Fransa XİN-in 66 il öncəki İrəvan səfəri: Xruşşov Pinonun tələbini necə rədd etdi
Bizi izləyin

Nida Təhlil

Fransa XİN-in 66 il öncəki İrəvan səfəri: Xruşşov Pinonun tələbini necə rədd etdi

Üzərindən məxfilik qrifi götürülən sənədlər təkcə keçmiş hadisələrə aydınlıq gətirmir, həm də mühüm siyasi mövzuların müzakirə olunduğu müasir mərhələnin tarixi kontekstini bərpa etməyə, yaxud tarixi zəmini tapmağa kömək edir.

Publika.az-ın bu istiqamətdə növbəti məqaləsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2017-ci ildə məxfilikdən çıxardığı bir sənədlə bağlıdır. Bu sənəddə Ermənistan Sovet Sosialist Respublikasındakı vəziyyət əks olunub. Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin Ermənistan SSR-dəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə dair 12 iyun 1958-ci il tarixli arayış hesabatında Fransa xarici işlər naziri Kristian Pinonun (fr. Christian Pineau) Ermənistan SSR-ə səfəri ilə bağlı olan hissəni təqdim edirik.

Qeyd edək ki, Kristian Pino (1904-1995) 1 fevral 1956-cı ildən 14 may 1958-ci ilədək Fransanın xarici işlər naziri olub.

***

Müharibədən sonrakı illərdə (1947-1948) Fransa, Yunanıstan və ABŞ-dan 8-10 min erməni Ermənistan SSR-ə repatriasiya edilib. Kommunist rejiminin bərbad həyat şəraiti ilə üzləşən repatriantların böyük əksəriyyəti sovet rəhbərliyi icazə verərsə, əvvəlki yaşayış yerlərinə qayıtmaq istərdi.

Fransanın xarici işlər naziri Kristian Pino 1956-cı ildə Ermənistana səfər edib. Onu İrəvan hava limanında təcrübəli kommunist Suren Tovmasyan (Suren Akopoviç Tovmasyan 1953-cü ilin noyabrından 1960-cı ilin 28 dekabrınadək Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, başqa sözlə desək Ermənistan SSR-in rəhbəri olub) qarşılayıb. Kristian Pino səfər edəndə Fransadan olan repatriantların çoxu onunla geri qayıtmaq imkanını müzakirə edirdi.

Bu söhbətlərin nəticəsi olaraq Pino onları Moskvada müzakirə edəcəyinə söz verib. Uğurlu nəticəyə ümid edən bir çox repatriant Sovet İttifaqını tərk etməyə hazırlaşarkən mənzilləri və şəxsi əşyalarını satıblar. Pino İrəvandan Moskvaya yollanıb. O, burada SSRİ-nin rəhbəri Nikita Xruşşov tərəfindən qəbul olunub. Fransa xarici işlər nazirinin tələbinin Moskva tərəfindən qəti şəkildə rədd edildiyi məlum olanda, çoxları sovet hakimiyyətinin sərt tədbirlərindən qorxurdular. Mənzillərini və şəxsi əşyalarını satanlar əlavə məişət problemi ilə üzləşiblər.

***

Deyirlər tarix təkrar olunur, əslində isə tarix təkrar olunmur, tarixdə baş verən hadisələr bir-birinə bənzəyir. Avropanın aparıcı dövlətlərindən olan Fransa Respublikası Ermənistanla Azərbaycan arasında münaqişənin qızışdığı ilk günlərdən onu ədalətlə həll etmək, konstruktivlik üçün böyük imkanlara malik olmasına (Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, 1990-cı illərdə onun Cənubi Qafqazda xüsusi mənfi imici yox idi, Fransa müqavimət hərəkatında azərbaycanlı partizanlar fəal iştirak edib, hətta Şarl de Qoll 1944-cü ildə Bakıda olub) baxmayaraq bu gün erməni lobbisinin təsiri ilə israrla destruktiv siyasət yürüdür. Fransa Fransua Mitteranın və Jak Şirakın prezidentliyi dövründə bir qədər konstruktiv mövqeyə getmək istəsə də, rəsmi Paris 2007-ci ildən etibarən onun nə BMT Təhlükəsizlik Şurasındakı statusuna, nə qlobal miqyasda oynadığı rola, nə də mütəmadi olaraq qeyd etdiyi Avropa dəyərlərinə uyğun gələn mövqeyə keçib. Uydurma erməni soyqırımının tanınması, Ermənistanın işğalçılıq siyasəti və digər mövzularda beynəlxalq hüquqa uyğun gəlməyən davranış nümayiş etdirməyə başlayıb. Əfsuslar olsun ki, Fransanın bu mövqeyi Emmanuel Makronun prezidentliyi dövründə daha ifrat formada özünü nümayiş etdirir. Biz Fransanın bu mövqeyini 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərində, Vətən müharibəsi dövründə də gördük. Bu il oktyabrın 6-da Praqada baş tutan görüşdən sonra Fransa Prezidenti verdiyi müsahibədə açıq-aşkar anti-Azərbaycan tezislər səsləndirdi. Fransa hər kritik mərhələdə elə addımlar atır ki, o addımlar müharibədən sonrakı quruculuğa deyil, müharibəni yenidən canlandırmaq, münaqişəni hər vasitələrlə canlı saxlamaq siyasətinə xidmət edir.

Beləliklə, Fransanın bu gün ermənilərlə bağlı yürütdüyü siyasət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Sovet Ermənistanındakı vəziyyətlə bağlı hesabatında əks olunan siyasətdən çox da fərqlənmir. Bu isə yalnız acı təəssüf doğurur…

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm