Qərb Ukraynanı niyə poliqona çevirdi? - Geosiyasət üçün Kiyev və Bakı örnəyi
Bizi izləyin

Nida Təhlil

Qərb Ukraynanı niyə poliqona çevirdi? - Geosiyasət üçün Kiyev və Bakı örnəyi

21 aydır davam edən Ukrayna müharibəsinin mövcud mənzərəsi acınacaqlıdır: ölkə iqtisadiyyatına bərpası onilliklərlə vaxt tələb edəcək zərbə vurulub, infrastruktur darmadağın olub, milyonlarla qaçqın var, on minlərlə hərbçi həlak olub, yüz minlərlə yaralı var;

Və müharibə poliqonuna çevrilən Ukraynanın qələbəsi üfüqdə görünmür, əksinə, Qərb Kiyevdən güzəştə getməyi, ərazilərindən imtina etməyi tələb edir, hətta ölkənin parçalanması ssenariləri də gündəmdədir. Çünki ABŞ-ın rəhbərliyi altında Qərb cəbhəsi Ukraynada istədiyinə artıq nail oldu və artıq ukraynalılar üçün nəsə etməyə ehtiyac yoxdur.

Ötən ilin fevralında başlanan müharibənin səbəblərini və 21 ay sonrakı mənzərəni analiz etdikdə Qərbin Ukraynanı qurban verdiyi gerçəyi bir daha önə çıxır.

2021-ci ilin sonunda ABŞ-NATO və Rusiya arasında geosiyasi hesablaşma kəskin mərhələyə keçdi. Və NATO-nun prinsiplərinə - ərazi münaqişəsi olan ölkələrin ittifaqa üzvlüyə qəbul edilməməsi - Ukraynanın Şimal Alyansına qoşulması məsələsi aktuallaşdı. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasını qəbul etmir və müharibə ilə hədələyirdi. Hərçənd, beynəlxalq ekspert cameəsində də açıq qalan sual vardı: NATO öz prinsiplərindən imtina edərək, Ukraynanı qəbul edəcək və bununla Rusiya ilə açıq hərbi münaqişəyə girəcəkmi?

Hələ o zaman normal məntiq bu sualın cavabının "xeyr" olduğunu göstərirdi. Lakin Qərb məsələni daim gündəmdə saxlayır və Rusiyanın müdaxiləsinə zəmin yaradırdı. Çünki ABŞ-NATO cəbhəsinə Avropada yeni müharibə və bu müharibənin aparılacağı poliqon lazım idi.

Biricinci və başlıca hədəf Avropanın yenidən NATO çətiri altında Vaşinqtonun təsirinə qaytarılması idi.

Trampın prezidentliyi dövründə Avropa ABŞ təsirindən xilas olmaq addımlarını intensivləşdirmişdi. Fransa prezidenti Emmanuel Makron “NATO-nun beyin ölümü keçirdiyini” deyir, Paris və Berlinin liderliyində yeni təhlükəsizlik sisteminin yaradılmasından, Avropa ordusunun qurulmasından bəhs olunurdu. Avropanın yenidən güc mərkəzinə çevrilməsi planında əsas tərəfdaşlıq etdiyi ölkə Çin idi. Çin-Avropa əməkdaşlığı Pekinin geosiyasi müstəvidə yeni güc olaraq önə çıxması ilə yanaşı, ABŞ-ın təkqütblü dünya sisteminə təhlükə yaradırdı.

Qərb cəbhəsini birləşdirmək, “beyin ölümü keçirən” NATO-nun “müdafiə qalxanı” rolunu yenidən qəbul etdirmək və ittifaq daxilindəki çatları qapatmaq üçün Şimal Alyansının yaranma fəlsəfəsini canlandırmaq lazım idi: TƏHLÜKƏ.

Çinin NATO-nu hərəkətə keçirəcək, Qərb cəbhəsini birləşməyə məcbur edəcək təhlükə olması mümkün deyildi. Avropada “Vaşinqton Çin təhlükəsini böyüdür” kimi açıqlamalar da zaman-zaman gündəmə gəlirdi. Ən real və effektiv təhlükə NATO-nun qurulma fəlsəfəsinə uyğun olan və “soyuq müharibə”ni Avropanın yaddaşında yeniləyəcək Rusiya idi. Mümkün müharibə Rusiya təhlükəsi qarşısında NATO-nun “müdafiə qalxanı” rolunu aktivləşdirəcək, “beyin ölümünü” arxa plana keçirəcəkdi.

İkinci hədəf Rusiyanı müharibəyə cəlb etmək və cilovlamaq idi.

Moskvanın Vaşinqton qarşısında tələb kimi qoyduğu yeni “təhlükəsizlik müqaviləsi” geosiyasi münasibətlərin yenidən qurulmasını şərtləndirirdi. ABŞ bunu qəbul edə bilməzdi və Rusiya üçün ikinci “Əfqanıstan bataqlığı” ssenarisini tətbiq etməklə Moskvanı zəiflədə, cilovlanan vəziyyətə gətirə bilərdi. Hərçənd, beynəlxalq mediada təbliğ edildiyi kimi, strateji rəqib kimi Çini görən ABŞ Rusiyanın parçalanmasında, dağılmasında maraqlı deyil, sadəcə, daha zəif və təsir edə biləcəyi vəziyyətə düşməsini istəyir.

Üçüncü hədəf ABŞ-ın strateji rəqib olaraq qəbul etdiyi Çinin yeni dünya gücünə çevrilməsinin önünü kəsməkdir.

- Müharibə ilə Çinin “Avropa xəyalı” arxa plana keçirildi;
- Pekini dünya gücünə çevirəcək “Bir kəmər bir yol” layihəsinin Qara dəniz bölgəsindəki habı münaqişə ocağına çevrildi;

Bu hədəflərə nail olmaq üçün Ukrayna poliqon olaraq seçildi. Rəsmi Kiyevə isə “müdafiə”, “qələbə”, “Krım”, “NATO və Aİ üzvlüyü” və s. kimi vədlər verildi. Müharibə başladıqdan sonra bu vədlər unuduldu.

- Ukraynanın hava hücmundan müdafiə sistemləri ilə təmin edilməsi həyata keçirilmədi;
- Verilən silahlar əsasən Qərb ölkələrinin hərbi inventarından çıxarılan, istifadə effektivliyi zəifləyən silahlardır;
- Və Rusiya ilə münaqişəyə girməmək məqsədilə Ukraynanın kənardan silahlandırılması davam etdi;


Kollektiv Qərb Rusiyanı məğlub edə bilərdi. Nüvə təhlükəsinə görə müharibəyə birbaşa müdaxilə edə bilməsələr də, Ukraynanın qələbəsini təmin edəcək silahları verə və Rusiyaya qarşı sanksiyaları gücləndirə bilərdilər. Lakin müharibənin ilk günündən indiyə qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar istənilən effekti vermədi, çünki bir tərəfdən, Moskvanı boykot edən Qərb, digər tərəfdən rus məhsullarını alır, xüsusilə neft və qaz. Beləliklə, Rusiyanın müharibədən əvvəl neft və qazdan əldə etdiyi gəlir ən azı iki dəfə artıb. Bununla yanaşı, Ukraynaya nə hava hücumundan müdafiə sistemləri, nə döyüş təyyarələri kimi effektiv silahlar verilmədi. Çünki Qərb cəbhəsi Avropa, Rusiya və Çin hədəfinə nail olmaq üçün Ukraynada müharibənin uzanmasını, qalibin olmamasını istəyir, bu, Ukrayna xalqının məhv edilməsi hesabına olsa belə.

- Ukrayna xalqının 20 faizdən çoxu qaçqın vəziyyətinə düşüb;
- Ukrayna iqtisadiyyatına yüz milyardlarla dollar zərər vurulub;
- Ölkə üzrə infrastruktur sıradan çıxıb və bunun bərpası üçün yüz milyardlarla dollar, onilliklərlə zaman lazımdır;
- Ukrayna ordusunun 70 mindən çox itki verdiyi, yüz minlərlə yaralının olduğu haqda məlumatlar var;
- On minlərlə mülki insan həlak olub;


Belə demək mümkünsə, Ukrayna geosiyasi maraqların qurbanına çevrildi.

Və bütün bunların qarşılığında Ukrayna qalib tərəf deyil, əksinə, rəsmi Kiyev Qərb tərəfindən Rusiya ilə danışıqlara, güzəştlərə getməyə məcbur edilir. Eyni zamanda, bütün itkilərə, məğlubiyyətə və uğursuzluğa görə prezident Vladimir Zelenski günahlandırırlar.

Ukraya müharibəsi Qərbin gerçək üzünü bir daha göstərdi və sübut etdi ki, məsələ “ərazi bütövlünün toxulmazlığı”, yaxud iddia etdikləri “demokratik dəyərlərin qorunması, inkişaf etdirilməsi” yox, siyasi maraqlardır və bu maraqlar naminə bütöv bir xalqı qurban verə bilirlər.

Ukrayna Qərb maraqlarının hansı nəticələrə səbəb olduğunu göstərən ən real nümunəyə çevrilib. Bu nümunənin bir də əks tərəfi var: milli maraqları heç bir geosiyasi oyunlara qurban verməyən və son nəticədə bütün prosesdən əsas qalib kimi çıxan Azərbaycan.

Qərb Ukraynada həyata keçirdiyi ssenarini 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanda tətbiq etməyə çalışırdı. Müharibənin gedişində və sonrakı üç il ərzində Türkiyənin Rusiya ilə üz-üzəı qoyulması ssenarisini tətbiq etməyə cəhdlər göstərdilər. Azərbaycan daxilində Qərbin “muzdlu dəstəsi” də bu ssenarinin reallaşması üçün çox çalışdı. Lakin nail ola bilmədilər, çünki Prezident İlham Əliyev fenomeni vardı.

Azərbaycan lideri dünyanın müxtəlif yerlərində toqquşan, məsələ Qarabağ olanda isə ortaq məxrəcdən çıxış edən dünya güclərinə rəğmən torpaqlarımızı azad etməyə nail oldu. 2020-ci ildə 44 günlük müharibədə qazandığımız zəfər 2023-cü ildə tamamlandı və Azərbaycanın suverenliyini tam bərpa olundu. Və bütün bu prosesdə Azərbaycanın regiondakı güc mərkəzləri ilə münasibətlərinə heç bir xələl gəlmədi. Çünki həqiqətən də “nəyi nə zaman, necə etmək lazım olduğunu” Prezident İlham Əliyev bilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm