Nida Təhlil
Fransa Senatının qərarı: Paris İrəvanı Bakıya qarşı müharibəyə sürükləyir
Fransa Senatı Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə Cənubi Qafqazda sülhə qarşı olduğunu növbəti dəfə təsdiqlədi. Qətnamədə yer alan iddialar və çağırışların reallığı əks etdirmədiyi və Makron Administrasiyasının klassik erməni mövqeyinin təkrarı olduğu aydın görünür.
Qətnaməni iki kontekstdə dəyərləndirmək mümkündür.
Birincisi, Qarabağ üzərindən irəli sürülən iddialardır: özünü Ermənistan parlamentinin Avropa ofisi kimi aparan Fransa Senatı Qarabağdan İrəvana qayıdan erməni əhalisinin hüquqlarının qorunmasından, onların geri qayıtmasından danışır, eləcə də Azərbaycanın 20 sentyabrda erməni separatizminə qarşı anti-terror tədbirlərini pisləyir;
Burada rəsmi Parisin konkret hədəfləri var:
- Qarabağ məsələsini Bakıya qarşı qondarma ittiham vasitəsi olaraq daim gündəmdə saxlamaq;
- Ermənistan daxilində Qarabağ kartı üzərindən siyasi balansı Paşinyan hakimiyyətinin (dolayısı ilə Fransanın) xeyrinə dəyişmək, yaxud belə demək mümkünsə, bu kartı Rusiyanın əlindən almaq;
Fransa bu məqsəd naminə qondarma ittihamlara “bel bağlayır”. Qətnamədə qeyd olunan fikirlərin absurdluğu ortadadır.
1. Azərbaycan anti-terror tədbirlərini beynəlxalq hüquqda tanınmış öz ərazisində suverenliyinə qarşı təhdid olan separatçılara qarşı keçirib;
2. Qarabağdakı erməni əhalisi bölgəni könüllü şəkildə tərk edib və Azərbaycan mülki şəxslərin yenidən bölgəyə gəlməsinə, vətəndaşlıq alaraq yaşamasına şərait yaradır;
3. Bakıda həbsdə olan separatçılar Azərbaycanın qanunvericiliyini, o cümlədən, beynəlxalq hüquq pozub, eləcə də müharibə cinayətləri törədib: onların qandallanması beynəlxalq hüquqa uyğun addımdır;
Bütün bunları Fransa Senatında da bilirlər, lakin Parisin məqsədi Qarabağ və erməni əhalisi üzərindən bölgədəki siyasi oyunlarını davam etdirmək cəhdidir.
İkincisi, qətnamədə Ermənistanın silahlandırılmasına açıq mətnlə çağırış edilir. Senat iddia edir ki:
- Azərbaycan qoşunları Ermənistan ərazisindədir və çıxarılmalıdır;
- Ermənistan öz ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini hərbi yolla təmin etmək vasitələrinə malik olmalıdır;
Fransanın gerçək niyyəti bu iki məqamda gizlənir. Cənubi Qafqazda Ermənistan üzərindən güclənməyə çalışan rəsmi Parisin sərhəddə eskalasiya planına hazırlaşdığı istisna edilməməlidir. Çünki Fransanın Ermənistanda möhkəmlənməsi üçün Rusiyanın bu ölkədən sıxışdırılıb çıxarılması lazımdır və bunun yeganə yolu kimi Azərbaycanla sərhəddə mümkün hərbi toqquşmalar yaratmaq, ardınca Rusiya və KTMT-nin “təhlükəsizlik öhdəliklərini” yerinə yetirmədiyini əsas gətirərək, Fransanın önünü açmaqda görürlər. Fransanın mütəmadi olaraq, “Azərbaycan qoşunları Ermənistan ərazisindən çıxarılmalıdır”, “Azərbaycana Ermənistana hücum edəcək” kimi qondarma iddiaları irəli sürməsi də bu ssenaridən qaynaqlanır. Və istisna edilməməlidir ki, sərhəddə eskalasiya Ermənistan tərəfindən “Azərbaycan qoşunlarının çıxarılması planı” adı altında törədilə bilər. Bu mümkün planın arxasında Fransanın dayandığı sirr deyil. Fransa Senatının qətnamədə “Ermənistan öz ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini hərbi yolla təmin etmək vasitələrinə malik olmalıdır” çağırışı da məhz Ermənistanın silahlandırılmasını legitimləşdirmək məqsədi daşıyır.
Ötən ilin sonlarından etibarən Fransa Ermənistanın silahlandırılmasını açıq şəkildə həyata keçirir. İrəvan və Paris arasındas imzalanan müqaviləyə əsasən Fransa Ermənistana Ground Master 200 (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək. O cümlədən, “Bastion” texnikası artıq Ermənistana daşınıb. Fransa Senatı isə hökumətə hücum silahı olan “Sezar” artilleriya sistemlərinin verilməsi çağırışı edib. Fransa Ermənistanı üçüncü ölkələr üzərindən də silahlandırır. Misal üçün, Hindistanın Ermənistana göndərdiyi ağır texnika və hücum silahlarının arxasında Fransanın dayandığına dair ciddi məlumatlar mövcuddur.
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanın silahlandırılması haqda danışarkən, əsas məqsədin Azərbaycanı daim təzyiq altında saxlamaq olduğunu vurğuladı.
“Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum. Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq... Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”, - dövlət başçısı diqqətə çatdırıb.
Prezidenin bu sözləri Ermənistana və havadarlarına, konkret desək, birbaşa Fransaya “Azərbaycana qarşı təhlükə mənbəyi olacağı təqdirdə, dərhal məhv ediləcək” mesajı idi. Fransa Senatının qətnaməsi Parisdə reallığı anlamaq istəmədiklərini göstərir. Əslində yeni hərbi gərginlik yaradaraq, Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışan Fransa üçün görünür, Ermənistanın üzləşəcəyi vəziyyət o qədər də maraqlı deyil. Buna görə Ermənistanı poliqona çevirmək niyyətlərindən əl çəkmirlər. Bu ssenaridə ən böyük zərbə alan Ermənistanın özü olacaq.
Asif Nərimanlı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?









































