Nida Təhlil
“Farsnyus”un özünüifşası, “Qardaş yumruğu”nun təsiri və mollaların isterikası
Cəlil Məmmədquluzadə “niyə məni döyürsünüz?” adlı məqaləsində mollalara xitabən yazırdı: “A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edərəm?”
İndi İranda molla rejiminin Azərbaycana qarşı aqressiyası Cəlilin bu məqaləsini xatırladır və sual olunur ki, “ay başı əmmaməli məlunlar, dünya sizdən, çürümüş rejiminizdən danışır, siz niyə Azərbaycandan?”
Və aydın olur ki, ötən əsrdə Cəlili “döyən” mollaların qorxuları ilə, əsrimizdə Azərbaycana “hücum edən” molla zehniyyətli rejimin qorxuları da eynidir: din adı altında çıxardıqları hoqqaların agah olunması və o taylı-bu taylı Azərbaycanın oyanması;
İranda xalqın etirazı qarşısında əmmaməni başında saxlaya bilməyənlər bu reallıq fonunda isterikaya qapılaraq, qorxularını gizlədə bilmir, qəzet səhifələrində Azərbaycana qarşı qurduqları “barikada” arxasından gerçək niyyətlərini, həm də mahiyyətlərini nümayiş etdirirlər.
“Farsnyus” agentliyinin son məqaləsində molla rejiminin qorxularını, gerçək niyyətini, həm də mahiyyətini çılpaqlığı ilə görmək olur.
Məlumdur ki, SEPAH-a bağlı olan “yarım-rəsmi” agentliyin məqaləsi Tehran respublikasının mətbəxində “bişirilib”. O baxımdan, təkcə məqalənin sərlövhəsi çox nəsnələrdən xəbər verir.
“Bakı Ərdoğanın koloniyasına çevrildi” manşetini atan “Farsnyus” bununla molla rejiminin
- Azərbaycan-Türkiyə qardaşlığından;
- qardaş ölkələrin liderlərinin birliyindən;
- bu birliyin Bakı-Ankara ikilisini regional gücə çevirməsindən;
- və Arazın o tayındakı soydaşlarımızın bu birliyi nicat olaraq görməsindən;
qorxuya düşdüyünü elə öz cümlələri də etiraf edir. Onu da etiraf edir ki, Azərbaycan və Türkiyə qardaşlığını həzm edə bilmədikləri kimi, iki ölkənin Silahlı Qüvvələrinin birgə fəaliyyət planından da narahatdırlar.
“Farsnyus”un məqaləsi Azərbaycan-Türkiyə qardaşlığını pozmağa hesablanmış gülünc cəhddən başqa bir şey deyil və həm də birliyimizdən keçirdikləri isterikanın artıq şizofreniya həddinə çatdığının da isbatıdır.
Mollaların əmmaməsini silkələyən “Qardaş yumruğu”
İran rejiminin Araz çayının üzərindən “körpü atmaq” ssenarisinin də daxil olduğu məlum təlimlərindən sonra Azərbaycan və Türkiyə ordusunun adekvat ssenari ilə keçirdiyi “Qardaş yumruğu” təliminin mollaların yuxusuna haram qatdığı bəllidir. Təkcə ona görə yox ki, 70-ci illərdən qalma silahlarla keçirdikləri “təlim şousu”na ən müasir silahlarla verilən cavab son vaxtlar çəkdikləri videoroliklərlə “bloger”ə çevrilən SEPAH generallarının “qüdrətli İran” nağıllarını alt-üst etdi, həm də ona görə ki, mollalar Arazın bu tayına kəm baxanda belə “Qardaş yumruğu” ilə qarşılaşacağını əyani şəkildə gördülər.
Məhz buna görə Azərbaycan-Türkiyə qardaşlığına təfriqə salmaq məqsədilə türkiyəli general Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsini “Azərbaycan ordusu Türkiyə ordusunun nəzarətinə keçib” kimi iddialarla tirajlayır, hətta “Ankaranın göstərişi ilə azərbaycanlı hərbçilər ölkədən çıxarılır” iddiasını uyduracaq qədər gülünc manipulyasiyalara baş vururlar. Və “Azərbaycan Türkiyə ordusu ilə bu yaxınlarda “Qardaş yumruğu” adı altında Araz çayını keçməyi məşq etdi” qeydi ilə isterikaya qapıldıqlarını və iddialarının da bu isterikadan qaynaqlandığını etiraf etmiş olurlar.
Molla rejiminin bu etirafının arxasında həm də mərkli niyyətləri gizlənir: məqalədə Azərbaycan və Türkiyə ordusunun son üç ildə intensiv təlimləri xatırlanır, Bakı və Ankaranın eyni zamanda Pakistanla ayrı, Gürcüstanla ayrı olmaqla üçtərəfli təlimlər keçirdiyi qeyd olunur və bütün bunların “İrana hücuma hazırlıq” olduğu iddiası irəli sürülür;
Və bu iddianın “isbatı” kimi məqalədə “NATO-nun bölgəyə gəlişi”, “sionist rejiminin planları”ndan tutmuş “Britaniyanın qlobal ssenarilərinə” qədər müxtəlif uydurmalar irəli sürürlər. Bu iddiaların hər biri özülüyündə çürümüş molla rejiminin absurdluğunu anlamağa imkan verir.
Birinci iddia: “Zəngəzur dəhlizinin açılması NATO-nun bölgəyə gəlişidir”;
Zəngəzur dəhlizi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən icra olunmalıdır və bəyanatda qeyd olunur ki, dəhlizin təhlükəsizliyi Rusiya qüvvələri tərəfindən təmin ediləcək.
Molla rejimi iddia edir ki, “yox, bu, NATO-nun bölgəyə gəlişidir”. Türkiyənin NATO ölkəsi olmasına istinadən belə bir iddianı irəli sürmək olardı, lakin ortada rəsmi bəyanat var, bəyanatın altında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzası var, buna rəğmən, belə bir iddianın irəli sürülməsi “Farsnyus”un siyasi dayazlığının nümunəsidir.
İkinci iddia: “Sionist rejimi Azərbaycandan İrana qarşı cəbhə açır”;
Bu iddia illərdir İranda dilləndirilir, amma heç vaxt nəinki isbatı, buna işarə olacaq kiçik detal belə tapa bilməyiblər. Buna baxmayaraq, mollalar “Afət, şəhvət, məhvəş” sədaları altında eyni “rəqsi” etməyə davam edirlər.
Halbuki, “sionist rejimi” dedikləri İsrail Yaxın Şərqdə İranı darmadağın edir, istədiyi vaxt SEPAH generallarını tutub aparır, mollalar isə İsraili Arazın sahilində axtarırlar.
Üçüncü iddia: “Zəngəzur dəhlizi İranın iqtisadi açılımlarını boğmağa, Şərqi Avropaya gedən kommunikasiya keçidlərini bağlamağa hesablanıb”;
Cənubi Qafqaz coğrafiyasına və İranın bu coğrafiya üzərindən istifadə edə biləcək kommunikasiya xətlərinə diqqət edək: molla rejimi Qərbi Zəngəzur coğrafiyasından istifadə edərək, Avropa bazarına necə çıxa bilər?
Kommunikasiya xətlərini Ermənistan üzərindən Gürcüstana, Qara dənizdən keçməklə Avropaya qədər qurmaq imkanı var, Fars körfəzi-Qara dəniz layihəsi də buna hesablanıb, lakin bu, yalnız nəzəri baxımdan mümkün görünür, praktiki olaraq icrası çətindir.
a) mollaların iddia etdiyi kimi, doğrudan da Azərbaycan və Türkiyə “İranın yollarını bağlamağı planlaşdırırsa”, bunu Zəngəzur dəhlizi ilə yox, elə güclü ittifaq yaratdığı Gürcüstan vasitəsilə də edə bilər: rəsmi Tbilisinin Tehranla müqayisədə Bakı-Ankara ittifaqına üstünlük verdiyi və molla rejiminin bu reallığı dəyişdirmək imkanının sıfıra bərabər olduğu da bəllidir;
b) İranın qarşısını Zəngəzur dəhlizində “almağa çalışan” Qərb-NATO bunu elə Gürcüstanda da edə bilər: yoxsa mollalar hesab edir ki, Bakı və Ankara olmasa, onun Gürcüstan üzərindən Avropaya çıxışına “yaşıl işıq” yandıracaqlar?!
Coğrafiyanı və bu coğrafiyada mövcud siyasi şərtləri analiz etdikdə, İran üçün ən unikal variantın elə Zəngəzur dəhlizi olduğunu anlamaq çətin deyil. Azərbaycan və Türkiyə bu məqsədlə “3+3 formatı”nı təklif edir, bütün region ölkələrinin siyasi və iqtisadi divident əldə edə biləcəyi layihələr irəli sürür. Görünür, başlarındakı əmmamənin böyüklüyündən beyinlərinə hava getməyən mollalar ya bunu anlamır, ya da özlərini anlamamazlığa vururlar.
Sədi Şirazi sağ olsaydı onun doğulduğu torpaqlara hakimlik edən mollalara baxıb tarixi sözünü təkrarlayardı yəqin: “Məsləhəti, nəsihəti başa düşməz, qanmaz olan”.
İran rejiminin qorxularını da, niyyətini də çılpaqlığı ilə ortaya çıxaran məlum və məlun məqalədə “Ermənistanı Qərbi Azərbaycan, İranı Güney Azərbaycan adı ilə çağırırlar” cümləsi “Farsnyus”un niyə indi əl-ayağa düşdüyünü də aydınlaşdırır. Göründüyü kimi, Prezident İlham Əliyevin Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının qorunması məsələsini beynəlxalq gündəmə daşımasından sonra Qərbi Azərbaycan İcması ilə keçirdiyi görüş və verdiyi mesajlar təkcə İrəvanda yox, Tehranda da isterika yaradıb. Ki, mollalar erməni maraqlarının müdafiəsi naminə informasiya “barikadası”nın arxasından Bakıya hücuma keçib.
Sirr deyil ki, “Fars”nyusun məlun məqaləsi də daxil olmaqla İran rejiminin Azərbaycana qarşı informasiya hücumunun ümumi hədəfi diqqəti mollalara qarşı etirazlardan yayındırmaq, ictimai rəyi “xarici düşmən” obrazı ətrafında cəmləməkdir və düşünürlər ki, bununla xilas ola biləcəklər.
Amma və lakin artıq dövran dəyişib, Cəlilin ötən əsrdə qələmə aldığı “bunu da biliniz ki, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar... dəxi dalısını demirəm” öncəgörənliyi reallaşır. Arazın bu tayında da, o tayında da dostu da, düşməni də tanıyırlar və sizi daha heç nə xilas etməyəcək, ey mollalar.
Asif Nərimanlı
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar