Nida Təhlil
Rusiya İranı Qafqazdan sıxışdırır, yoxsa... – Tehranın Bakıya qarşı “qırmızı xətt”i beşə yüksəldi
İran mediası (həm SEPAH-a yaxın KİV-lər, həm ənənəvi mühafizəkar KİV-lər, həm də islahatçılara yaxın KİV-lər) yenidən Azərbaycan respublikası əleyhinə təbliğatlarında köhnə narrativlərə qayıdıblar. Azərbaycan-İsrail əlaqələri zərrəbin altında incələnir, Təl Əvivin “Argentina Pataqoniyası” planı alınmadığı üçün indi azad olunmuş ərazilərdə “ikinci İsrail “qurmaq planı olduğu iddia edilir. Rəsmi Bakının guya hansısa gizli niyyətləri olması, bir neçə saat içərisində Ermənistanın mühüm ərazilərini işğal etməyə qabil olması deyilir.
“Qırmızı xətlər” çoxalır
Ekspert Həmid Xosrovşahi İran dini liderinin II Qarabağ savaşı zamanı elan etdiyi beş “qırmızı xətti”ndən danışır. Halbuki əvvəllər rəsmən 3” qırmızı xətt” elan edilmişdi. KİV-lərdə “Türkiyə və Rusiyanın Azərbaycanın dəstəyi ilə Qafqazda İrana qarşı planı”, digərində “İranın Qafqaza qayıdışı” başlığı ilə təqdim edilmiş müsahibədə dini liderin qırmızı xətlərinə əlavələrlə belə sıralayır: Birincisi, torpaqların Azərbaycana qaytarılmasına sevinirik, ikincisi, müharibə olmamalıdır, üçüncüsü, bu bölgədə yaşayan ermənilərin hüquqları pozulmamalıdır, dördüncü, radikalların mövcudluğuna son qoyulmalıdır, sonuncu və ən mühüm məsələ o idi ki, Tehran İran və Ermənistan sərhədləri arasında əlaqə kəsilməməlidir.
Daha sonra o, İranın indiyədək xarici siyasətini Rusiya ilə uzlaşdırmasının yanlış olmasını qeyd edir. Xosrovşahinin fikrincə, Qafqazda İranın maraqları Rusiyanın maraqları ilə bir araya sığmır. Məsələ burasındadır ki, Türkiyə Rusiyanın icazəsi olmadan regionda əsas oyunçu kimi manevr edə bilərmi? Xosrovaşhinin iddiasına görə buna səbəb Türkiyənin Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsidir: “Bu gün Rusiya sanksiyaların hədəfindədir, amma ölkənin neftini Türkiyəyə satır, Moskvaya lazım olan bütün sanksiya malları da onun tərəfindən hazırlanıb göndərilir və bu, gizli məsələ deyil.”

Yada salaq ki, bu il oktyabr ayında da Xosrovşahi Rusiyadan narazılığını ifadə etmişdi. Uzun müddət Rusiya ilə birgə davranmaq təşviq olunurdusa, bir müddətdir ki, Rusiya ittiham olunmaqdadır: “İranın ictimai rəyində və ölkəmizin mətbuatında Qafqaz məsələlərinə dair yanlış hesablama var ki, bu da bəzi ölkələrin rolunu həddindən artıq vurğulamaqdan, Rusiya kimi ölkələrin ictimai rəy qarşısında rolunu azaltmaqdan ibarətdir. Qafqazdakı müharibədə ən böyük rol İsrail və ya Türkiyənin deyil, Rusiyanındır. Rusiyanın dəstəyi olmasaydı, heç bir müharibə başlamazdı, Rusiyanın dəstəyi olmasaydı, Azərbaycan qalib gələ bilməzdi”.
Bu dəfə o, Ermənistana bel bağlamağın yanlış olduğunu da izah edir .”Son 30 ildə biz onların yeganə iqtisadi təminatçısı olduğumuz üçün Ermənistanın bizi köhnə müttəfiqi hesab etməsi fikri yanlışdır, biz bu regionda müxtəlif oyunçularla əlaqə saxlamalı və bugünkü müharibənin yol-dəhliz müharibəsi olduğunu nəzərə almalıyıq. Cənubi Qafqaz bizim ətraf ərazilərimizlə müqayisədə çox kiçik olsa da, mühüm qlobal oyunçuların toplaşdığı məkana çevrilib və bunun da səbəbi var. Bu gün Qafqaz bir çox dəhlizlərin qovşağıdır artıq”.-deyə Xorovşahi təsbit edir.
“Şimali Qarabağ” iddiası
II Qarabağ savaşından sonra azərbaycanlılar haqda təhqiramiz ifadələri, Naxçıvanı işğal etmə çağırışları ilə gündəmə gəlmiş, İranın Əfqanıstan və İtaliyadakı keçmiş səfiri, beynəlxalq məsələlər üzrə ekspert Əbülfəzl Zəhravənd (Zührəvənd) isə “Tahlilbazaar”-a müsahibəsində anti-Azərbaycan kini püskürməyə davam edir. Azərbaycanın Qarabağı işğal etdiyini söyləyən Zəhravənd ermənilərə tövsiyə edir ki, Azərbaycanın ambisyalarına cavab olaraq Qarabağ və Şimali Qarabağa ərazi iddialarına davam etsinlər (Şimali Qarabağ ifadəsi II Qarabağ savaşına qədər erməni faşistlərinin Gəncə ətrafı rayonlara , xüsusən Goranboy, Şəmkir və Daşkəsənə iddiaları əsaslandırmaq üçün istifadə etdiyi qondarma toponimdir-C.Q)
Xosrovşahidən fərqli olaraq Zəhravənd Rusiya və İranın maraqlarının ortaqlığında danışır. Onun fikrincə, Ermənistan KTM-dən çıxıb NATO-ya meyillənməyəcək , amma bu, baş vers,ə İran və Rusiya birgə lazımi reaksiya verməlidirlər: “Ukrayna və Qəzzada müharibə prosesi İran və Rusiyanın xeyrinədir və Qərbi Asiyada düzgün və aktiv idarə olunmaqla bu təsir Qafqazda arta və sabitləşə bilər.... İndiki vəziyyətdə bir tərəfdən Ukraynadakı müharibədə qəti qələbə qazanan Moskva “Mazandaran dənizində”(Xəzər dənizinin paniranist dairələrdəki adı-C.Q) təhlükəsizlik məsələlərində hər zamankından daha təsirlidir, İran isə Qəzza zolağında baş verən proseslərdə də təsirli və güclüdür. Ona görə də balans İran və Rusiyanın xeyrinə dəyişib və bu, diqqət yetirməli olduğumuz Cənubi Qafqaza təsiri edəcək”.
Qərbi Azərbaycan icmasının fəaliyyətindən narahatlıq
Əhməd Kazemi isə Qarabağın “minillərə dayanan” erməni kimliyi haqda erməni mifolqogemlərini həqiqət kimi qələmə verir, erməni azlığının milli azlıq və aborigen xalqların hüquqlarının, mədəni irsinin, yaşayış arealının qorunması haqda beynəlxalq konvensiyalarla qorunmalı olduğunu iddia edir. Bununla əslində Qafqaz, Şərqi Anadolu və Şimali İranın “köklü fars mədəniyyəti”nə mənsubluğu haqda İran təbliğati narrativini özü də bilmədən inkar edir. Daha sonra qərbi azərbaycanlı icmasının fəaliyyətinə təhqiramiz münasibətini nümayiş etdirir, Azərbaycan Prezidentinin “yerazlar vasitəsilə” Bakı, Sumqayıt, Gəncə, Qarabağ, Şamaxıdan “qovulmuş aborigen etmənilərin” geri qayıdış tələblərini neytrallaşdırmağa çalışdığını iddia edir: ”Məsələnin stabil həlli Qarabağın yerli ermənilərinin təhlükəsiz və qeyd-şərtsiz öz yurd-yuvalarına qayıtması ilı mümkündür. Bu, Avropa ölkələri və İranın ortaq yanaşmasıdır”.

Uzun söz yığınının davamında Kazemi Azərbaycanı eyni zamanda həm “Türkiyənin protektoratı”, həm də “London-sionist cəbhəsinin agenti” elan edir, həm də iddia edir ki, öz güclü lobbisi vasitəsilə “hadisələri əksinə çevirməklə, ermənilərin Qarabağdan zorla köçürülməsi” cinayətinin nəticələrini aradan qaldırmağa çalışır. Daha sonra növbəti absurdu ortaya atır: “Qarabağda demoqrafik dəyişikliklər neo-osmanlı və sionist planıdır. Ola bilsin ki, bu məsələ 2020-ci il müharibəsi zamanı Tel-Əviv rejiminin Azərbaycanı dəstəkləməsinə cavab olaraq Bakının bir növ öhdəliyinə çevrilib. “Argentina Pataqoniyası”nda “İkinci İsrail” layihəsinin iflasa uğraması, İran sərhədində olan Qafqazın və Azərbaycan Respublikasının cəlbedici olması Qarabağda “İkinci İsrail”in həyata keçirilməsi ideyasına təkan verdi”. İddiasına ciddilik vermək üçün o, Azərbaycanda SOXNUT agentliyinin fəaliyyət göstərməsini xatırladır. Əvvəllən, hansısa ölkənin eyni zamanda həm sionist, həm anqlosakson, həm neosmançı plan icra etdiyinə inanmaq üçün fars nağılları ilə böyümək belə yetərli deyil. Bu qədər fərqli geosiyasi hədəfləri olan mərkəzləri Azərbaycanda uzlaşdırıb sonra özünə güclü lobbi yaradıbsa, o halada Tehran təşvişə düşməlidir, bir gün fars nağıllarına son qoya biləcək qüvvə tarix səhnəsində var. SOXNUT-a gəlincə, bu bütün dünyada leqal fəaliyyət göstərən, BMT ilə əməkdaşlıq edən agentlikdir, fəaliyyəti də kifayət qədər şəffafdır.
“Argentina Pantaqoniyası” iddiası da deyilənlərin cəfəng və xəstə irqçi təxəyyül məhsul olmasını bir daha ortaya qoyur. Birincisi, “Argentina Pantaqoniyası” yox, “Andiya planı” adlanır, Pataqoniyanın yalnız Argentinaya məxsus hissəsi deyil, həm də Çiliyə aid hissəsinin “Andiya” adı altında birləşdirilərək yeni İsrail yaradılacağı haqda 19-cu əsrin sonlarından Latın Amerikasının sağçı, xristian fundamentalist siyasi qüvvələri tərəfindən ortaya atılmış konspiroloji fərziyyədir. Ötən əsrin 60-70-ci illərində bu sui-qəsd nəzəriyyəsi Argentina ictimai rəyini manipulyasiya etmək, sosial problemlərin suçunu bir etnik icmanın üzərinə yıxmaq üçün istifadə edilib. İndi İran təbliğatı İsrailin Qəzzanı faktiki özünə ilhaq etməsi üçün aparılan savaşda laübalı mövqeyini, susqunluğunu, guya məzlum fələstinlilərə kömək üçün yaradılmış SEPAH-ın Qüds korpusunun bir zibilə yaramadığını ört- basdır etmək üçün Azərbaycan-İsrail əlaqələri, Qafqazda II İsrail haqda faşist Almaniyasına xas irqçi, antisemit kampaniyaya start verir.
Rəsul Səlami adlı başqa müəllif isə hesab edir ki, Azərbaycan qüvvələrinin Ermənistanın bir çox mühüm infrastrukturunu, xüsusən də ölkənin cənub rayonlarını ələ keçirməsi cəmi bir neçə saat çəkəcək ki, bu da mülki əhalinin kütləvi surətdə köçürülməsinə gətirib çıxarar. Ona görə də Ermənistan başının üstündən asılmış “Damokl qılıncı”ndan qorxur. “Artıq iki ildən çoxdur ki, iki ölkə həm ikitərəfli, həm də xarici dövlətlərin iştirakı ilə ümumi sərhədlərinin delimitasiyası məsələsini müzakirə etməyə çalışır ( khabaronline).

Və bundan “müdrik” bir nəticə hasil edir: yaxın aylarda Azərbaycanın yeni müharibəyə başlamasına mane olacaq Amerika və Qərb dövlətləri deyil, Rusiya və İrandır. Paşinyan açıq qərbçi xətt seçməsi müqabilində İranın özünü Ermənistan hamisi kimi təqdim etməsi problematikdir, məntiqlə İran KİV-lərində də Rusiya mediasında gördüyümüz xətti –Ermənistanın tənqidini izləməli idik. Amma SEPAH mediası hədəf yayındıraraq Azərbaycanı tənqid edir, İran ictimai rəyində Ermənistan əleyhinə mənfi münasibət formalaşmasının qarşısını alır.
Belə bir-birini təkzib edən, ziddiyyətli baxışların bir ortaq nöqtəsi var- boşluğu İran doldurmalı, Ermənistan İrana möhtac olmalı, Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılmamalıdır.
Bu ortaq xətti əsaslandırmaq üçün açıqlanan rəylər, baxışlar deyil, rəqəmlər də ziddiyyətlidir: Əbülfəzl Zəhravənd Qarabağdan 60 min erməninin, Əhməd Kazemi 140 min ermənin qovulduğunu iddia edir.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
İqtisadi gündəm20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
















.jpg)























