Zahid Oruc: "Mehriban Əliyevanın müraciəti milli quruculuq ideologiyasına daxil olacaq"
Bizi izləyin

Nida Təhlil

Zahid Oruc: "Mehriban Əliyevanın müraciəti milli quruculuq ideologiyasına daxil olacaq"

“Heç şübhəsiz, Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan zəlzələ iki xalqın, əslində bir millətə çevrilmə imtahanı olaraq, eyni zamanda millətimizin necə böyük bir qəlbə və dəyanətə, iradəyə və gücə sahib olduğunu nümayiş etdirdi. Digər tərəfdən, Mehriban xanım Əliyeva türk dünyasının lideri kimi çıxış etdi və öz xalqı ilə bütövlükdə türk milləti ilə qürur duyduğunu bildirdi”.

Bu barədə Publika.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib:

“Düşünürəm ki, 10 milyon insanın hər birində könüllülük və xilaskarlıq vardı. Təkcə ora getmiş sayı 1000-2000 civarında olan xilasedicilər və digər mütəxəssislərlə məsələni məhdudlaşdırmaq olmaz. Bu gün hə rkəs öz duası ilə qardaşlarının yanındadır. Tikəsini bölməklə, evindən ailəsindən ayırdığı azuqə, avadanlıq və qurğu ilə bu savaş meydanında mücadilə verirlər. Bu mənada əsrlər boyu davam edən və hər zaman bizi vahid səngərdə xarakterizə edən, xüsusilə də bunun zirvəsi olan Çanaqqala döyüşləri, həmçinin Şuşanın fəthi kimi tarixi hadisələr bizim aləmimizdə millətimizin, yəni bu 95 milyonluq xalqın vahid bir mübarizəsidir. Ona görə də bir millət bir dövlətə çevrildiyimizi bu zəlzələ faciəsindən sonra daha yaxşı gördük. Və adımızı müxtəlif hesabatlarda öndə göstərməyə məcbur olan dünya xalqları da buna şahidlik etdilər”.

Onun sözlərinə görə, bəzən vətəndaşlarımız türk qardaşlarından öndə hərəkət edirlər: “Onlar sıra, cərgə, yer gözləmirlər və özlərinə bütün zərbələri almağa hazırdırlar. Bu mənada deyirik ki, Vətən Müharibəsi davam edir. Doğrudur, qarşımızda dayanan qüvvə silahlı deyil. Torpaq və yer kürəsi qlobal miqyasda silkələnmə yaşayır. Onun mənəvi və elmi qiymətləndirmələrini başqa zaman edərik. İndiki halda həqiqətən də o dağıntılar altından çıxarılan hər kəsin səsi dünyada, o cümlədən Azərbaycanda duyulur. Birinci xanımı da qürurlandıran odur ki, bizim millətimiz tapşırıq və əmr gözləmədən birlik nümayiş etdirir. Necə ki, müharibədə hər kəs bir cəbhədə və bir meydanda idi, indi də eyni davranış müşahidə edilir. Bu, ədəbi əsərlərin mövzusuna çevriləcək, misilsiz salnamələr kimi yazıçı və şairlərimizin bədii təfəkkürünün məhsulu olacaq. Gələcək nəsillər üçün daş salnaməyə çevriləcək, görəcəklər ki, heç bir imtahan, sınaq, o cümlədən zəlzələ bu iki xalqın birliyini və vahidliyini, bir-birinə olan bağlarını qıra bilməz. O dağıntılardan yeni Türkiyə, ermənilərin əli ilə dağılmış və 3 il öncə azad etdiyimiz ərazilərdə yeni Azərbaycan doğulacaq. Bir daha vurğulayıram ki, o dağıntılardan yeni millət, yeni dövlət doğulur”.

Z.Orud vurğulayıb ki, hər iki dövlətin baş verənlərdən sarsılıb öz qlobal, regional, beynəlxalq mövqelərindən geri duracaqlarını düşünənlər yanılırlar.

“Düşünmək olmaz ki, daxilə başları qarışan bu iki dövlət sülh gündəliyindən, Cənubi Qafqazda yeni arxitektura quruculuğundan imtina edəcək və başqa dövlətlər humanitar pərdə altında yenə də Egey dənizindən başqa ərazilərə qədər Türkiyəyə zərbə vurmaqda olacaqlar. Əminəm ki, Birinci vitse-prezidentin bu tarixi müraciəti böhran dövrlərində idarəçiliyin bir tarixi anı kimi yaddaşlarda qalacaq. Millət quruculuğu ideologiyalarına daxil olacaq. Çünki kollektiv yaddaş mühüm bir fenomendir və müharibə dönəmlərində liderlərin, xüsusilə də Birinci vitse-prezident statusunda olan insanların müraciətləri xüsusi bir fenomendir. O, özünün deklorativliyindən, sadəcə ümumi rəsmi məna daşımaq mahiyyətindən fərqlənir, necə ki, cənab Prezident İlham Əliyev 2020-ci ilin 44 günlük müqəddəs hərəkatında millətimizə o cür tarixi müraciətlər edirdi. Biz indi vaxtilə Ruzveltin, bir az da tarixin dərinliklərinə endikdə Napaleon Bonapart və başqalarının öz döyüşçülərinə, millətinə, mübarizlərinə müraciətini bir salnamə kimi əxz edib öyrənirik, eləcə də, Mehriban xanım Əliyevanın bu mövqeyini əxz edəcəyik”, - o bildirib.

Z.Oruc əlavə edib ki, verdiyimiz dəstək Türkiyədə övladlarını itirmiş analar, bacılar, atalar, oğullar ümumilikdə hər kəs üçün bir təskinlik mənbəyidir: “Çünki onlar görürlər ki, bizim münasibətimiz siyasi şoular deyil, həqiqətən də, onillərdir söylədiyimiz ifadə indi tamam yeni bir məna biçiminə gəlib çatdı. O səbəbdən də biz deyirik ki, 10 milyon insanın hər biri könüllüdür və biz 95 milyonluq vahid bir millətin övladları kimi davranırıq. Bir millət, bir dövlət, bir ordu vəziyyətindəyik. Bu ordu texnika, alətlər, qurğularla silahlanacaq, amma missiyaları xilaskarlıqdır”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm