Deputat: “Təxribatlar göstərir ki, Ermənistanı nə Moskvanın, nə də...”
Bizi izləyin

Nida Təhlil

Deputat: “Təxribatlar göstərir ki, Ermənistanı nə Moskvanın, nə də...”

“Ötən gecə Azərbaycan-Ermənistan sərhədində törədilmiş təxribat bu il ərzində baş vermiş təxribatlardan daha miqyaslıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev deyib.

“Artıq getdikcə mütəmadi hal alan təxribatlar göstərir ki, Ermənistanı nə Moskvanın, nə də Brüsselin vasitəçiliyi qane edir. Onlar gah sərhəd zolağında, gah da Qarabağ ərazisində tez-tez gərginlik yaratmaqla Moskva və Brüsseldən fərqli üçüncü qüvvələrin də bu əraziyə və Ermənistan-Azərbaycan münasibətlərinə müdaxiləsini təmin etməyə çalışırlar”.

“İrəvan üçüncü qüvvələr qismində Vaşinqtonu və Parisi görür və bununla da növbəti dəfə böyük səhv edir” – deyə, deputat fikirlərinə əlavə edib:

“Vaşinqton nümayəndəsinin yaxın günlərdə bölgədə olması və ara-sıra Fransadan səslənən ritorik dəstək açıqlamaları Ermənistan hakimiyyəti tərəfindən doğru anlaşılmır və ermənilər belə hesab edirlər ki, həmin qüvvələrin iki ölkə arasında münasibətlərin tənzimlənməsinə cəlb edilməsi Ermənistanın bəzi öhdəliklərindən boyun qaçırmasına kömək edə bilər. Amma bu mümkün deyil, Ermənistan siyasi rəhbərliyi bunu birdəfəlik anlamalıdır. Paşinyan başa düşmür ki, Vətən müharibəsi zamanı Fransanın xüsusi canfəşanlıqla Ermənistanı dəstəkləməsi Makron hökümətinin özü üçün siyasi təbliğat gedişi idi. Artıq Makron ikinci və sonuncu dəfə prezident seçilib və ona Fransa erməni diasporunun dəstəyi bir daha lazım olmayacaq. Ona görə Fransa və ABŞ-nın siyasi təbliğatına uyub qonşu dövlətə qarşı təcavüzkar siyasət yürütmək və öz əsgərlərini də labüd ölümə göndərmək ancaq Paşinyan kimi diletant və naşı siyasətçinin işi ola bilər”.

Deputat bildirib ki, Ermənistanın xilası geriyə dönüşün bir daha mümkün olmayacağını anlayıb yalnız bölgədə sülh yaradılmasına töhfə verməkdədir.

“Bunu anlamayınca və qəbul etməyincə hər hansı təxribat və ya dünya liderlərinə ardı-arası kəsilməyən zənglər Ermənistan halimiyyətinə heç bir fayda gətirməyəcək. Bölgəyə kənar müdaxilələr sülh yaranmasına xidmət etməyib yalnız vəziyyəti mürəkkəbləşdirə bilər. Hadisələrin bu istiqamətdə inkişaf etməsi, yəni sülh danışıqlarını pozmaqla vəziyyətin mürəkləbləşdirilməsi isə heç də Ermənistanın xeyrinə işləməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm