Texas üsyanı: separatizmə dəstək ABŞ üçün bumeranq effekti verir
Bizi izləyin

Nida Təhlil

Texas üsyanı: separatizmə dəstək ABŞ üçün bumeranq effekti verir

Birləşmiş Ştatlarda Ali Məhkəmənin Texas qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa edilən tikanlı məftilli divarı sökmək qərarı ABŞ sərhədlərinin dağılması ilə nəticələnə bilər. Artıq Texasın yerli hakimiyyəti mərkəzi hakimiyyətə - Vaşinqtona tabe olmaqdan imtina edib və könüllülərdən ibarət qruplar yaradaraq, Meksika sərhədinin qorunması işinə başlayıb. ABŞ-ın mərkəzi hakimiyyətinə etiraz olaraq, Texasın Birləşmiş Ştatlardan ayrılaraq, müstəqil dövlət olmasını dəstəkləyən “Texit” tərəfdarları da ayağa qalxıb. Və hazırda ABŞ üçün qorxulu olan üç ssenarisinin baş verə biləcəyi proqnozlaşdırılır:

Birinci ssenari, ABŞ-ın parçalanmasıdır: Texasın yüzillərdir davam edən “müstəqillik” arzusu yenidən gündəmdədir;

İki həftə əvvəl Texas qubernatoru ştatın Milli Qvardiyasına qeyri-qanuni miqrantların qarşısını almaq üçün Meksika ilə sərhədin bir hissəsini nəzarətə götürməyi əmr etdi. Bu əmrdən sonra vəziyyət dəyişdi, çünki Texas Milli Qvardiyası ABŞ sərhəd patrulunun əməkdaşlarını sərhəddən güc tətbiqi ilə uzaqlaşdıraraq, məftilli hasarlar quraşdırdılar. Mərkəzi hakimiyyət bununla bağlı Ali Məhkəməyə müraciət etdi və məhkəmə hasarın sökülməsi, sərhəd xidmətinin fəaliyyətinin bərpası qərarını çıxardı. Texasın yerli hakimiyyəti bu qərara tabe olmaqdan imtina edir və açıq şəkildə mərkəzi hakimiyyətə qarşı çıxır. Qubernator federal hökuməti (Ağ Ev) ştatı “işğal” etməkdə ittiham etdi və Texasın özünümüdafiə hüququnu federal qanundan üstün adlandırdı. Qubernator hətta prezident Baydenə sərt ittihamlar irəli sürdü, onu “xarici işğalın” təbliğatçısı adlandırdı. Texasın yerli hakimiyyəti ilə mərkəzi hakimiyyət arasında baş verən bu qarşıdurma fonunda ştatın müstəqilliyini müdafiə edənlər də ayağa qalxdılar. Texas Millətçi Hərəkatı (TNM) ştatın ABŞ-dan ayrılması və müstəqilliyini elan etməsi üçün xüsusi sessiyanın çağırılması tələbini irəli sürdü.

Baş verənlər Texasın müstəqillik qazanması və ABŞ-ın parçalanması ssenarisinin mümkünlüyünü göstərir. Hərçənd, parçalanma Texasla məhdudlaşmaya bilər. Çünki artıq 25 ştat Texas hakimiyyətinin Ağ Evə “üsyanını” dəstəkləyib. Bunun “domino effekti” yaradacağı gözləntisi də var, xüsusilə Kaliforniya və Florida ştatlarının “üsyan bayrağı” qaldıra biləcəyi istisna deyil. ABŞ-ın intellektual resurslarını, İT korporasiyalarını, bir sözlə Amerika cəmiyyətinin qaymaqlarını özündə cəmləşdirən Kaliforniyanın Vaşintona qarşı çıxması ehtimalı daha güclüdür.

Məşhur amerikalı sosioloq Samuel Hantinqton hələ 2000-ci illərin əvvəllərində yazırdı ki, “miqrasiya dalğaları və Amerika xalqlarının “ərimə qazanı”nın içinə düşməsinə görə XXI əsrin ortalarında Texas da daxil olmaqla ABŞ-ın bütün cənub ştatları Meksikaya, şimal ştatları isə Kanadaya birləşə bilər”.

TNM lideri Daniel Miller isə baş verənləri şərh edərkən, Texasın qarşıdakı 30 il ərzində müstəqil dövlət ola biləcəyini qeyd edib.

İkinci ssenari ABŞ-da “vətəndaş müharibəsi”nin təkrarlana biləcəyidir;

Bayden Administrasiyası çətin vəziyyətdədir, çünki Texas qubernatoru mövqeyindən geri çəkilmir və həm ictimai rəydə, həm də respublikaçılar arasında güclü dəstəyi var. Ağ Ev iki seçim arasında qalıb: ya proseslərə müdaxilə etməməlidir, hərçənd, bunun Texasın müstəqillik iştahını gücləndirəcəyinə səbəb olacağı gözləntisi var; ya da güc tətbiq edərək, Ali Məhkəmənin qərarını icra etməli və sərhəd patrulunu bərpa etməlidir, bu isə qarşıdurmanı qaçılmaz edir;

Bayden Administrasiyasının müdaxilə edəcəyi təqdirdə, silahlı toqquşmaların yaşanacağı proqnozlaşdırılır. Texasın yerli hakimiyyəti döyüşmək üçün kifayət qədər resursa malikdir.

- Texasda yerli hakimiyyətin nəzarət etdiyi güclü silah anbarları mövuddur;
- ABŞ Milli Qvardiyasının döyüşə hazırlıq baxımından ən güclü bölmələri ştatda yerləşir və bu bölmələr qubernatora tabedirlər;
- Texasa dəstək verən 25 ştatın Milli Qvardiyaları da mümkün qarşıdurmada mərkəzi hakimiyyətlə mübarizəyə qoşula bilər: söhbət ümumilikdə yaxşı silahlanmış 102 min əsgərdən gedir;


Üçüncü ssenari odur ki, Texas böhranı Baydenin sonu olacaq və o, Oval kabineti Trampa təhvil verə bilər;

Meksika ilə sərhəddə yaşananlar və Texasın müstəqillik istəyinin yenidən alovlanması Baydenin “ABŞ-a fəlakət gətirən lider” obrazını gücləndirir. Və bu, noyabrda keçiriləcək prezident seçkilərində respublikaçıların demokratlar üzərində qələbəsini qaçılmaz edə bilər. Artıq əksər respublikaçı qubernator Texas qubernatorunu dəstəkləyir. 26 respublikaçı qubernator bəyan edib ki, “Qreq Abbott özünümüdafiə addımı atır və bu, “ştatın ali qanunu onunla ziddiyyət təşkil edən istənilən federal qanunu əvəz edir” prinsipinə uyğundur”.

Prezidentliyə namizəd olmağa hazırlaşan Donald Tramp da bütün amerikalıların ABŞ xalqının təhlükəsizliyini qorumaq naminə Texas hakimiyyətini dəstəkləməyə dəvət edib. O, həmçinin, digər ştatları qeyri-qanuni mühacirələrin girişinin qarşısını alması üçün Milli Qvardiyanı Texasa göndərməli olduğunu bildirib. Baş verənlər seçki kampaniyasında miqrantlara qarşı sərt addımları irəli sürən Trampın reytinqinin yüksəlməsinə zəmin yaradır.

Texas üsyanı ABŞ üçün həm də separatizmə dəstəyin bumeranq effekt yaratması kimi qəbul edilə bilər. Bayden Administrasiyası son 4 ildə dünyanın bir çox yerində separatizmi alovlandırmaq istiqamətində işləyib. Misal üçün, Çinə qarşı Tayvanı dəstəkləyir, Türkiyəyə qarşı PKK/PYD terrorçularını gücləndirir, onların “müstəqil dövlət” planlarına yardımlar edir. Vaşinqtonun separatizmi dəstəklədiyi ölkələrdən biri də Azərbaycandır. İstər işğal dövründə, istərsə 44 günlük müharibədən sonra Qarabağdakı separatçılara əsas dəstək okeanın o tayından gəlirdi.

30 ilə yaxın davam edən işğal dövründə ABŞ hər il “minatəmizləmə” adı altında separatçılara milyonlarla dollar vəsait ayırırdı və bu vəsait işğalın davam etməsi üçün xərclənirdi. Bununla yanaşı, erməni diasporu ABŞ-da separatizmə dəstək məqsədilə açıq kampaniyalar keçirir, qondarma rejimin “nümayəndələri” heç bir maneə olmadan bu ölkəyə səfərlər edir, hətta Konqres binasına belə daxil olur, orada çıxışlar da edirdi. 44 günlük müharibədən sonra da Vaşinqton separatçılara dəstəyini yenə davam etdirib.

- Laçın sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı sərgilədikləri mövqe, Ağdam-Xankəndi marşrutunun istifadəyə verilməsini qəbul etməmələri və Xankəndidəki separatçı rejimin qorunması məqsədilə rəsmi Bakıya edilən təzyiqlər yaxın keçmişin nümunələridir;
- Ötən ilin noyabrında Konqresin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələri də bura əlavə edə bilərik;
- “907-ci düzəlişin” yenidən gündəmə gətirilməsi də erməni separatçılarının müdafəsi məqsədi daşıyırdı;


ABŞ-ın Qarabağda separatizmə dəstək verməsinə dair faktlar yetərincədir. Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində separatizmə dəstək verən ABŞ hazırda öz ərazisində analoji təhlükə ilə üzləşib. Texasda baş verənlər, ştatın mərkəzi hakimiyyətə tabe olmaması və müstəqillik iddiasını aktuallaşdırması bunun bariz nümunəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm