Nida Təhlil
Mehriban Əliyeva onların yaralarına məlhəm olur - Türkiyəni duyğulandıran dəstək
Azərbaycan oyaqdır, qardaşına dayaqdır!
Türkiyədə “əsrin fəlakəti” olaraq dəyərləndirilən dəhşətli zəlzələnin ilk günündən etibarən Azərbaycan dövləti və xalqının dəstəyini belə ifadə edə bilərik.
Prezident İlham Əliyevin göstərişi ilə dövlət bütün imkanlarını qardaş ölkə üçün səfərbər edib: 1000-ə yaxın xilasetmə və tibbi personal, mobil səhra hospitalı, səhra mətbəxi, minlərlə çadır, generatorlar, geyim, dərman və qida məhsulları və s;
Bir sözlə, qardaş Türkiyə üçün nə lazımdırsa, Azərbaycan dövlət səviyyəsində edir.
Bir də xalqımızın dəstəyi və bu dəstəyin ən böyük təşəbbüskarı olan Birinci vitse-prezident Mehriban Əliyevanın “əsrin fəlakəti” ilə üzləşən qardaş ölkə üçün etdikləri var.
Zəlzələnin baş verdiyi ilk gündən insanlarımız isti geyim və yataq dəstlərindən tutmuş maliyyə yardımına qədər əllərindən gələn hər şeylə qardaşlarına dəstək olur. Lakin ilk gün pərakəndəliyin olması bu nəcib niyyətin effektiv icra olunmasında çətinlik yaradırdı. Məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ələ alması ilə mənzərə dəyişdi.
Azərbaycandan Türkiyəyə yardımların effektiv həyata keçirilməsi təmin edildi.
- Yardımların bir mərkəzdə toplanması həyata keçirildi;
- Yardımlar zəlzələ qurbanlarının ehtiyaclarına uyğun toplandı;
- Toplanan yardımların zəlzələ bölgəsinə çatdırılması təmin edildi;
Ən vacib məqam Azərbaycanda zəlzələ qurbanları üçün yardım mərkəzinin qurulmasıdır. Bu, yardımların koordinasiya edilməsi ilə yanaşı, həm də Türkiyə üçün nə qədər lazımdırsa, kampaniyanın davam edəcəyi baxımından əhəmiyyətlidir.
Yardım kampaniyasına vətəndaşlarla yanaşı, şirkətlər də qoşuldu.
Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan yardım kampaniyasında qardaş ölkəyə özəl şirkətlər də dəstək verir. Misal üçün, "Paşa Holdinq" və törəmə şirkətləri 1 milyon dollar ianə edib. Eyni zamanda, digər şirkətlər də bu prosesdə aktiv iştirak edir. Yardımlar həm maliyyə, həm də lazımi məhsulların çatdırılması formasında həyata keçirilir. Bu amil daha çox maliyyə və zəruri məhsulların toplanması baxımından xüsusilə əhəmiyyətlidir.
Heydər Əliyev fondu qardaş Türkiyənin yaralarını sarıyır.
Mehriban Əliyevanın göstərişi ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu Türkiyə üçün səfərbər olub. Fond Azərbaycanda humanitar yardım kampaniyasını həyata keçirir və bu, təkcə paytaxt Bakıda yox, respublikanın bölgələrində də aparılır, eyni zamanda, Türkiyənin zəlzələ baş vermiş bölgəsinə ezam olunmuş əməkdaşları yardımların çatdırılmasını koordinasiya edirlər.
Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə təyyarələrlə humanitar yardımlar çatdırılıb və yardım kampaniyası hazırda da geniş şəkildə davam etdirilir.
Türkiyəyə yardım prosesində saat kimi işləyən mexanizmin mövcudluğu xüsusilə diqqət çəkir və bu mexanizmin yaradılmasına rəhbərlik edən Mehriban Əliyevanın zəlzələnin baş verdiyi gündən indiyə qədər həyata keçirdiyi işlər qardaş ölkənin zəlzələdən aldığı yaraların sağaldılmasında əvəzolunmaz rola malikdir.
Və burada əsas məqam Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi bu nəhəng işi daşıdığı vəzifəyə görə yox, humanizm dəyərlərinə sadiq Azərbaycan xanımı kimi, bir milli təəssübkeş kimi etməsidir. Türkiyənin yaralarına məlhəm olacaq yardım kampaniyasının bu qədər geniş və effektiv olmasının təməlində də bu amil dayanır.
- Onun qəlbi hər bir azərbaycanlı kimi Türkiyə ilə döyünür;
- O, qardaş ölkənin yarasına məlhəm olmaq üçün hər şeyi edir;
- O, zəlzənin yaşatdığı ağrını Türkiyə ilə birlikdə yaşayır;
- Dağıntılar altından çıxarılan hər bir can üçün sevinir, həlak olan hər insan üçün üzülür;
Bu, Mehriban Əliyevanın zəlzələ qurbanları ilə bağlı paylaşımlarında aydın hiss olunur.
Və əsrin fəlakəti ilə üz-üzə qalan qardaş Türkiyəyə dəstək olan, yardım edən heç kimi unutmur, nəcib kampaniyaya qoşulan hər kəsə təşəkkür edir.
Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında yazır:
“Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun!”.
Və bütün bunlara görə “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” deyə qeyd edir.
Bu:
- dağıntılar altından insanları xilas etmək uğrunda zamanla yarışan xilasedicilərmizə,
- yaralıların sağalması uğrunda gecə-gündüz çalışan tibb işçilərimizə,
- zəlzələ bölgəsində yardımların paylanılmasından tutmuş qurbanlara mənəvi dəstəyə qədər hər işə qaçan könüllülərimizə,
- zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyəsini həyata keçirən diplomatlarımıza,
- informasiya təminatı işini həyata keçirən jurnalistlərimizə
verilən ən böyük qiymətdir;
Bu:
- əynindəki gödəkçəsini verən azərbaycanlı üçün də,
- evindəki ən təmiz və təzə adyalını göndərən nənəmiz üçün də,
- pensiyasını zəlzələ qurbanlarına göndərən babamız üçün də,
- göndərdiyi gödəkçənin cibinə zəldələdə evsiz qalan uşaqlar yesin deyə ləbləbi və şokolad qoyan gözəl ürəkli qızımız üçün də,
ən böyük dəyərdir;
Bu, Mehriban Əliyeva tərəfindən xalqımızın qardaş Türkiyə naminə yumruq kimi birləşməsinə, milli birlik və həmrəyliyinə verilən yüksək diqqətdir.
Və bu, həm də Mehriban Əliyevanın Türkiyə xalqının, ümumilikdə bütün türk dünyasının yaşadığı fəlakətə bir Azərbaycan xanımı, bir ana kimi nəcib yanaşmasını özündə ehtiva edir.
O yazır:
“Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”.
Bu kəlmələrdə Mehriban Əliyevanın təkcə Birinci vitse-prezident kimi yox, həm də bir nəcib azərbaycanlı xanım kimi qardaş Türkiyə ilə, zəlzələ qurbanları ilə həmrəy olması, onların acılarını, ağrılarını bölüşməsi var.
Bu gün bütün Türkiyə Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yardım kampaniyasından və Azərbaycanın dəstəyindən qürur və sevinclə bəhs edir, bu qardaşlıqdan duyğulanır. Bunu dağıntılar altından çıxarılan vətəndaşlar da, Türkiyə mediası da, Türkiyə rəsmiləri də durmadan dilə gətirirlər.
Hər bir azərbaycanlı da Mehriban Əliyevanın qardaş ölkəyə xitabən dediyi “Türkiyə, səninləyik” sözlərinə həmrəydir və bu həmrəylik, qardaşlıq əbədi davam edəcək. Biz Türkiyənin yaralarını birlikdə sağaldacaq, birlikdə daha güclü olacağıq. Bu, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və onların səsinə səs verən Azərbaycan xalqının qardaş ölkəyə sözüdür.
Asif Nərimanlı
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar