Nida Təhlil
Gah “feminist”, gah “anti-militarist” adı ilə Ermənistana işləyən xain şəbəkə
Azərbaycanın Qarabağ iqtisadi rayonunda suverenliyinin təmin olunması və erməni əhalisinin reinteqrasiyası, həm də onların separatçı-terrorçu rejimin əsarətindən xilas edilməsi siyasətinə qarşı “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” adlı kampaniya başlayıb. Məqsəd bəllidir: rəsmi Bakıya təzyiq etməklə Laçın sərhəd-keçid məntəqəsinin açılmasına nail olmaq, erməni əhalisinin reinteqrasiyasının qarşısını almaq və separatçıların mövcudluğunu qorumaq;
Ermənistanın təxribatından sonra Laçın yolundan daşımalar məhdudlaşdırıldı və rəsmi Bakı alternativ marşrut – Ağdam-Xankəndi yolunu təklif edib. Laçın sərhəd-keçid məntəqəsindən erməni əhalisinin keçidi, o cümlədən, xəstələrin daşınması sərbəst şəkildə təmin olunursa, erməni əhalisinin təminatı üçün alternativ marşrut təklif edilirsə, o zaman, hansı “total müharibə, blokada və hökmranlıqdan” danışmaq olar?!
Ermənistanın dəstəklədiyi Qarabağdakı separatçılar erməni əhalisini girov saxlayır: ərzağı əhalidən gizlədir, yaxud daha baha qiymətə satır, əhalinin alternativ yolu olan Azərbaycanla təmaslarını bloklayır və öz mövcudluqlarını qorumaq naminə “humanitar fəlakət” şousu düzəldir, “aclıq oyunları” qururlar. Bu mənzərə fonunda bir daha aydın görünür ki, Qarabağdakı erməni əhalisini blokadada saxlayan Azərbaycan yox, separatçılardır və bu şəraitin yaranmasının başlıca səbəbi də Ermənistanın ərazi iddialarından əl çəkməməsidir. Lakin dünya erməniliyi ətrafında birləşən qüvvələrin – Ermənistanın, erməni diasporu/lobbisinin və rəsmi Bakıya qarşı cəbhədə yer alan bütün qruplaşmaların apardığı təbliğat-informasiya kampaniyasında bunun əksi göstərilməyə cəhd edilir, baş verənlərə görə Azərbaycan ittiham olunur. “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” adlı kampaniya da bu prosesin davamıdır və artıq klassikaya çevrilən erməni məkri fonunda bu kampaniyaya diqqət etməmək də olardı, amma və lakin...
- əgər bu kampaniyada azərbaycanlılar da (əgər onlara azərbaycanlı demək mümkündürsə) iştirak edirsə,
- əgər azərbaycanlılar da Qarabağdakı separatçı-terrorçu rejimə dəstək məsələsində ermənilərlə həmrəydirsə,
- və əgər həmin “azərbaycanlılar” bu ölkəyə, bu millətə - Vətən müharibəsi şəhidlərinə, onların uğrunda şəhid olduğu torpağa xəyanəti bu qədər həyasızcasına edirlərsə,
bunu araşdırmaq, onları tanımaq və nə dediklərinə diqqət etmək zərurəti yaranır. Və araşdırdıqda Azərbaycana qarşı xəyanətin daha dəhşətli detalları üzə çıxır.
“Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” adlı kampaniya-müraciət “Feminist Sülh Kollektivi” (Feminist Peace Collective) təşkilatı tərəfindən 10 avqust 2023-cü il tarixində edilib. Müraciətdə Azərbaycan dövləti Qarabağdakı erməniləri “blokadada” saxlamaqda ittiham edilir, hətta Ermənistanın “humanitar fəlakət”, “soyqırımı” iddialarına dəstək verilir.
Misal üçün belə iddia edirlər: “Blokadanın ilk günlərindən Azərbaycan dövləti bu hadisə ətrafında geniş propaqanda apararaq daxili və beynəlxalq ictimaiyyəti blokadanın mövcud olmadığına,insanların və yüklərin dəhlizdən Rusiya sülhməramlılarının müşayiəti altında keçdiyinə inandırmağa çalışırdı. Buna baxmayaraq, müstəqil informasiya vasitələri, sosial mediadan istifadə, habelə Qarabağdan/Artsaxdan olan sadə insanlarla ünsiyyət vasitəsilə blokadanın olmaması barədə məlumatların yalnış və yöndən yayındırıcı olduğunu elə əvvəldən anlamaq olurdu. Bu gün isə hər şey göz qabağındadır: uşaqlar gündə cəmi bir dəfə yemək yeyə bilir, hamilə qadınların və yaşlıların, xəstəliyi olan insanların sağlamlığı ciddi təhlükə altındadır”.
Meşəli qətliamının iştirakçısı Vaqif Xaçatryanın Laçın sərhəd-keçid məntəqəsində həbs edilməsi, eləcə də Rəşid Beqlaryanın saxlanılması pislənilir və “dövlət zorakılığının bir forması olan müharibədən digər forması olan polis əməliyyatına çevrilən bu nəzarət forması Qarabağdakı/Artsaxdakı əhaliyə 2 seçim verir: ya Qarabağı/Artsaxı tərk etməlisiz, ya da yumşaq etnik təmizləmə ilə üz-üzə qalacaqsınız” qeydi ilə Azərbaycan ittiham olunur.
Və hər şeyə görə Azərbaycan dövləti/hakimiyyəti günahlandırılır, Qarabağda separatizmin ləğvi, suverenliyimizin bərpası siyasətinin Azərbaycan xalqının istəyi olmadığı iddia edilir. Klassik “ermənilər sülhpərvərdir, Ermənistan dövləti sülh istəyir, Azərbaycan müharibə” təbliğatının davamı olan bu kampaniyada yenə klassik taktikadan istifadə edirlər: “azərbaycanlıları” prosesə qoşur, bununla beynəlxalq ictimaiyyətə “Azərbaycan xalqının Azərbaycan dövlətinin siyasətini dəstəkləmədiyini” göstərməyə çalışır və rəsmi Bakıya qarşı təzyiq dalğasını bütün istiqamətlərdə - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gücləndirməyə cəhd edirlər.
44 günlük müharibədə də, Laçın yolunda ekofəalların aksiyasında da eyni taktikadan istifadə edirdilər, Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı da analoji fəaliyyəti davam etdirirlər.
Və bu kampaniyada hiyləgər taktikadan istifadə olunduğu da ortadadır: Ermənistan və Qarabağdakı separatçılara dəstək verən “azərbaycanlılar”ın xəyanətini “Cənubi Qafqazda sülh və həmrəylik” adı altında gizlədirlər.
Bir neçə fakt “Feminist Sülh Kollektivi”nin məhz bu xəyanətin kamifulyaj edilməsi məqsədilə yaradıldığını anlamaq üçün yetərlidir:
Birincisi, “Feminist Sülh Kollektivi” məqsədinin Cənubi Qafqazda “həmrəylik və sülh” olduğunu iddia edir, lakin rəsmi saytı (feministpeacecollective.com) yalnız ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir: nə üçün gürcü və erməni dilləri yoxdur, “həmrəylik” çağırışları yalnız azərbaycanlılar üçün nəzərdə tutulur, yaxud işğal siyasətindən və ərazi iddiasından hələ də əl çəkməyən ermənilərin “sülh və həmrəyliyə” ehtiyacı yoxdurmu?!
İkincisi, təşkilatın saytında hər iki dildə (ingilis və Azərbaycan) yayımlanan məqalələrin əksəriyyəti yalnız Azərbaycanla bağlıdır və Azərbaycanın əleyhinədir: bu məqalələrdə Azərbaycan dövləti ittiham olunur, hətta Azərbaycan xalqı aşağılanır, ermənilər müdafiə edilir, misal üçün, “Laçın blokadası: neo-kolonialism, vətəndaş cəmiyyəti və dövlət zorakılığının ortasında”, “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” kimi məqalələr bu qəbildəndir;
Üçüncüsü, “Feminist Sülh Kollektivi” Qarabağı “artsax” adlandırır, beynəlxalq ictimaiyyətin belə istifadə etmədiyi bu ifadəni davamlı şəkildə gündəmdə saxlamaqla Azərbaycan ərazisindəki separatizmi dəstəkləyir;
Bu faktlar təsdiq edir ki, “Feminist Sülh Kollektivi”nin arxasında Ermənistan və bu ölkənin xüsusi xidmət orqanları, o cümlədən, erməni diasporu/lobbisi dayanır. Və məqsəd erməni maraqlarına işləyən “azərbaycanlıların” xəyanətini “feminizm, həmrəylik, sülhpərvər” imici altında gizlətmək, beynəlxalq səviyyədə maliyyə və digər dəstək almalarını təmin etməkdir.
“Feminist Sülh Kollektivi” Lalə Darçınova, Sevinc Samadzadə və Səadət Abdullazadə tərəfindən 2021-ci ildə yaradılıb. Saytlarında qeyd edirlər ki, “bu hərəkat 2020-ci ildə İkinci Qarabağ müharibəsinə cavab olaraq yerli feministlər tərəfindən sülh, münaqişə, militarizm, imperializm, kapitalizm, milliyətçilik, gender, maskulinlik və digər əlaqəli anlayışları araşdırmaq və cəmiyyətə feminist sülh diskursunu çatdırmaq üçün yaranmışdır”. Yəni onlar “müharibənin” əleyhinə olduqlarını deyirlər, lakin diqqətdən yayınmayan əsas məqam odur ki, Azərbaycan əleyhinə kampaniyada iştirak edən “erməni feministlər” ölkələrinə qarşı heç bir çağırış etmir, yaxud “azərbaycanlı feministlərin” sülh çağırışlarına qoşulmur. Sual yaranır: məqsəd həqiqətən də feministlərin kollektiv sülhə dəstəyidirsə, ermənilər niyə Ermənistanın ərazi iddialarına və hələ də işğal siyasətinə əsaslanan mövqeyinə qarşı çıxmır?
Cavab aydındır: gerçək məqsəd Azərbaycan ətrafında “azərbaycanlıların” da iştirak etdiyi anti-təbliğat kampaniyası qurmaqdır və burada sifarişçinin Ermənistan olduğu da sirr deyil.
Hələ 2018-ci ildə Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycan torpaqlarının işğalını davam etdirməyə hesablanmış qondarma “Qadınlar sülh uğrunda” hərəkat yaratmışdı. Bu hərəkatda “azərbaycanlı fəallar” da aktiv şəkildə iştirak edirdilər. 44 günlük müharibənin 12-ci günündə - 9 oktyabr 2020-ci il tarixində “müharibə əleyhinə” çağırış məhz Akopyanın təşşəbbüsü idi və “azərbaycanlı fəallar” da bu təşəbbüsə qoşulmuşdu. Həmin vaxt bir qrup azərbaycanlının “feminist”, “anti-militarist” kimi adlar altında Ermənistan maraqlarına xidmət etdiyi faktı ortaya çıxdı. Azərbaycan uğrunda “mübarizə” apardıqlarını dillərindən əskik etməyən Qubad İbadoğlu, Fuad Qəhrəmanlı kimilərin övladlarının qoşulduğu bu təşəbbüsdə “Feminist Sülh Kollektivi” təsisçiləri - Lalə Darçınova, Sevinc Samadzadə və Səadət Abdullazadə də iştirak edirdi. Aydındır ki, “Feminist Sülh Kollektivi” də müharibədən bir il sonra məhz bu planın davamı olaraq ortaya çıxıb və Azərbaycan əleyhinə fəaliyyət “feminizm”, “kollektiv sülh” adı altında həyata keçirilir.
- 12 dekabr 2022-ci il tarixində Laçın-Xankəndi yolunda ekofəalların aksiyasına qarşı fəaliyyətə başladılar: bu aksiyanın Azərbaycan dövləti tərəfindən təşkil edildiyi və Qarabağda “humanitar fəlakət”ə səbəb olduğuna dair erməni tezislərini təkrarlayır, Ermənistanın mövqeyini müdafiə edirdilər;
- Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra bu postun ləğv edilməsi, erməni separatizmin “nəfəslik” əldə etməsi naminə Azərbaycana qarşı çağırışlar edir, qondarma “humanitar fəlakət” iddialarını tirajlayırlar: “total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” kampaniyası bu prosesdə son cəhdlərindən biridir;
Hələ 44 günlük müharibə dövründə Azərbaycan əleyhinə yeni Leyla Yunusların, Xədicə İsmayılların yetişdirildiyi müşahidə olunurdu. Bu gün Lalə Darçınova, Sevinc Samadzadə və Səadət Abdullazadə kimilərinin timsalında buna nail olduqları görünür. “Feminist Sülh Kollektivi”nin təsisçilərinin ermənilərlə sıx əməkdaşlığına dair faktlar da bu təşkilatın gerçək məqsədini ortaya çıxaran məqamlardandır. Lalə Darçınova ABŞ-da fəaliyyət göstərən “İmage” təşkilatının Azərbaycan üzrə nümayəndəsidir, bu təşkilatın təsisçisi isə erməni Filip Qambelyandır. Təşkilat bu ilin aprelində “Laçın dəhlizi blokadasının gender təsirləri” mövzusunda onlayn dinləmə keçirib. L.Darçınovanın moderatorluğu, Sevinc Səmədzadə və ermənilərin – Hadrut ermənisi kimi təqdim etdikləri İrina Safaryan, eləcə də Lusine Kosakyanın iştirakı ilə keçirilən dinləmələrdə rəsmi Bakı Qarabağdakı erməniləri “blokadada” saxlamaqda ittiham edilir, Azərbaycanın humanist addımları məsxərəyə qoyulurdu. Ekofəalların aksiyasının əleyhinə keçirilən bu dinləmələrin məqsədinin Qarabağdakı erməni separatizminin dəstəklənməsi olduğu aydın görünürdü. Sevinc Səmədzadə “Feminist Sülh Kollektivi”nin saytında Azərbaycan əleyhinə məqalələrində də bu tezisi davam etdirir. Misal üçün, o, “Sülh üçün savaşmaq” bitdi, amma müharibə bitmədi” adlı məqaləsində azərbaycanlıları pantürkizmdə ittiham edir və faşist adlandırır. Ermənistanın maraqları naminə dəridən-qabıqdan çıxan eyni şəbəkə hazırda İrəvanın və dünya ermənilərinin Laçın sərhəd-keçid məntəqəsinin ləğv edilməsi siyasətinə açıq dəstək verir.
Onları tanıyın: Vətən müharibəsində Vətən xainliyini açıq müstəviyə keçirən bu şəbəkə erməni maraqları naminə Azərbaycan əleyhinə fəaliyyətlərinə bu gün də davam edir, bu xainliyi isə gah “feminizm”, gah “anti-militarizm”, gah da “sülhpərvər” adı altında gizlətməyə çalışırlar.
Asif Nərimanlı
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA