiyə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması və iki ölkənin sərhədinin delimitasiyası prosesində də de-fakto iştirakçılardandır.
Son bir ilin nəticələri Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə münasibətlərində, eləcə də iki ölkənin milli maraqlarına uyğun koordinasiyalı fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynadığını təsdiq edir. Və praktiki nəticələr iki ölkənin liderinin – İlham Əliyev və Ərdoğanın Şuşa Bəyannaməsi ilə necə bir tarixi gediş etdiyini göstərir.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO