Sivas qətliamı Azərbaycan neftinə görə törədilib? - HEYRƏTAMİZ FAKTLAR
Bizi izləyin

Nida Təhlil

Sivas qətliamı Azərbaycan neftinə görə törədilib? - HEYRƏTAMİZ FAKTLAR

Sivas qətliamı Azərbaycan neftinə görə törədilib? - HEYRƏTAMİZ FAKTLAR

30 il əvvəl - 1993-cü il iyulun 2-də Pir Sultan Adbal şənlikləri üçün Sivasa gələn 33 sənətçi və ictimai rəy lideri qaldıqları “Madımak” otelini yandıran basqınçılar tərəfindən öldürülmüşdü. O qətliamla bağlı Türkiyədə hədsiz müzakirələr aparılıb, bu müzakirələr heç indi də bitməyib. Qarşılıqlı ittihamla da davam edir. Hadisələr ələvilərə qarşı və Pir Abdual Sultan şənlikləri zamanı törədildiyindən, Azərbaycanda da müəyyən əks-səda yaratmışdı. Adətən, qətliam daha çox ənənəvi sünni-ələvi qarşıdurması kontekstində təqdim olunur, Türkiyədə güclənən siyasi sünniliyin ilk ifrat təzahürü kimi xatırlanır. Lakin qətliama Türkiyənin regiondakı yüksəlməkdə olan mövqeyinə qarşı ilk təxribatlardan biri kimi yanaşılma da var. Bu zaman qətliamın Azərbaycan nefti uğrunda mübarizənin bir epizodu kimi nəzərdən keçirilməsi maraqlıdır. Azərbaycanca tərcüməsini müəyyən izahlarla təqdim edəcəyimiz icmal da bu yöndədir.

PKK terrorunun araşdırıcısı Murad Yetkinə məxsus “Yetkin report” elektron nəşrinin icmalında xatırladılır ki, qətliam “Rədd olsun dünyəvilik”, “Yaşasın şəriət” və s. şüarları ilə oteli yandıran təcavüzkarlar tərəfindən törədilib. Lakin sonrakı hadisələr göstərdi ki, hücum təkcə dünyəvilik əleyhinə, anti-ələvi siyasi islamçı cəhd kimi qiymətləndirilə bilməz. Xatırladılır ki, bu hücumdan 3 gün sonra, iyulun 5-də TİKKO (Türkiye İşçi Köylü Kurtuluş Ordusu –Türkiyə Fəhlə-Kəndli Qurtuluş ordusu) yaraqlılarının dəstəyi ilə Ərzincanın Kemaliyə rayonunun Başbağlar kəndinə basqın edən PKK-lılar qadın və uşaqların da olduğu 33 kənd sakinini qətlə yetiriblər. Müəllifə görə, Başbağlar qətliamını yalnız Sivas qətliamına cavab olaraq oxumaq, onu Türkiyə üzərində gedən qanlı enerji savaşının bir parçası kimi görməmək yanlışdır.

Sivas qətliamı 1993-cü ildə Uğur Mumcunun öldürülməsindən tutmuş PKK-nın 33 silahsız əsgərin güllələnməsinə qədər, Azərbaycan neftinin Qərb bazarlarına çatdırılması uğrunda gedən qanlı mübarizə çərçivəsində nəzərdən keçirilməlidir.

Nəşr daha sonra Sivas qətliamına qədərki hadisələri icmal şəklində təqdim edir:

Sovet İttifaqı 1991-ci il dekabrın 25-də rəsmən dağıldı. Lakin bir il əvvəl, 1990-cı il noyabrın 19-21-də Parisdə toplanan NATO və dağılmış Varşava Müqaviləsi ölkələri Avropa Adi Qüvvələr Sazişini (MSK) imzaladılar və qarşılıqlı olaraq silahların azaldılmasını qəbul etdilər.

Həm PKK problemi, həm də İraqda davam edən vətəndaş müharibəsi səbəbindən Mersin limanından İran sərhədindəki Hakkariyə qədər olan ərazi, o cümlədən İncirlik Hava Bazası və Ceyhan-Yumurtalık neft terminalı razılaşmadan çıxarılır. Bunun nəticəsində Türkiyə o zamanlar NATO ölkələrində ifşa olunmuş qladio tipli əks-partizan təşkilatlarının ləğvindən kənarda qaldı.

1992-ci ilin əvvəlində sovet coğrafiyasından 15 müstəqil respublika ayrıldı. “Soyuq müharibə”də qalib gələn ABŞ-ın prioritetləri sırasında Azərbaycan neftinin Qərb bazarlarına Rusiyanın və İranın nəzarətindən kənar daşınması da olub. İlk ağla gələn İraqın Kərkük və Mosul neftini boru kəmərləri ilə Qərbə daşıyan Ceyhan-Yumurtalıq limanı idi. Türkiyənin əhəmiyyətini artıracaq bu layihə təkcə Rusiyanı deyil, Ermənistan, İran, İraq, Suriya və Yunanıstanı da narahat edirdi.

1993-cü il Sivas qətliamına qədər aşağıdakı hadisələr baş verdi:

5 yanvar: Maliyyə naziri Adnan Qəhvəçi Ankara yaxınlığında “yanlış yola yönəldiyi” yol qəzasında dünyasını dəyişdi; o, prezident Turqut Özalın “Kürd məsələsinin həlli” üçün yaratdığı komandanın üzvü olub.

24 Yanvar: Jurnalist Uğur Mumcu öldürüldü. İki terror təşkilatı- IBDA-C, həm də (İranpərəst) Hizbullah qətlə görə məsuliyyəti öz üzərinə götürdü. 30 ildir, qatil hələ də tapılmayıb, qətl işi açıqdır.

17 fevral: Jandarma Komandiri Əşrəf Bitlisi kürd liderlərlə görüşmək üçün İraqa getmək üçün aparacaq təyyarə Ankaradan havaya qalxdıqdan dərhal sonra qəzaya uğradı, Bitlis öldü. Yada salaq ki, o, “Qurdlar vadisi” serialındakı Doğu Əşrəfoğlu obrazının prototipidir.

5 mart: Ankarada Türkiyə ilə Azərbaycan arasında Bakı-Ceyhan Neft Boru Kəməri protokolu imzalanır; müqavilə mayın son həftəsində Bakıda imzalanmalı idi.

15 mart: PKK lideri Abdullah Öcalan, Cəlal Talabani vasitəsilə Livanın Suriyanın nəzarətindəki Bəqaa vadisində "bir aylıq atəşkəs" elan etdi.

16 aprel: Öcalan atəşkəsi daha bir ay uzatdığını açıqlayır. Bir gün əvvəl prezident Özal ağır podaqra tutmasından sonra Orta Asiyaya 11 günlük səfərdən qayıtmışdı.

17 aprel: Özalın səhər idman edərkən infarkt keçirərək dünyasını dəyişdiyi açıqlanır.

16 may: Süleyman Dəmirəl Özalın yerinə prezident seçilir.

24 may: Bingöl ilə Elazığ arasında PKK-nın pusqusuna düşən 33 silahsız əsgər öldürülür, de-fakto atəşkəs başa çatır.

İyun: Azərbaycanda 4 iyun qiyamı baş verir. İlkin protokol ləğv olunur. Bundan sonra 2 İyul Sivas və 5 İyul Başbağlar qırğınları gəlir.

Ləğv edilmiş protokola əsasən, Bakı-Ceyhan xətti “cənub marşrutu”ndan keçəcəkdi. Naxçıvan-İğdır vasitəsilə Türkiyəyə daxil olacaq və Bingöl-Elazığ marşrutu ilə Adanada, Ceyhan-Yumurtalık terminalına çatacaqdı.

Lakin 6 ildən sonra ABŞ prezidenti Bill Klintonun nəzarəti altında - 1999-cu il noyabrın 18-də Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Dəmirəl, Əliyev və Eduard Şvardnadzenin imzaladığı Bakı-Tbilisi-Ceyhan boru kəməri daha bahalı “şimal marşrutu” üzərindən Gürcüstandan daxil olur və Ərzrumdan keçir. Beləliklə, kəmər İran, Ermənistan və İraq sərhədlərindən, həm də terakt və təxribat təhlükələrindən uzaqlaşdırıldı.

Yunanıstanda iqtidarda olan PASOK millət vəkili Dimitrios Vounatsos 1192-ci il martında Suriyanın nəzarətində olan Livanın Bəqaa vadisində Öcalanı ziyarət edərkən xəritə gətirib. Yunan dilində yazılmış bu Türkiyə xəritəsində iki boru kəməri marşrutu göstərilirdi. Birinci (və heç vaxt olmayacaq) marşrut Azərbaycan neftinin Rusiya və Qara dəniz vasitəsilə Bolqarıstana, oradan isə Yunanıstanın Egey sahillərinə nəqlini nəzərdə tuturdu. Beləliklə, Türkiyə yan keçəcəkdi.

Digəri isə “cənub marşrutu” idi ki, o da icra olunmadı. Vounatsos və Öcalanın şəkil çəkdirdiyi yer isə təxminən 33 əsgərin şəhid olduğu və məcburi atəşkəs razılaşmasının sona çatdığı Elazığ-Bingöl bölgəsi olub.

Nəşr ehtimal edir ki, biriləri Sivasdakı hadisələrlə dini və etnik ədavəti qızışdırmaqla, Türkiyə hökumətinin İraq kürdləri vasitəsilə PKK ilə razılaşma əldə etmək cəhdlərinə, eləcə də Türkiyə və Azərbaycanın yolunu açacaq boru xəttinə mane olmağa çalışıb.

Amma Türkiyə o zaman təxribata getməyərək “şimal marşrutu”na üz tutdu və ABŞ və İngiltərəni buna inandırdı. Yəni 33 əsgərin öldürülməsi, Sivas və Başbağlar qırğınları əks nəticə verdi.

Maraqlıdır ki, Öcalan dindirilərkən qətliamların PKK-çılar tərəfindən edildiyini etiraf etsə də, əmr vermədiyini söyləyib.

Elə isə əmrin kim tərəfindən verildiyi maraq doğurur.

Müəllif şimal marşrutunu Türkiyənin energetik haba çevrilməsi üçün əslində yeganə seçim olduğunu dolayısı ilə etiraf edir. Ancaq bu xəttin seçilməsi üçün Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın olduqca gərgin mübarizəsi, Rusiya və İranı neytrallaşdırmaq üçün atılan addımlar üzərindən sükutla keçir.

(Abdulla Ocalan və yunan deputat terakt törədiləcək yerlərin xəritəsinə baxır)

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm