Əliyev son şərtini elan etdi: İrəvan üçün dalandan “çıxış bileti”
Bizi izləyin

Nida Təhlil

Əliyev son şərtini elan etdi: İrəvan üçün dalandan “çıxış bileti”

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılmasında son nöqtəni qoydu: bu, “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir;

Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxır və dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin edilməsini qəbul etməyən Qərb də İrəvanın mövqeyini müdafiə edir. Zəngəzur dəhlizi üzərindən geosiyasi mübarizənin baş verməsi həm regional kommunikasiyaların açılmasını, həm də Ermənistanla sülh məsələsini arxa plana atırdı. Əliyevin irəli sürdüyü “Azərbaycandan Azərbaycana prinsipi” isə Zəngəzur dəhlizi ətrafında qarşıdurma tərəflərinin hamısı üçün yeganə çıxış yoludur:

1. Qərbin istədiyi kimi, Naxçıvana gedən marşruta Rusiya nəzarət etməyəcək;

2. Ermənistan bu marşrut üzrə Çindən Avropaya daşınacaq yüklərə gömrük rüsumu tətbiq edə biləcək və öz ərazisində “dəhliz” açmayacaq, yalnız Azərbaycandan Naxçıvana daşımalara güzəşt tətbiq edəcək;

3. Azərbaycan Naxçıvana istədiyi “maneəsiz keçidi” əldə edəcək, eyni zamanda, Zəngəzur dəhlizi ətrafında geosiyasi qarşıdurmanın bölgəyə problemlər gətirməsinin qarşısı alınacaq və regional kommunikasiyalar açılacaq;

4. Rusiya 10 noyabr razılaşmasına uyğun Naxçıvana “maneəsiz keçid”ə nəzarət edə bilməsə də, regional kommunikasiyaların açılmasından qazana bilər, bununla həm də Ermənistana quru əlaqəsində Gürcüstan marşrutuna alternativ əldə edə bilər;

5. İranın Zəngəzur dəhlizi ilə bağlı “Cənubi Qafqaza çıxış imkanının itirilməsinə” dair illüziyaları aradan qalxacaq və kommunikasiyaların açılması ilə genişlənən regional bazardan iqtisadi qazanc əldə edə biləcək;

Bakı çıxış yolu təklif edir, İrəvan isə qəbul etmək niyyətində deyil. Mirzoyanın son açıqlamaları da bu yöndədir. Hərçənd, Əliyevin dediyi kimi bu baş verməsə, itirən Ermənistan olacaq, çünki bu ölkə ilə kommunikasiya açılmasa belə Azərbaycanın Avropa bazarına və əksinə çıxış imkanları var, eləcə də Naxçıvana İran marşrutu üzrə çıxa biləcək. Hətta İran marşrutunun baş tutmayacağı fors-major situasiya yaranacağı təqdirdə belə, Naxçıvanla əlaqənin ənənəvi qaydada davam etmək imkanları qalır. Əliyevin təklifi əslində təkcə Azərbaycanın maraqlarının təmin edilməsi yox, həm də Ermənistan üçün dalandan "çıxış bileti"dir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm