Nida Təhlil
Azərbaycan xalqı niyə Ərdoğan deyir? - CHP-nin unudulmayan xəyanətləri
Türkiyə 28 mayda keçiriləcək II turda yeni prezidentini seçəcək. Prezident Rəcəb Tayyip Ərdoğan Cümhur İttifaqının, CHP lideri Kamal Kılıçdaroğlu Millət İttifaqının namizədi olaraq yarışacaq. I turda Ərdoğan 49,52 faiz, Kılıçdaroğlu 44,88 səs alıb, Türkiyə seçki qanununa görə namizədlərdən heç biri 50 faizdən artıq səs ala bilmədiyi üçün II tur keçiriləcək.
Qərarı Türkiyə xalqı verəcək, lakin o da bir həqiqətdir ki, bu seçkilər bütün dünyada maraqla izlənilir. Qərb ölkələrinin Kılıçdaroğlunu dəstəklədiyi müşahidə olunur, bunu media üzərindən aparılan təbliğatla açıq şəkildə göstərirlər. Türk dünyası və müsəlman coğrafiyasında Ərdoğana dəstək daha çoxdur. Və təbii ki, qardaş ölkədə baş verənləri ən çox izləyənlərdən biri də Azərbaycandır.
Azərbaycan ictimai rəyində əsas dəstək Ərdoğanadır. Bunu keçirilən sorğular da, sosial platformalarda yayılan fikirlər də təsdiq edir. Səbəbsiz deyil, təkcə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığımız iki böyük müharibə xalqın Ərdoğanı dəstəkləməsi üçün yetərlidir.
Birinci müharibədə torpaqlarımız işğal olundu, xalqımız soyqırıma məruz qaldı. Türk qardaşlarımız fərd olaraq yanımızda idi, cəbhədə bizimlə döyüşdülər də. Lakin Türkiyə hökuməti dəstək vermədi, məşhur helikopter məsələsi iki qardaş ölkənin tarixində ən acı səhifələrdəndir. İkinci müharibədə Türkiyənin mövcud iqtidarının sərgilədiyi mövqe, verdiyi siyasi dəstək qazandığımız Zəfərdə əhəmiyyətli oldu.
İndi Azərbaycan insanını Ərdoğana dəstək verdiyinə görə qınamaq olarmı?!
Xeyr, amma qınayanlar var, elə Türkiyədə CHP-çilər Azərbaycan ictimai rəyindən narazı olduqlarını media üzərindən bu və ya digər formada dilə gətirirlər.
O zaman sual yaranır: CHP-çilər Azərbaycandan nə gözləyirdilər?
Boraltan körpüsü hadisəsinə qədər uzaq keçmişə getmək fikrində deyilik. Cəmi üç il öncə Azərbaycan Vətən müharibəsi apararkən, CHP sədrinin baş müşaviri, keçmiş səfir Ünal Çeviköz “Türkiyədən Azərbaycana suriyalı terrorçuların göndərildiyi” idiasını irəli sürdü və “təəssüf ki, Türkiyə Azərbaycana dəstək verir” yönündə açıqlamalar verdi. Eyni iddia üzərindən Ermənistan və işğalçı ölkənin dəstəkçiləri müharibə boyunca və sonrasında Azərbaycana qarşı kampaniya apardılar.
Ünal Çeviköz bu gün də CHP lideri Kamal Kılıçdaroğlunun baş müşaviri olaraq fəaliyyətinə davam edir.
CHP tərəfdarı olaraq tanınan jurnalist Levent Gültekin 44 günlük müharibə davam edərkən, “Azərbaycan Naxçıvana çıxış əldə etmək üçün Ermənistan torpaqlarını işğal edəcək” iddiasını ortaya atdı və öz torpaqlarımızda haqq savaşı apardığımız vaxt Ermənistanın Azərbaycana qarşı “təcavüzkar” iddiası ilə apardığı kampaniyasını dəstəklədi. Ermənistan mediası L.Gültekinin bu sözlərini manşetlərdə Azərbaycana qarşı istifadə etdi. CHP rəhbərliyi bununla bağlı hansısa addım atdımı? Xeyr.
Lakin məsələ təkcə CHP-lilərin dili ilə irəli sürülən iddialarla yekunlaşmır. Azərbaycan Ordusu cəbhədə döyüşərkən CHP-nin “Gələcək üçün biz” qrupu bəyanat yayaraq, müharibənin dayandırılması çağırışı etdi. Bəyanatda Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalar yağdıran Ermənistana qarşı bir kəlmə də olsun qınaq yer almamışdı, əsas tezis Azərbaycan Ordusunun işğala son qoymaq istiqamətində addımlarının qarşısını almaq idi.
CHP və bu partiya üzvlərinin Azərbaycana qarşı sərgilədikləri haqsız mövqe unudulmayıb, Boraltan körpüsü hadisəsinin unudulmadığı kimi. Azərbaycan qardaşlarından yalnız dəstək gözləyib, amma CHP fəalları, hətta Kılıçdaroğlunun baş müşaviri postunu daşıyanlar səviyyəsində belə Azərbaycana qarşı düşmən mövqe sərgiləyiblər. Atatürkün qurduğu partiya Mustafa Kamalın Azərbaycan haqqında “Sevincimiz də, kədərimiz də birdir” kəlamını unutmuş kimi görünür.
Və bütün bunlardan sonra Azərbaycan xalqının Ərdoğana dəstəyindən narazılıq edirlər.
Bir tərəfdə Vətən müharibəsində sona qədər Azərbaycanın yanında olan Ərdoğan, digər tərəfdə Azərbaycanın öz torpağını işğaldan azad etməsinə qarşı çıxanların namizədi olan Kılıçdaroğlu var. Azərbaycan xalqının dəstəyinin səbəbi ortadadır.
Kamal Kılıçdaroğlunun “həyatımın projesi” dediyi “Türk yolu” layihəsində Azərbaycanı tamamilə “unutması” isə Vətən müharibəsində CHP fəallarının sərgilədiyi düşmən mövqeyin fərdi yox, bütövlükdə partiya düşüncəsi olduğu fikrini önə çıxardı.
Kılıçdaroğlun “həyatının Azərbaycansız layihəsi”
Kılıçdaroğlu “Türk yolu” adlandırdığı layihə məlum Yeni İpək Yolunun Azərbaycansız versiyasıdır. Məlumdur ki, Yeni İpək Yolunda (Bir kəmər, bir yol) Azərbaycan üzərindən keçən Orta Dəhliz aktual marşrutdur: Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutu dəyişən CHP lideri bəyan edir ki, hakimiyyətə gələcəyi təqdirdə, Mərkəzi Asiyaya İran üzərindən çıxan marşrutu həyata keçirəcək.
Beləliklə, həm Zəngəzur dəhlizinin reallaşma perspektivini sıradan çıxaracaq, həm də indiyə qədər Gürcüstan üzərindən həyata keçirdiyi layihələrlə Orta Dəhlizin əsas habına çevrilmə potensialını ilk sıralara çıxaran Azərbaycanı ümumiyyətlə prosesdən kənarda saxlayacaq. Kılıçdaroğlunun “həyatının layihəsi”ndə ən çox maraqlı olan üç ölkə var: Fransa, Ermənistan və İran. Hər üç ölkə Azərbaycanın Orta Dəhlizdən kənarlaşdırılmasına çalışır.
- Fransa Avropanın lideri kimi geosiyasi güc mərkəzi olmaq istəyi və bunun üçün Çinə ehtiyacı var, lakin Orta dəhlizdə Ankara və Bakı faktoru onun yolunu kəsir;
- Ermənistan Zəngəzur dəhlizinə, ümumiyyətlə Azərbaycanın güclənə biləcəyi istənilən layihəyə qarşıdır, həmçinin, İrəvan İranın “Fars körfəsi-Qara dəniz” layihəsinə ümid edir;
- İran “bir kəmər, bir yol” layihəsində özünün yerləşdiyi cənub dəhlizinin aktuallığına çalışır və heç bir halda Azərbycanın önə çıxmasında maraqlı deyil;
Layihədə Azərbaycanın olmaması həm də Ermənistanın İran üzərindən əsas tranzitə çevrilməsinin önünü açacaq.
Sual yaranır: bu, Kılıçdaroğlunun “həyatının layihəsidir”, yoxsa adıçəkilən ölkələrin də daxil olduğu güc mərkəzlərinin sifarişi?!
CHP liderinin Azərbaycan və Türkiyədə narazılığa səbəb olmasına rəğmən, bunu seçkidən öncə açıqlaması da onun müəyyən mərkəzlərdən dəstək almasına hesablanıb. Yəni Azərbaycanın sevinci və kədərini bir gördüyü Atatürkün qurduğu partiyanın hazırki lideri Azərbaycana qarşı açıq şəkildə xəyanət edir.
Məşhur ifadədə deyildiyi kimi, “qaraşlıq hüququ xəyanəti müdafiə etməməlidir”. Azərbaycan və Türkiyə qardaşdır, amma xəyanət edənlər bu qardaşlığa sığına bilməz.
Və artıq sirr deyil ki, 28 mayda keçiriləcək seçkilərdə Kılıçdaroğlu qalib gələrsə, Azərbaycanı böyük layihədən kənarlaşdıracaq, 44 günlük müharibədə Ermənistanı dəstəkləyən CHP-lilərin zehniyyəti Türkiyə siyasətini yönəldəcək.
Bütün bunlardan sonra Azərbaycan xalqı niyə Ərdoğanı dəstəkləyir sualının cavabı da ortadadır. Azərbaycan xalqı nə yaxşlığı, nə də pisliyi unutmur, nə Ərdoğanın dəstəyini, nə də Kılıçdaroğlunun xəyanətini, CHP-lilərin etdiklərini unuda bilmərik.
Asif Nərimanlı
-
Sosial12:00
Yeni fərman: Bu şəxslərə ordudan möhlət hüququ verildi
-
ABŞ11:00
Trampın müşaviri İFŞA OLDU: Yeni administrasiya üçün vəzifələri pulla "PAYLAYIRMIŞ"
-
Region10:00
Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
-
MDB09:36
Rusiyanın 230 milyonluq qazı “oğurlandı” - Bu Avropa ölkəsinə tədarük dayandırıldı
-
Nəqliyyat08:55
Azərbaycanda taksi qiymətləri 40% artdı - VİDEO
-
Nəqliyyat08:34
18 yolda tıxac var - SİYAHI
-
Magazin107:35
Çingiz Mustafayev: "Ora gələn insanların 80-90 faizi travmalıdır" - VİDEO
-
İKT05:15
“WhatsApp”da çoxdandır gözlənilən YENİLİK