İran Ermənistanın təxribatına qarşı: Tehran İrəvana xəbərdarlıq edir
Bizi izləyin

Nida Təhlil

İran Ermənistanın təxribatına qarşı: Tehran İrəvana xəbərdarlıq edir

Günlərdir “İran Azərbaycanla sərhəddə hərbi qüvvələr toplayıb”, “İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb” kimi iddialar tirajlanır. Bakı-Tehran xəttində daha əvvəl yaşanmış gərginliklər və İranın vaxtilə sərhədimizdə keçirdiyi təlimlər fonunda bu iddialar müəyyən ictimai inama da səbəb olub, hərçənd, məlumatın doğruluğunu araşdıranda bunun sadəcə iddiadan başqa bir şey olmadığı ortaya çıxdı.

Bakı-Tehran xəttində münasibətlərin müsbət dinamikası da bu iddiaların dezinformasiya olduğunu deməyə əsas verirdi. Əsas diqqətçəkən məqam isə bu iddianın Azərbaycan-İran birgə hərbi komissiyasının Bakıda iclasının keçidildiyi, İranın hərbi rəhbərliyinin ölkəmizə səfəri ərəfəsində yayılmasıdır. Bakıda İran və Azərbaycan arasında hərbi əməkdaşlıq müzakirə edildiyi vaxt İranın sərhədimizdə qoşun toplaması nə qədər doğru ola bilər?!

İnformasiyanın təxribat xarakteri daşıdığı bəllidir və araşdırdıqda bunun erməni mənbələr tərəfindən məqsədli şəkildə ortaya atıldığı aydın olur. Ermənistanın infotəxribatı səbəbsiz deyil: Bakıda İran-Azərbaycan birgə hərbi komisiyyasının iclasının keçirilməsi, ümumilikdə Bakı-Tehran xəttində münasibətlərin normallaşması İrəvanı narahat edir və bu cür iddialarla münasibətlərin pozulmasına cəhdi edirlər;

İran rəsmiləri Ermənistan tərəfindən ortaya atılan bu iddiaları təkzib edir. Bu ölkənin Silahlı Qüvvələri Baş Qərargahının İdarə rəisi Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə guya hərbi qüvvələr yığması haqda yayılan məlumatların yalan olduğunu bəyan edib. Bildirib ki, bunlar sadəcə əsassız və yalan xəbərlərdir və bir sıra bəlli qüvvələr tərəfindən İran-Azərbaycan münasibətlərini korlamağa hədəflənib: “Bu iddialar məhz onlar tərəfindən yayımlanıb. Bundan başqa, SEPAH-la bağlı yayılan xəbərlərə aydınlıq gətirmək istəyirəm. SEPAH-ın da sərhəddə dəstələri yoxdur və birgə təlim keçirmək üçün heç bir səbəb yoxdur. Tək hədəfimiz və istəyimiz odur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansın. Cənubi Qafqaza sülh və əmin-amanlıq gəlsin. Ölkələr arasında barışıq olsun. Ümid edirik ki, iki ölkənin siyasi rəhbərliyi bu xətti davam etdirərək sülhə daha tez nail olacaqlar”.

Artıq İran da Bakı-Tehran münasibətlərinin pozulmasına çalışanların və bölgədə onların maraqlarına təhlükə yaradan ölkənin Ermənistan olduğunu anlayır.

Rəsmi Tehran zaman-zaman bölgəyə kənar qüvvələrin cəlb edilməsinə qarşı olduğunu bəyan edib, İran rəhbərliyinin son açıqlamalarında da bu məqam xüsusi xətlə seçilir. Bu təhdidi yaradan ölkə məhz Ermənistandır.

Ermənistan Avropa İttifaqının müşahidə missiyası adı altında Qərb qüvvələrini bölgəyə cəlb edib. “Müşahidə missiyası”nda təmsil olunanların kimliyinə nəzər yetirdikdə təhlükənin miqyası daha aydın görünür:

- Fransanın hərbi kəşfiyyatı “müşahidə missiyası”nda yer alır;
- NATO ölkələrinin hərbçiləri “mütəxəssis” adı altında missiyanın tərkibində fəaliyyət göstərir;


Faktiki olaraq, NATO qüvvələri və Qərb ölkələrinin kəşfiyyatı Ermənistanı plasdarm olaraq istifadə etməkdədir və əsas hədəfdə olan ölkələrdən biri məhz İrandır. ABŞ/NATO-nun 2018-ci ildən etibarən Ermənistandan İrana qarşı plasdarm kimi istifadə etdiyi sirr deyil, xüsusilə İranda ABŞ səfirliyinin geniş tərkibində Pentaqonun əməkdaşlarından tutmuş Mərkəzi Kəşfiyyat İdarəsinin kəşfiyyatçılarına qədər “diplomat” fəaliyyət göstərir. Ermənistanın İrana qarşı plasdarm rolu sonrakı dövrdə daha da genişləndi. Aİ “missiyası” adı altında NATO qüvvələrinin İranla sərhədə gətirilməsi də bu addımlardan biridir. Ermənistan-ABŞ birgə hərbi təlimlərinin keçirilməsi isə bu fəaliyyətin açıq müstəviyə keçirilməsi hesab oluna bilər. Artıq ABŞ hərbçiləri İrana sərhədlərinin dibində açıq təhdid yaradır.

Bütün bunların fonunda “İran Azərbaycanla sərhədə qoşun toplayıb” iddiasının məhz indi ortaya atılmasının daha bir səbəbi aydın olur: bu, Ermənistan özünün anti-İran fəaliyyətindən yayındırmaq üçün diqqəti Azərbaycanın üzərinə cəlb etmək cəhdidir;

Hərçənd, İranın bu gün bölgədə sərhədlərinə qoşun toplayacağı ölkə Ermənitandır. Çünki Ermənistan Qərb kəşfiyyatı və ordusunun İrana qarşı bazası rolunu oynayır. İran rəsmilərinin sərgilədiyi mövqe də Tehranda bundan xəbərdar olduqlarını göstərir.

İran prezidenti İbrahim Rəisinin Ermənistanın baş naziri Nikol Paşinyanla son telefon söhbətində səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Paşinyanın məqsədi Rəisini inandırmaq və İranı Azərbaycana qarşı cəbhəyə qoşmaq idi, lakin İran prezidenti erməni baş nazirə bildirib ki, “3+3 formatından başqa hər hansı əcnəbi ilə əməkdaşlıq, onlarla təlimlər keçirmək və şübhəli səfərlər vəziyyəti daha da çətinləşdirəcək”. İranın vitse-prezidenti Məhəmməd Cəmşidi də X (Tvitter) sosial şəbəkəsində eyni fikirləri paylaşıb.

- 3+3 formatından kənar ünsiyyət qurmaq və əcnəbilərlə əməkdaşlıq etmək: Ermənistan Qərb ölkələri ilə açıq əməkdaşlıq edir və NATO maraqları üçün bölgədə baza rolunu oynayır;
- Onlarla hərbi təlimlər keçirmək: Ermənistan ABŞ-la birgə hərbi təlim keçirir, o cümlədən, Aİ-nin “müşahidə missiyası” adı altında Qərb ölkələrinin hərbi qüvvələrini bölgəyə gətirib;
- Şübhəli səfərlər etmək: bölgədə belə səfərləri Ermənistan rəsmiləri edir, xüsusilə erməni baş nazirin həyat yoldaşı Anna Akopyanın Ukraynaya səfəri bu kontekstdə diqqət çəkdi və bu səfərin İrəvanın anti-Rusiya və anti-İran cəbhəsinə qoşulmasının əsas detalı hesab oluna bilər;


İranın verdiyi mesaj Ermənistana ünvanlanıb və aydın görünür ki, Tehran İrəvanın bölgədəki oyunlarını qəbul etmək niyyətində deyil. Nikol Paşinyan isə “janqlyorluq” edərək hər kəsi aldada biləcəyini düşünür: bir tərəfdən, Qərb qüvvələrini bölgəyə gətirir, ABŞ-la birgə hərbi təlimlər keçirir; digər tərəfdən, bölgədəki maraqlarına açıq təhdid yaratdığı İran və Rusiyadan dəstək istəyir, hətta bu istəyini Rusiya rəsmilərini açıq təhqir etmələri fonunda irəli sürür;

Paşinyan ya özünü çox ağıllı hesab edir, ya da Rusiya və İranı sadəlövh. Tehran və Moskvadan verilən reaksiya isə erməni məkrinə aldanacaq qədər sadəlövh olmadıqlarını göstərir.

- Moskva ən yüksək səviyyədə İrəvana sərt xəbərdarlıq edib, hətta ilk dəfə Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq NOTA verilməsi baş verdi;
- Tehran Ermənistanın “əcnəbilərlə təlim”lər keçirməsinə, 3+3 formatından kənar əməkdaşlığa, “şübhəli səfərlər”inə prezident Rəisi səviyyəsində qarşı çıxdı;


Nikol Paşinyanın “erməni məkri” baş tutmur və arxada “quyusunu qazdığı” Tehran və Moskvadan dəstək istəkləri əks-effekt verdi. Artıq bütün kartlar açıq oynanılır və göründüyü kimi, bölgəni geosiyasi mübarizənin plasdarmına çevirmək cəhdləri qəbul edilmir. Bölgədə bütün məsələlərin 3+3 formatında həll edilməsi mövqeyi qətidir.

Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistan: Prezident İlham Əliyevin təşəbbüsü olan bu format Türkiyə tərəfindən dəstəklənir, Rusiya öz dəstəyini ifadə edib, Rəisinin son açıqlamaları isə İranın da bu formata dəstək verdiyinin nümayişidir;

Yaxın dövrdə 3+3 formatı çərçivəsində xarici işlər nazirlərinin görüşü gözlənilir, daha sonra liderlər səviyyəsində görüş istisna edilmir və tezliklə bu kontekstdə əməkdaşlıq daha da güclənəcək. Bu formatı pozan, ümumilikdə bölgənin siyasi əməkdaşlıq mühitinə təhdid yaradan yeganə ölkə Ermənistandır. Azərbaycan və Türkiyənin bununla bağlı açıq mövqeyi var. Rusiya və İranın son açıqlamaları artıq bu ölkələrin regionun ümumi maraqlarını kənar qüvvələrə qurban verməyə çalışan Ermənistana xəbərdarlığı hesab oluna bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm